Bakı və Brüssel arasında strateji dialoq: yeni layihələr və böyük investisiyalar - Rəy
Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Bakı səfəri çərçivəsində yüksək səviyyəli görüşlərdə tərəflər əməkdaşlığın əhəmiyyətini vurğuladılar.
Siyasi dialoq və praktiki əməkdaşlıq sahələri daha da dərinləşdirilir. Enerji, təhlükəsizlik və nəqliyyat sahələri prioritet olaraq qalır.
Avropa İttifaqı “Global Qapı” təşəbbüsü çərçivəsində Azərbaycana dəstəyini artırır. Bu təşəbbüs həm infrastruktur, həm də iqtisadi inkişaf məqsədilə strateji investisiyaları əhatə edir. Naxçıvan bölgəsində dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi layihəsi də bu əməkdaşlığa daxildir.
Transxəzər Nəqliyyat Dəhlizi regional və beynəlxalq nəqliyyat əlaqələrini gücləndirir. Avropa tərəfi layihələrdə investisiyaların dayanıqlığını təmin etmək üçün institusional və texniki dəstək verir. Bu yanaşma həm iqtisadi fayda, həm də qarşılıqlı inkişaf prinsipinə əsaslanır.
Azərbaycan-Aİ əməkdaşlığı təkcə iqtisadi deyil, həm də regional sülh və sabitliyi dəstəkləyir. Tərəflər gələcəkdə əməkdaşlığı daha da genişləndirməyə sadiqliklərini bildirirlər. Bu prosesdə strateji layihələr və diplomatik dialoq paralel şəkildə aparılır.
Uzunmüddətli perspektivdə əməkdaşlıq regional inteqrasiyanı gücləndirəcək. Prezident İlham Əliyevin sülh və diplomatiya təşəbbüsləri Avropa tərəfindən yüksək qiymətləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Crossmedia.az-a açıqlama verib:

"Prezident Koştanın səfəri və Azərbaycan-Aİ tərəfdaşlığında iki yeni mühüm gəlişmə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11 mart 2026-da Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdükdən sonra yaydıqları birgə bəyanatında yer almış məsələlər arasında iki mühüm məqamı xüsusi ilə fərqləndirmək lazımdır:
Birincisi, Prezidentlər Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini vurğuladılar. Bununla 2022-ci ilin iyununda enerji sahəsində yaradılmış strateji tərəfdaşlığın bütün əməkdaşlıq sahələrinə şamil edilərək ikitərəfli münasibətlərin strateji xarakterə malik olması ali səviyyədə təsdiqləndi.
Belə ki, “Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər”.
Deputat qeyd edib ki, digər mühüm bir məqam Birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının “Qlobal Qapı” (“Global Gateway”) təşəbbüsünə Azərbaycanla bağlı layihələrin daxil edilməsidir:
"Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.”
“Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması bu sahədə uzunmüddətli və perspektivli əməkdaşlığın hədəfləndiyini təsdiqləyir".
Deputat əlavə edib ki, Brüsselin “Qlobal Qapı” təşəbbüsünün mahiyyəti və Azərbaycanla bağlı layihələr Global Gateway (GG) Avropa İttifaqının strateji investisiya tərəfdaşlıqları vasitəsilə beynəlxalq fəaliyyətini gücləndirməyə yönəlmiş əsas təşəbbüsüdür:
"Global Gateway" Aİ-nin qlobal miqyasda təhlükəsiz və keyfiyyətli bağlantı və infrastruktur qurmaq üçün hazırladığı strateji plandır. Bu planın iki əsas məqsədini fərqləndirmək olar: Aİ-nin strateji maraqlarını, starteji muxtariyyətini və təhlükəsizliyini gücləndirmək, eyni zamanda tərəfdaş ölkələrdə davamlı inkişaf və iqtisadi artımı təşviq edən qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaq.
2021-ci ildə elan olunan bu strategiya Aİ-ni 2027-ci ilə qədər 300 milyard avro investisiyanın səfərbər edilməsini planlaşdırırdı.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən Global Gateway Forum zamanı verilən son açıqlamalara görə, Aİ artıq ilkin məqsədini keçərək, 2025-ci ilin oktyabrına qədər 306 milyard avro investisiyanı səfərbər edib. Strategiyanın hazırda 2027-ci ilə qədər olan dövrdə 400 milyard avroya qədər genişləndirilməsi planlaşdırılır.
Strategiyanın əsas mahiyyəti xarici investisiyaları, inkişaf əməkdaşlığını və iqtisadi diplomatiyanı vahid strateji çərçivədə birləşdirməkdir.
Bu yanaşma Aİ-nin xarici siyasətində daha geniş bir dəyişiklikdən xəbər verir – yəni sırf inkişaf yönümlü yanaşmadan investisiya alətlərinin daha geostrateji istifadəsinə keçid. Bu kontekstdə Global Gateway yalnız inkişaf aləti deyil, həm də geoiqtisadi strategiya kimi fəaliyyət göstərir.
Azərbaycanın Naxçıvan bölgəsində dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə dəstəyin, Tramp marşrutunun icrasına yönəlmiş səylərlə bağlı ölkəmizlə əməkdaşlığa sadiqliyin elan olunması da məhz bu strategiyadan qaynaqlanır.
Bu mexanizmlərlə yanaşı, ümumilikdə “Qlobal Qapı” çərçivəsində daşımaların prioritetləşdirilməsi məhz qarşılıqlı fayda (“win-win”) formulasını təsdiqləyir.
Bundan başqa, çıxışlarda Aİ-Mərkəzi Asiya əməkdaşlığı və Transxəzər nəqliyyat dəhlizinin strateji əhəmiyyəti 2025-ci ilin aprelində Səmərqənd şəhərində keçirilən ilk Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Mərkəzi Asiya Global Gateway təşəbbüsünə daxil edildi və bu çərçivədə Brüssel tərəfindən 12 milyard avro həcmində investisiya paketi elan edildi.
Bu sərmayə paket aşağıdakı sahələrdə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur: nəqliyyat əlaqələrinin inkişafı, kritik xammallar sahəsində əməkdaşlıq, rəqəmsal şəbəkələrin genişləndirilməsi, su, enerji və iqlim siyasətinin inteqrasiyası.
Ötən ilin noyabrında isə Aİ–Mərkəzi Asiya tərəfdaşlığının daha da gücləndirilməsinə və konkret nəticələrin əldə olunmasına yönəlik missiya məqsədi ilə Brüssel iki komissarını Özbəkistana ezam etdi.
Səfər çərçivəsində nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, məsuliyyətli kritik xammal tədarük zəncirlərinin qurulması, ticarət axınlarının yaxşılaşdırılması və ekoloji bərpa məsələləri əsas müzakirə predmeti olmuşdur.
Səfərin əsas diqqət mərkəzində Transxəzər Nəqliyyat Dəhlizinin inkişafının yer alması Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Avropa və dəhliz boyunca yerləşən digər ölkələrdə yerli inkişafı, rifahı və sabitliyi artırmağı hədəfləyir.
Bu nəqliyyat layihəsi Avropa ilə Mərkəzi Asiyanı, Azərbaycandan keçməklə təxminən 15 gün ərzində birləşdirəcək nəqliyyat marşrutu kimi qiymətləndirilir. Layihə region ökələri ilə yanaşı, eyni zamanda Avropanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verir.
Avropa Komissiyasının “360 dərəcə yanaşma”sı
Ekspertlər həmçinin Aİ-nin 360 dərəcə yanaşmasını vurğulayırlar. Bu yanaşma Brüsselin hər hansı məsələni çoxşaxəli və hərtərəfli siyasət vasitələri ilə həll etmə strategiyası kimi başa düşülür, yəni niyyət problemin yalnız nəticəsini aradan qaldırmaq deyil, həmçinin səbəblərini də bütün istiqamətlərdə həll etməkdir.
Bu yanaşma yalnız maliyyə investisiyalarını deyil, həm də aşağıdakı sahələrdə dəstəyi əhatə edir: institusional potensialın artırılması, bacarıqların inkişafı, tənzimləyici islahatlar.
Bu tədbirlər investisiyaların dayanıqlığını artırmaq və yerli iqtisadi ekosistemləri gücləndirmək məqsədi daşıyır.
Buna görə “Global Gateway” təşəbbüsləri çox vaxt texniki yardım, siyasi dialoqu, institusional əməkdaşlıq ilə müşayiət olunur.
Millət vəkili həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin sülh gündəliyi və əməkdaşlığın perspektivləri Bakı və Brüssel arasında əməkdaşlığı şərtləndirən mühüm amillərdən biri də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında yüksək səviyyədə dialoqun olmasıdır:
"Ötən ilin mayında Tiranda, oktyabrında isə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitləri çərçivəsində aparılan danışıqların hazırki Bakı səfərinin əsasını təşkil etmişdir. Kopenhagen Zirvə görüşündə isə Prezident Koşta Prezident Əliyevi Vaşiqntonda paraflanmış süh sazişi münasibəti ilə təbrik etmiş və sonradan X sosial şəbəkəsində etdiyi paylaşımda regiona “Qlobal Qapı” təşəbbüsü çərçivəsində gələcəklərini elan etmişdir.
Bu onu bir daha göstərir ki, Azərbaycanın işğala son qoymaqla yaratdığı yeni siyasi reallqı və yeni status əsasında qurulan əməkdaşlıq və bunların əssasında duran Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyi Avropa İttifaqı tərəfindən qəbul olunur və dəyərləndirilir.
Həmçinin ABŞ-dan sonra Avropa İttifaqının da məhz bu reallıqları özündə ehtiva edən starteji tərəfdaşlıq qurması və bunu əhəmiyyətli layihələrlə möhkəmləndirməsi məhz Prezident İlham Əliyevin çoxölçülü xarici siyasət kursunun və mükəmməl diplomatik səylərinin nəticəsidir.
Bu strateji tərəfdaşlıqların ikitərəfli münasibətlərlə yanaşı, həmçinin regional və qlobal miqyasda sülhə və sabitliyə xidmət edən layihələrin icrasını özündə ehtiva etməsi uzunmüddətli və perspektivli əməkdaşlıqdan xəbər verir".
Fidan Bayramova
15:38 14.03.2026
Oxunuş sayı: 155