Bakıda cəmi 2 manata cənnətə giriş - Nəbatat bağından reportaj
1936-cı ildə əsası qoyulan Mərkəzi Nəbatət Bağı son illərdə əsaslı yenidənqurma işlərindən sonra tamamilə yeni görkəm alıb və paytaxtın ən gözəl istirahət məkanlarından birinə çevrilib.
Bağa daxil olan kimi insanın üzünə yaşıl rənglərin və təmiz havanın təravəti vurur. Bağ çox böyük əraziyə sahibdir – burada yüzlərlə müxtəlif növ bitki, ağac, kol, çiçək qorunur və nümayiş etdirilir.
Xüsusilə, ağaclar diqqətimi daha çox çəkdi; onların gözəl, heykəl kimi formaları və sivri yarpaqları bağa tropik və ekzotik ab-hava qatır.
Bağın həyətində quş yuvaları quraşdırılıb, quşların şən səsləri hər addımda eşidilir. Bu, təkcə gözəllik deyil, həm də ekosistemin bir parçasıdır.
Bağda həmçinin arı kovaları quraşdırılıb ki, bu taxta kovalar bağın təbii mühitini daha da zənginləşdirir, tozlandırma prosesinə töhfə verir və ziyarətçilərə arıçılığın əhəmiyyətini xatırladır.
Bağda insanlar üçün əla şərait də yaradılıb; həyətdə rahat kafeler və pavilyonlar var, burada çay içib, söhbət edib dincəlmək mümkündür.
Müxtəlif növ bitkilərin düzgün şəraitdə yetişdirilməsi üçün müasir istixanalar fəaliyyət göstərir. Hər bir bitkinin yanında informativ lövhələr qoyulub – adı, mənşəyi, xüsusiyyətləri və qulluq qaydaları haqqında ətraflı məlumatı da oxumaq olar. Bu, bağı sadəcə istirahət məkanı deyil, həm də bioloji maarifləndirmə məkanına çevirir.
Bağın ən diqqətçəkən elementlərindən biri isə böyük asma körpüdir. Körpüdən şəhərin panoramik mənzərəsi açılır – Bakının müasir silueti, yaşıl massivlər və uzaqdakı dəniz mənzərəsi insanı valeh edir. Körpüdən çəkilən fotolar xüsusilə gözəl alınır.
Ümumilikdə, Mərkəzi Nəbatat Bağı insana dinclik və harmoniya bəxş edir. Şəhərin səs-küyündən uzaqlaşıb quş səsləri, yarpaqların xışıltısı və çiçək ətirləri arasında gəzmək həqiqətən ruhu sakitləşdirir.
Burada həm ailə ilə, həm də tək gəzmək üçün ideal şərait var – uşaq meydançası, labirint, göl kompleksi və geniş yaşıllıqlar hər kəsə nəsə təklif edir.
Mərkəzi Nəbatat Bağı Bakının yaşıl ağciyərləridir. Təbiətin qoynunda bir neçə saat keçirmək istəyənlər üçün əla seçimdir.
Qeyd: giriş bileti cəmi 2 manatdır, oranjereya üçün isə əlavə ödəniş olunmalıdır.
12:48 13.05.2026
Oxunuş sayı: 92