Süni intellekti kimlər idarə edir? - alqoritmlər necə yönləndirilir?
Süni intellekt texnologiyalarının sürətlə inkişafı informasiya mühitində yeni müzakirə mövzuları yaradıb.
Xüsusilə, böyük texnoloji şirkətlərin hazırladığı AI sistemlərinin hansı məlumatları necə təqdim etdiyi, hansı mövqeləri ön plana çıxardığı artıq təkcə texnoloji deyil, həm də siyasi və ideoloji məsələ kimi dəyərləndirilir.
Bu kontekstdə İsrail və ABŞ-də süni intellekt cavablarında müəyyən ölkə ilə bağlı daha müsbət və pro-mövqeli məlumatların qabardılmasını hədəfləyən layihələrin müzakirəyə çıxması diqqət çəkir.
Belə təşəbbüslər isə bir sualı aktuallaşdırır: texnologiya nə dərəcədə yönləndirilə bilər və bu halda obyektivlik necə qorunacaq?
Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Crossmedia.az-a açıqlama verib:

“İsrailin süni intellekt sistemlərinin cavablara təsir etməsi çətindir, amma mümkünsüz də deyil; çünki bu proses müasir informasiya texnologiyalarının ən həssas nöqtəsi olan məlumatın statistik çoxluğu prinsipinə əsaslanır.
Süni intellekt sistemləri dünyanı internetdəki rəqəmsal izlər vasitəsilə tanıdığı üçün, strukturlaşdırılmış və alqoritmlər tərəfindən asan emal olunan milyonlarla "pro-İsrail" məzmunlu məqalənin şəbəkəyə yeridilməsi, bu sistemlərin obyektiv analiz qabiliyyətini dumanlandıraraq onları müəyyən edilmiş rəyi dominant həqiqət kimi qəbul etməyə sövq edə bilər.
Belə bir rəqəmsal infrastrukturun qurulması yüksək texnoloji bilik və böyük maliyyə resursları tələb etsə də, İsrailin rəsmi səviyyədə cəlb etdiyi PR mütəxəssisləri vasitəsilə süni intellektin təlim bazasını lobbiçilik maraqlarına uyğun şəkildə yenidən formalaşdırmaq tamamilə real görünür”.
Ekspert qeyd edib ki, obyektivlik baxımından isə belə bir layihənin reallaşması süni intellektin neytral bir hakim deyil, ən güclü büdcəyə sahib olan tərəfin sözçüsü funksiyasını yerinə yetirməsinə gətirib çıxarır:
“Əgər bir dövlət süni şəkildə rəqəmsal məlumat çoxluğu yaradarsa, süni intellekt alternativ və bəlkə də daha dürüst olan məlumatları statistik kənarlaşma kimi qiymətləndirib istifadəçidən gizlədə bilər.
Bu yanaşma, istifadəçilərin bilmədən öncədən hazırlanmış informasiya filtrlərinə məhkum edilməsi deməkdir ki, bu da gələcəkdə süni intellekt texnologiyalarına olan ümumi etimadı sarsıda biləcək ən ciddi etik təhdidlərdən biri hesab olunur”.
Ayhan
14:15 29.04.2026
Oxunuş sayı: 50