Yüksək nəticələr və çətin suallar - təhsil sistemi nə deyir?
Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda iştirak etməli olan 58 mindən çox abituriyentdən bir qismi müxtəlif səbəblərlə iştirak etməyib, qayda pozuntularına görə isə bir neçə nəfər imtahandan kənarlaşdırılıb.
Nəticələrə əsasən, imtahanda yüksək nailiyyət göstərənlər arasında maksimal bal toplayan iştirakçılar da var. Belə ki, iki nəfər 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb, fərqli dildə təhsil alan məzunlar arasında isə ən yüksək göstərici 200 bal olub.
İmtahanlar və onun hazırki nəticələri ilə bağlı təhsil üzrə ekspert İlkin Bayraməli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələrinə baxanda görünür ki, bu il imtahanlar əvvəlki illərlə müqayisədə daha çətin olub. Məncə, bu, müəyyən mənada yaxşı haldır. Çünki çətin imtahan şagirdlərin bilik səviyyəsini daha aydın göstərir və həqiqətən hazır olanları ön plana çıxarır.
Xüsusilə, 3 nəfərin maksimal bal toplaması çox böyük uğurdur və bu, həqiqətən təqdirəlayiqdir. Çətin imtahanda belə nəticə göstərmək həm zəhmətin, həm də ciddi hazırlığın göstəricisidir.
Eyni zamanda düşünürəm ki, imtahanların çətin olması yaxşıdır, amma bunun da müəyyən bir balansı olmalıdır. Bəzən şagirdlər həyəcan və stres səbəbindən bildiklərini tam göstərə bilmirlər. Bu da nəticələrin hər zaman şagirdin real səviyyəsini tam əks etdirməməsinə səbəb ola bilər. Ona görə suallar həm seçici, həm də ədalətli şəkildə hazırlanmalıdır.
Ümumilikdə mənim fikrimcə, belə çətin imtahanlar təhsil sistemində daha hazırlıqlı və zəhmətkeş şagirdləri fərqləndirmək üçün vacibdir. Amma eyni zamanda digər şagirdlərin də öz biliklərini rahat şəkildə göstərə bilməsi üçün müəyyən qədər balans qorunmalıdır".
Elmir Heydərli
15:03 20.04.2026
Oxunuş sayı: 223