Azərbaycan musiqisinin portreti – Qara Qarayev
XX əsr Azərbaycan mədəniyyətinin mənəvi pasportunu hazırlayan bir neçə böyük şəxsiyyət varsa, onların ön sıralarında mütləq Qara Qarayev dayanır. O, bütöv bir düşüncə sisteminin müəllifi, Azərbaycan musiqisinin intellektual istiqamətini dəyişən sənətkar, Şərqlə Qərbin mədəni dialoqunu öz yaradıcılığında quran böyük estetik idi.
Bu gün dahi bəstəkarın anadan olmasının 104-cü ildönümüdür. Deyirlər ki, həqiqi sənətkarlar öz əsərlərində zamanın nəfəsini saxlayırlar. Qara Qarayev isə zamanın özünü musiqiyə çevirməyi bacaran nadir dahilərdən idi. O, XX əsri “molto accelerando e crescendo” – “sürətlənərək və güclənərək” ifadəsi ilə xarakterizə etmişdi. Əslində bu, həm də onun öz həyat və yaradıcılıq düsturu idi. O, daim axtaran, yenilənən, özünü təkrarlamaqdan qorxan, musiqidə hər dəfə yeni zirvələr fəth etməyə çalışan sənətkar idi.
Qara Qarayev sənətini dərk etmək üçün əvvəlcə onun yetişdiyi mühiti anlamaq lazımdır. O, Bakının çoxqatlı mədəni atmosferində formalaşmışdı. Bu şəhər bir tərəfdən Şərqin qədim ruhunu, muğam ənənəsini, klassik poeziyanı yaşadırdı, digər tərəfdən isə Avropa modernizmi, teatr mədəniyyəti, simfonik musiqi və yeni estetik cərəyanlarla nəfəs alırdı. Məhz buna görə Qarayevin yaradıcılığı bir mədəniyyətin içində qapanmadı. O, Şərqin emosional dərinliyini Qərbin intellektual sistemliliyi ilə birləşdirə bildi.
Qara Qarayev yaradıcılığında musiqi heç vaxt yalnız emosional vasitə olmayıb. Onun musiqisi həmişə müəyyən bir fikir daşıyıb. O, insanı duyğulandırmaqla yanaşı, həm də düşündürmək istəyirdi. Özünün məşhur ifadəsində dediyi kimi: “Müasirlik mənim qəlbimi daha çox həyəcanlandırır”. Bu “müasirlik” anlayışı isə yalnız zaman göstəricisi deyildi. Bu, insanın daxili böhranları, texnogen dünyanın yaratdığı tənhalıq, mənəvi gərginlik, sivilizasiyanın faciələri və insan ruhunun müqaviməti demək idi.
Qara Qarayevin sənət fəlsəfəsi məhz burada başlayırdı: sənət rahatlıq üçün deyil, insanın mənəvi oyanışı üçündür.
Onun müəllimi Üzeyir Hacıbəyov milli musiqinin əsaslarını yaratmışdısa, Qara Qarayev həmin musiqinin gələcəyini qururdu. O, folklora münasibətdə tamamilə fərqli düşünürdü. Bir çoxlarının etdiyi kimi xalq melodiyalarını sadəcə sitat gətirməyi sənət hesab etmirdi. Onun fikrincə, xalq musiqisinin mahiyyəti səthdə deyil, dərinlikdə idi. Buna görə də o deyirdi ki, xalq musiqisinin “üst qatlarını” sonsuz şəkildə təkrarlamaq onu kasıblaşdırır. Qarayev üçün millilik milli ruhu müasir musiqi dilində yaşatmaq idi.
Məhz buna görə onun əsərlərində Azərbaycan nəfəsi ən mürəkkəb modern harmoniyaların içində belə duyulur. Bu, heyrətamiz bir hadisə idi. Çünki Qarayev ilk dəfə milli musiqi düşüncəsini dünya avanqardının estetikası ilə üz-üzə gətirdi və bu qarşılaşmadan yeni bir musiqi dili yaratdı.
Qara Qarayevin yaradıcılığında ən dramatik və eyni zamanda ən cəsarətli mərhələlərdən biri onun modernizmə yönəlişi idi. XX əsrin ortalarında o, artıq SSRİ miqyasında tanınmış bəstəkar idi. Lakin əldə etdiyi şöhrət onu qane etmirdi. O anlayırdı ki, musiqi dəyişir və sənətkar zamanın arxasında qala bilməz. Los-Ancelesdə beynəlxalq musiqi festivalından qayıdandan sonra dediyi məşhur fikir bunu bir daha sübut edir: “Biz onlardan əlli il geri qalmışıq”.
Bu etiraf çox böyük cəsarət tələb edirdi. Çünki sovet musiqi mühitində avanqard texnikalara münasibət həmişə ehtiyatlı idi. Lakin Qarayev risk etdi. O, Şönberq sistemini, dodekafoniyanı, seriyalı yazı texnikasını öyrəndi. Ancaq onu kor-koranə təqlid etmədi. O, həmin texnikanı Azərbaycan düşüncəsinə uyğunlaşdırdı. Üçüncü simfoniya bunun ən parlaq nümunəsi oldu. Burada müasir texnika ilə milli intonasiya heyrətamiz şəkildə birləşir.
Onun musiqisində qəhrəmanlıq da var, fəlsəfi düşüncə də, dərin lirizm də, dramatik gərginlik də. “Don Kixot” simfonik qravürlərində insanın ideallara sədaqəti, “Leyli və Məcnun” simfonik poemasında məhəbbətin faciəvi böyüklüyü, Üçüncü simfoniyada isə atom əsrinin ziddiyyətləri və insanın daxili narahatlığı əks olunur.
Bəstəkarın yaradıcılığının mərkəzində duran “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri Azərbaycan musiqisinin dünya miqyaslı sənət hadisələrinə çevrilmiş nümunələridir. “Yeddi gözəl”də Nizami Gəncəvi poeziyasının humanist ideyaları musiqi dili ilə yeni həyat qazanır. Bu əsərdə Şərq poetikası, milli musiqi təfəkkürü və simfonik dramaturgiya heyrətamiz şəkildə birləşir. Baletin musiqisi isə obrazların daxili aləmini açır, insan ehtiraslarını, faciələrini və mənəvi yüksəlişini danışır.
“İldırımlı yollarla” isə Qara Qarayevin dünya miqyaslı humanist düşüncəsinin təcəssümüdür. Afrika xalqlarının azadlıq mübarizəsinə həsr edilən bu əsər bir daha göstərdi ki, böyük sənət milli sərhədlərlə məhdudlaşmır. Bəstəkar Afrika folklorunu dərindən öyrənmiş, həmin ritmləri və intonasiyaları öz musiqi təfəkküründən keçirərək tamamilə yeni bədii keyfiyyət yaratmışdı. Bu baletə görə onun “Lenin” mükafatına layiq görülməsi təsadüfi deyildi. Əsər dünya xoreoqrafiya sənətində yeni mərhələ hesab olunurdu.
Qara Qarayevin sənət böyüklüyü həm də ondadır ki, o, heç vaxt asan yol seçmədi. O, özünü təkrarlamaqdan qorxurdu. Hətta şöhrətinin zirvəsində belə daxili narahatlıq yaşayırdı. Çünki onun üçün sənət daim yenilənmək idi. O deyirdi: “Mən musiqidə özümü qəddarcasına sındırmışam. İndi elə zamandır ki, insan öz-özünü dəf etməyi bacarmalıdır”. Bu fikir onun yaradıcılıq xarakterini mükəmməl ifadə edir. O, sənətdə rahatlıq axtarmırdı. Hər yeni əsər onun üçün yenidən başlanğıc idi.
Qara Qarayevin şəxsiyyətində xüsusi aristokratizm vardı. Onun geniş erudisiyası, dünya ədəbiyyatına, rəssamlığa, teatra, fəlsəfəyə dərindən bələdliyi yaradıcılığında açıq hiss olunurdu. O, Servantes, Uilyam Şekspir, Ömər Xəyyam, Nazim Hikmət, Aleksandr Puşkin kimi dünya ədəbiyyatının nəhənglərinə müraciət edir, onların ideyalarını musiqidə yeni formada ifadə edirdi. İ.S.Bax, L.Bethoven, P.Çaykovski, D.Şostakoviç onun düşüncə dünyasının ayrılmaz hissəsi idi. Amma bütün bu qlobal miqyaslı təfəkkürün içində o, həmişə azərbaycanlı olaraq qalırdı.
Qara Qarayevin böyüklüyü həm də yaratdığı məktəbdə idi. O, Azərbaycan bəstəkarlıq məktəbinin ən qüdrətli müəllimlərindən biri sayılırdı. Onun yetişdirdiyi tələbələr – Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Fərəc Qarayev və başqaları sonradan Azərbaycan musiqisinin aparıcı simalarına çevrildilər. Maraqlıdır ki, onların heç biri bir-birinə bənzəmirdi. Çünki Qara Qarayev tələbələrinə öz yolunu diktə etmirdi. O deyirdi: “Mən sizə yolları açıram ki, hərəniz öz yolunuzu tapasınız”.
Onun şəxsiyyətində qəribə bir ziddiyyət vardı: zahirən sərt və tələbkar görünən bu insan daxilən son dərəcə həssas idi. Musiqi onun üçün həyatın özü idi. Evdə işləyərkən tam sükut tələb etməsi, sutkalarla royal arxasında çalışması, yeni əsər üzərində aylarla düşünməsi onun sənətə münasibətinin göstəricisi idi. Oğlu Fərəc Qarayev xatirələrində yazırdı ki, evdə hamı “Ata işləyir” cümləsini qanun kimi qəbul edirdi.
Ümummilli Lider Heydər Əliyev onun haqqında demişdi: “Qara Qarayevin adı, onun musiqisi ölməzdir”. Bu fikir böyük həqiqətdir. Çünki Qara Qarayev musiqisi yaşayan sənətdir.
Bu gün Qara Qarayev haqqında danışarkən bir həqiqət daha aydın görünür: o, sadəcə böyük bəstəkar deyil, Azərbaycan mədəniyyətinin intellektual simvoludur. Onun yaradıcılığı göstərdi ki, milli sənət yalnız öz sərhədlərində qaldıqda yox, dünya ilə dialoq qurduqda böyüyür.
Buna görə də Qara Qarayevin musiqisi bu gün də köhnəlmir. Çünki o musiqidə yalnız dövrün səsi yox, insanlığın əbədi sualları yaşayır.
10:00 13.05.2026
Oxunuş sayı: 88