Bu gün “Sabah” və “Zirə” kubok uğrunda həlledici döyüşə çıxır - güclü hücum güclü müdafiəyə qarşı
Bu gün Azərbaycan futbolunda mövsümün ən həlledici qarşılaşmalarından biri keçiriləcək.
Azərbaycan Kubokunun finalında son illərin ən stabil və iddialı kollektivlərindən olan Sabah FK ilə Zirə FK üz-üzə gələcək. Misli Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” mövsümü “qızıl dubl”la başa vurmağa çalışacaqsa, “Zirə” isə kuboku qazanaraq həm mövsümə uğurlu yekun vurmaq, həm də avrokuboklar öncəsi ciddi mesaj vermək niyyətindədir.
“Palms Sports Arena”da keçiriləcək final görüşü yalnız kubok uğrunda mübarizə deyil, həm də iki fərqli futbol fəlsəfəsinin toqquşması kimi qiymətləndirilir.
Mövsüm boyu hücum futbolu və stabil nəticələri ilə seçilən “Sabah” heyət keyfiyyəti və oyun ritminə görə finalın əsas favoritlərindən hesab olunur. Komanda Premyer Liqada nümayiş etdirdiyi inamlı performansla rəqiblərinə üstünlük qurmağı bacarıb.
“Zirə” isə daha çox intizamlı müdafiəsi, sürətli əks-hücumları və xarakter nümayiş etdirən oyunu ilə diqqət çəkib. Final matçının gərgin keçəcəyi gözlənilir, çünki hər iki kollektiv üçün bu qarşılaşma mövsümün taleyini müəyyən edən əsas sınaqlardan biri hesab olunur.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüşə futbol ictimaiyyətində böyük maraq var və minlərlə azarkeşin tribunaları dolduracağı gözlənilir.
Matç öncəsi Crossmedia.az-la öz fikirlərini bölüşən futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Şahin Diniyev kubok oyununun şansların bərabər olduğu bir format olduğunu qeyd edib:

"Çünki bu, uzun marafon və ya çempionat deyil, yalnız bir oyundan ibarət qarşılaşmadır. Bu səbəbdən də burada daha az səhv edən komanda qalib gələcək. Hər iki tərəf səhvləri minimuma endirmək üçün ehtiyatlı və diqqətli oynamağa çalışacaq.
Zənnimcə, bu qarşılaşma azarkeşlərin çox da xoşuna gəlməyəcək bir oyun ola bilər. Nə mənada? O mənada ki, bu oyunda rəngarəng və açıq futbolun şahidi olmaya bilərik. Hər iki komanda daha çox müdafiəyə diqqət yetirəcək.
Burada iki fərqli üsluba malik komanda var: çempionatda ən məhsuldar hücuma sahib olan “Sabah” və ən etibarlı müdafiəsi ilə seçilən “Zirə”. Yəni, güclü hücumla güclü müdafiənin qarşılaşmasını görəcəyik.
Taktiki baxımdan da bəzi dəyişikliklər edilə bilər və hər iki komandanın “A” və “B” planı mövcuddur. Düşünürəm ki, buraxılacaq hər bir qol oyunun gedişatını və planları dəyişə bilər.
Bu cür kubok oyunları ümumilikdə bütün dünyada gərgin keçir. Bu mərhələyə qədər gəlib çıxan komandalar artıq bunu haqq ediblər. “Qarabağ”, “Neftçi”, “Turan” kimi komandalar da bu mərhələyə qədər yüksəliblər və bu onların layiqli olduğunu göstərir.
Ümumilikdə maraqlı oyun gözlənilir. Burada təkcə “Sabah” və “Zirə”nin taleyi deyil, həm də digər komandaların gələcək avrokubok şansları müəyyən mənada bu oyundan asılıdır. Məsələn, “Qarabağ”ın Avropa Liqasına vəsiqə qazanması üçün “Sabah”ın qalib gəlməsi vacib ola bilər. Eyni zamanda, “Turan” və “Neftçi”nin də avrokubok zonasında yer alması baxımından bu nəticə əhəmiyyət daşıyır.
Yəni bir növ, dörd komanda “Sabah”ın qələbəsinə ümid edir. Bu da futbolun maraqlı tərəflərindən biridir. Hər klub öz mənafeyini düşünür və bu tamamilə normaldır.
Sonda demək olar ki, “Sabah” artıq çempionluq uğrunda mübarizəni davam etdirir və bu mərhələdə də öz iddiasını göstərmək niyyətindədir".
Elmir Heydərli
13:10 13.05.2026
Oxunuş sayı: 49