Pit Heqset və Pentaqon - ABŞ-də dövlət çevrilişi edə bilərmi?
ABŞ-də son illərin ən kəskin siyasi qütbləşməsi artıq təkcə Konqres və Ağ Evlə məhdudlaşmır.
Mübarizə mərkəzi Pentaqona – ölkənin hərbi institutlarına doğru yerdəyişib. Bu prosesin ən simvolik fiquru isə 2025-ci ildə ABŞ-nin müdafiə naziri təyin olunan Pete Hegsethdir.
Onun bioqrafiyası, ideoloji xətti və nazir kimi atdığı addımlar bir çox analitik tərəfindən “ordunun siyasiləşməsi” və “demokratik nəzarətin zəifləməsi” kimi qiymətləndirilir.
1980-ci ildə Minneapolisdə, Norveç kökənli mühafizəkar ailədə doğulan Hegsethin dünyagörüşü erkən yaşlarından formalaşıb.
Atasının məktəblərdə məşqçi kimi fəaliyyəti, anasının isə respublikaçı ictimai proqramlarda iştirakı onu “ənənəvi dəyərlər” və “güclü dövlət” anlayışları ilə böyüdüb.

Bu baza Princeton Universitydə daha da sərtləşdi. Siyasi elmlər üzrə təhsil aldığı illərdə o, konservativ "The Princeton Tory" qəzetinin naşiri və baş redaktoru oldu. Həmin dövrdə multikulturalizmə qarşı açıq mövqe sərgiləyir, “müxtəliflik adı altında Qərb sivilizasiyasının əsaslarının aşındırıldığı” tezisini müdafiə edirdi. Bu, onun sonrakı “mədəniyyət müharibəsi” ritorikasının ilkin siqnalları idi.
2001-ci il 11 sentyabr hücumlarından sonra orduya qoşulması Hegsethin ideoloji xəttini daha da radikallaşdırdı. Guantanamo Bay həbs düşərgəsində və İraq müharibəsində xidmət, “Bronze Star” medalı ilə təltif olunması onda “təhlükəsizlik”, “güc” və “kompromissizlik” anlayışlarını ön plana çıxardı. Quantanamoda sərt dindirmə metodlarına verdiyi dəstək isə beynəlxalq hüquqa münasibətini ortaya qoydu.
2021-ci ildə Milli Qvardiya daxilində “potensial riskli şəxs” kimi qiymətləndirilib rəsmi tədbirdən uzaqlaşdırılması isə bir çox ekspertə görə onda “sistemə qarşı revanş” hissini alovlandırdı.
Pit Heqset müdafiə naziri postuna “ordunu generallardan təmizləyəcəyəm” vədi ilə gəldi. Nazir kimi ilk aylardan bu vədin icrasına başladı.
İdeoloji sadiqlik əsasında kadr dəyişiklikləri
Heqsetin rəhbərliyi altında Pentaqonda genişmiqyaslı kadr dəyişiklikləri planlaşdırılır. Rəsmi izah “struktur islahatları” olsa da, tənqidçilər bunu açıq “siyasi loyallıq təmizləməsi” adlandırır. Son aylar generallar C.Q.Brown, Randy George kimi yüksək rütbəli hərbçilərin vəzifədən uzaqlaşdırılması bu narahatlığı gücləndirib. Məqsəd kimi orduda “şəxsi və siyasi sədaqəti” gücləndirmək göstərilir. Ənənəvi olaraq ABŞ hərbçiləri Konstitusiyaya and içir. Yeni xətt isə andın istiqamətini dəyişmək riski yaradır.

“Mədəniyyət müharibəsi” siyasətlərinin ləğvi
21 aprel 2026-cı ildə Heqset 80 ildən çox davam edən məcburi qrip peyvəndini ləğv etdi. Qərarı X platformasında “azadlığı Bİrləşmiş Qüvvələrə qaytarırıq” sözləri ilə elan etdi. O, peyvəndin hər vəziyyətdə məcburi olmasını “həddindən artıq geniş və rasional deyil” adlandırdı. Tənqidçilər isə bunu “virus-yayan maşın” yaratmaq kimi dəyərləndirdi.
Bundan başqa, Heqset FY26 büdcəsindən 50 milyard dollar vəsaiti “iqlim dəyişikliyi” və “woke proqramlar”dan çıxarıb “İranla mübarizə” və “Golden Dome” raket müdafiəsi kimi prioritetlərə yönləndirdi. Həmçinin növbədən kənar hərbçilərə bazalarda şəxsi silah gəzdirməyə icazə verdi.
Xristian simvolizmi
Heqsetin Pentaqonda müntəzəm xristian dua mərasimləri keçirməsi və dini ritorikanı önə çəkməsi ekspertlər tərəfindən ordunun dünyəvi strukturdan uzaqlaşdırılması cəhdi kimi qiymətləndirilir. Onun fikrincə, ABŞ ordusu yalnız hərbi güc deyil, həm də “Qərb sivilizasiyasının ideoloji qalasıdır”.
Heqset xəttinin güclənməsi ABŞ-də mülki-hərbi münasibətlərin 250 illik ənənəsini sarsıdır.
Mülki-hərbi balansın pozulması ilə müdafiə nazirinin Konqresin nəzarət mexanizmlərini saymaması, müfəttişlərin hesabatlarının əhəmiyyətini itirməsi sivil nəzarəti zəiflədir.

ABŞ mediasında və ekspert dairələrində artıq “demokratiyanın zəifləməsi” və hətta “potensial çevriliş” ssenariləri açıq müzakirə olunur. Bu qorxuları gücləndirən bir neçə faktor var: Heqset 2026-cı ilin aprelində Hörmüz boğazında İranla gərginlik fonunda sərt mövqe sərgilədi.
O, İranın boğaza mina döşəməsini “atəşkəsin pozulması” adlandırıb, “bununla məşğul olacağıq” dedi.
Eyni zamanda, ABŞ-nin boğazdan asılılığını kiçildərək “biz ona güvənmirik” açıqlaması verdi. Bu ritorika müttəfiqlər arasında “ABŞ qlobal təhlükəsizlikdən çəkilir?” sualını yaradır.
Ən kritik məqam: əgər Pentaqonda ideoloji “təmizlik” başa çatsa və bütün rəhbər heyət siyasi loyallığa görə seçilsə, o zaman prezidentin Konstitusiyaya zidd əmrini yerinə yetirməyəcək general qalmaya bilər. Məhz bu ssenari “demokratiyanın boğulması” adlanır.
Pit Heqset fenomeni tək bir nazirin şəxsi ambisiyası deyil. Bu, ABŞ-də dövlət institutlarının, xüsusilə də ordunun hansı istiqamətdə transformasiya oluna biləcəyinin göstəricisidir.
Əgər ideoloji sadiqlik peşəkarlığı, şəxsi loyallıq Konstitusiyaya sədaqəti üstələyərsə, bu, ABŞ ordusunun tarixində yeni və təhlükəli mərhələnin başlanğıcı olacaq.
Bu, təkcə ölkə daxilində demokratik sistem üçün deyil, NATO daxilində etimadın zəifləməsi və qlobal güc balansının pozulması baxımından da ciddi nəticələr vəd edir.
Ordu siyasiləşəndə, demokratiya susur. Heqsetin Pentaqonda apardığı “təmizlik” məhz bu sükutun ilk addımı kimi görünür.
Ayhan
16:30 25.04.2026
Oxunuş sayı: 57