Türk dünyası “AI erasına” keçir - Tokayevdən tarixi təşəbbüs
Türk dünyasında iqtisadi inteqrasiya və texnoloji inkişaf istiqamətində yeni təşəbbüslər getdikcə daha konkret mərhələyə keçməkdədir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən qeyri-rəsmi sammitlərdə üzv ölkələr yalnız siyasi deyil, həm də maliyyə, innovasiya və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm mesajlar verirlər.
Bu baxımdan, Türk İnvestisiya Fondunun fəaliyyətinin gücləndirilməsi və yeni texnoloji platformaların yaradılması xüsusi aktuallıq daşıyır.
Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev tərəfindən səsləndirilən təkliflər də məhz bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
O, Türk İnvestisiya Fondunun kapitalının artırılması, süni intellekt universitetinin yaradılması və “Turkic AI” adlı birgə rəqəmsal platformanın formalaşdırılması kimi təşəbbüsləri irəli sürərək TDT məkanında innovasiya və gənclər siyasətinin yeni mərhələyə keçidini vurğulayıb.
Məsələ ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Tokayevin səsləndirdiyi təşəbbüslər göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız siyasi və mədəni əməkdaşlıq platforması kimi deyil, tədricən iqtisadi, texnoloji və innovasiya inteqrasiyası istiqamətində də hərəkət etməyə çalışır.
Xüsusilə, Türk İnvestisiya Fondunun kapitalının artırılması ideyası təşkilat daxilində ortaq maliyyə mexanizmlərinin gücləndirilməsi baxımından mühüm siqnal hesab oluna bilər.
600 milyon dollarlıq mövcud kapital böyük qlobal maliyyə institutları ilə müqayisədə hələ məhdud görünsə də, əsas məsələ məbləğin özü deyil, fondun hansı istiqamətlərə yönələcəyidir.
Əgər fond həqiqətən startapların maliyyələşdirilməsi, rəqəmsal transformasiya, logistika, enerji və nəqliyyat infrastrukturu kimi sahələrə fokuslanarsa, bu, Türk dövlətləri arasında iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verə bilər.
Xüsusilə Orta Dəhliz, rəqəmsal ticarət və regional texnoloji əməkdaşlıq fonunda belə maliyyə alətləri strateji əhəmiyyət daşıyır.
Tokayevin süni intellekt və rəqəmsal texnologiyalarla bağlı mesajları da diqqət çəkir. Bu, göstərir ki, Qazaxıstan regionun gələcək rəqabət qabiliyyətini artıq yalnız xammal iqtisadiyyatı ilə deyil, texnologiya və insan kapitalı ilə əlaqələndirməyə çalışır.
“Turkic AI” kimi ortaq platforma ideyası reallaşarsa, bu, TDT daxilində texnoloji əməkdaşlıq, məlumat mübadiləsi və innovasiya ekosisteminin formalaşmasına səbəb ola bilər. Burada əsas məsələ təşəbbüslərin praktiki mexanizmlərlə dəstəklənməsi və davamlı maliyyələşmə modelinin qurulmasıdır.
Azərbaycan baxımından da bu proses maraqlıdır. Çünki Azərbaycan həm nəqliyyat-logistika imkanları, həm də rəqəmsal transformasiya və startap ekosistemi baxımından TDT daxilində fəal iştirakçılardan biridir.
Türk İnvestisiya Fondunun güclənməsi gələcəkdə regional layihələrin maliyyələşdirilməsi, texnoloji əməkdaşlıq və qeyri-neft iqtisadiyyatının inkişafı baxımından əlavə imkanlar yarada bilər.
Ümumilikdə, Tokayevin çıxışı göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq klassik siyasi əməkdaşlıq modelindən daha çox iqtisadi inteqrasiya, texnoloji inkişaf və ortaq innovasiya məkanının formalaşdırılması istiqamətində yeni mərhələyə keçməyə çalışır.
Əgər bu təşəbbüslər real layihələr və maliyyə mexanizmləri ilə müşayiət olunarsa, gələcəkdə TDT regionda daha təsirli iqtisadi və texnoloji platformalardan birinə çevrilə bilər".
Elmir Heydərli
11:20 16.05.2026
Oxunuş sayı: 47