Tramp İranla bağlı hesablamalarında nəyi səhv etdi? - Polkovnik açıqladı
ABŞ prezidenti Donald Tramp deyib ki, Hörmüz boğazında ABŞ-yə kömək etməsə, NATO-nu çox pis gələcək gözləyir. Onun bu fikri qlobal təhlükəsizlik mühitində yeni suallar doğurur. Trampın NATO müttəfiqlərinə ünvanladığı xəbərdarlıq, artıq yalnız İranla məhdudlaşmayan, daha geniş geosiyasi gərginlik ehtimalını gündəmə gətirir.
Məsələ burasındadır ki, ABŞ-nin İranla qarşıdurma fonunda müttəfiqlərindən gözlədiyi dəstəyin zəif olması Vaşinqtonun ənənəvi təhlükəsizlik arxitekturasına yanaşmasını dəyişə bilər. Bu isə belə bir sualı aktuallaşdırır: ABŞ doğrudan da strateji maraqları naminə öz müttəfiqləri ilə qarşıdurmaya gedə bilərmi, yoxsa bu bəyanatlar sadəcə siyasi təzyiq aləti kimi istifadə olunur?
Digər tərəfdən, ABŞ kimi qlobal gücün eyni vaxtda həm İran kimi regional gücə, həm də NATO kimi hərbi-siyasi alyansa qarşı sərt mövqe sərgiləməsi nə dərəcədə realdır və bu, ümumiyyətlə mümkün ssenari hesab oluna bilərmi?

ABŞ liderinin səsləndirdiyi fikirlər barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib: "Donald Tramp hakimiyyətə gəldikdən sonra ən çox bəyanat verən ABŞ prezidentlərindən biri kimi yadda qalacaq. Bu, böyük ölçüdə onun xarakteri və siyasi üslubu ilə bağlıdır. Lakin son dövrlərdə onun xüsusilə İranla bağlı verdiyi qərarların nəticələrinin gözlənildiyi kimi olmaması artıq özünü göstərməkdədir. Bu proses fonunda Trampa qarşı olan qüvvələr güclənir, onu dəstəkləyən dairələr isə tədricən zəifləyir. Belə bir vəziyyətdə Tramp İranla qarşıdurmadan minimum itkilərlə çıxmaq üçün koalisiya formalaşdırmağa çalışır və bu yolla qarşıya qoyulan hədəflərə çatmaq niyyətindədir. Halbuki prosesin əvvəlində ABŞ bəyan edirdi ki, heç bir dəstəyə ehtiyac duymur və təkbaşına, əsasən də İsraillə birlikdə İrana qarşı məqsədlərinə nail olacaq. Lakin hadisələrin gedişi göstərdi ki, zaman uzandıqca əsas hədəflər – xüsusilə İran rejiminin dəyişdirilməsi – reallaşmadı.
İran daxilində hakimiyyət sabitliyini qoruyub saxladı və siyasi kurs dəyişmədi. Əksinə, xarici təzyiqlər fonunda cəmiyyət daxilində konsolidasiya müşahidə olunur. Trampın nəzərə almalı olduğu əsas məqamlardan biri də budur ki, İran Avropa ölkələri ilə müqayisə edilə bilməz. Burada təkcə siyasi yox, dini və ideoloji faktorlar da mühüm rol oynayır. Xarici müdaxilə şəraitində “müdafiə” anlayışı, xüsusilə islam və şəhidlik ideologiyası ilə əlaqələndirilərək cəmiyyətin səfərbərliyinə səbəb olur".
Ekspert əlavə edib ki, ABŞ üçün İran kimi uzaq coğrafiyada hərbi əməliyyatlar aparmaq ciddi logistik və maliyyə çətinlikləri yaradır: "Hərbi donanmanın və qüvvələrin uzunmüddətli təminatı böyük resurslar tələb edir və bu da daxili ictimai rəydə narazılıq yaradır. ABŞ cəmiyyətində də bu münaqişənin birbaşa milli təhlükəsizliklə əlaqəli olmadığı düşüncəsi geniş yayılıb. Məhz bu səbəbdən Tramp NATO ölkələrini prosesə cəlb etməyə çalışır. Koalisiya formatı həm məsuliyyəti bölüşdürmək, həm də əməliyyatı beynəlxalq legitimlik çərçivəsinə salmaq baxımından onun üçün daha sərfəlidir. Bununla yanaşı, bu addım Trampın siyasi mövqeyini də gücləndirə bilər. Lakin Avropa ölkələri ABŞ-nin İrana qarşı siyasətini açıq şəkildə dəstəkləməkdən çəkinir. Onlar məqsədlərin qeyri-müəyyən olduğunu əsas gətirərək ehtiyatlı mövqe nümayiş etdirirlər. Bu mövqe təkcə İran məsələsi ilə bağlı deyil. Ümumilikdə Avropa ölkələri Trampın siyasətinə, xüsusilə Ukrayna və transatlantik münasibətlər kontekstində yanaşmasına skeptik yanaşırlar. Bu səbəbdən də Trampın çağırışlarına istənilən səviyyədə dəstək verilmir. Hətta bəzi dairələr hesab edir ki, İranla bağlı proseslərin uzanması Trampın siyasi mövqeyini zəiflədə və onu daxili siyasi təzyiqlərlə üz-üzə qoya bilər. Trampın NATO ilə bağlı ritorikasında da bu narazılıq açıq görünür. O, təşkilatı ABŞ üçün əlavə yük kimi qiymətləndirir və müdafiə xərclərinin artırılmasını Avropa ölkələrindən tələb edir. Gələcəkdə ABŞ-nin NATO qarşısındakı öhdəliklərinə, xüsusilə kollektiv müdafiə prinsipinə yenidən baxılması ehtimalı da istisna olunmur. Bununla belə, Trampın NATO ölkələrinə qarşı birbaşa güc tətbiq edəcəyi real görünmür. Daha çox ehtimal olunan ssenari siyasi və iqtisadi təzyiq alətlərindən istifadədir. ABŞ öz siyasətini ona dəstək verən və verməyən ölkələrə görə diferensial şəkildə qura bilər. Bu isə gələcəkdə transatlantik münasibətlərdə yeni gərginlik mərhələsinin başlanmasına səbəb ola bilər. Ümumilikdə, Tramp hazırkı vəziyyətdə həm İranla bağlı strategiyasını yenidən formalaşdırmağa, həm də NATO daxilində real dəstək səviyyəsini test etməyə çalışır. Bu prosesin nəticələri isə yalnız Yaxın Şərqdə deyil, qlobal təhlükəsizlik arxitekturasında da ciddi dəyişikliklərə yol aça bilər".
Ayhan
14:35 18.03.2026
Oxunuş sayı: 112