Nadir Məmmədli sərt danışdı: Özəl televiziyalar dillə barmaqarası yanaşırlar
Özəl televiziyalar dilə bir qədər barmaqarası yanaşırlar. Maraqlıdır ki, həm danışanlar, həm narazılıq edənlər, həm də şikayət edənlər elə özləridir. Amma dövlət televiziyası və İctimai Televiziya dilimizin saflığını yenə də qorumağa çalışır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Azərbaycan Dilçilik İnsitutunun direktoru, professor Nadir Məmmədli deyib.
"Buna görə onlara təşəkkür düşür. Xüsusilə də şou proqramlarında dilə istənilən formada sözlər daxil edilir. Bu isə düzgün deyil. Dilə bu qədər laqeyd yanaşmaq olmaz. Cənab Prezidentin dediyi kimi, bu sözlər damla-damla yığılır və sonradan fəsadlarını görəcəyik. Ona görə də bu məsələnin qarşısını indidən almaq lazımdır. Xüsusilə televiziyanın nitqi burada böyük rol oynayır. Eyni sözləri radio üçün də demək olar. Dili bilməyən bir insanı efirə çıxarmaq, əlbəttə ki, çox pis haldır. Aparıcı dilin zənginliyini bilməlidir, öz nitqini inkişaf etdirməlidir. Dünya təcrübəsini öyrənmək lazımdır ki, Azərbaycan televiziyasının və radiosunun öz üslubu formalaşsın. Demirəm ki, özəl televiziyalarda maraqlı verilişlər yoxdur. Əlbəttə, var. Amma dilə həddindən artıq laqeyd yanaşılır. Şou proqramlarına diqqətlə baxın. Orada çıxış edən insanlar necə danışırlar? Halbuki həmin verilişlərə insanlar daha çox baxır, nəinki ciddi proqramlara. Bu isə insanların psixologiyasına birbaşa təsir edir. Xüsusilə uşaqlara pis təsir göstərir. Çünki pozucu sözlər insanın yaddaşında daha tez qalır. Ona görə də deyirlər ki, nəsihət verənə yox, onu icra edənə baxmaq lazımdır. İnsanlara nə qədər nəsihət vermək olar? Ən vacib məsələ budur ki, hər kəs özündən başlamalıdır. Heç vaxt demirəm ki, “belə etmək lazımdır”. Mən deyirəm ki, “belə etməliyik”. Yəni birinci özümü nəzarətdə saxlayıram. Dilimizdən narazılıq edənlər də çox vaxt onu pozanlar olur", - o bildirib.
Ayhan
16:34 13.03.2026
Oxunuş sayı: 44