Dollar və bazar "oynayır"- İqtisadçı perspektivləri açıqladı
Yaxın Şərqdə gərginliyin artması və münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqlar dünya maliyyə bazarlarında yenidən təhlükəsiz aktivlərə marağı artırıb. Bu fonda investorların ənənəvi olaraq etibarlı sığınacaq hesab etdiyi qızıla tələbat yüksəlib və nəticədə qiymətlərdə artım müşahidə olunmağa başlayıb. Geosiyasi risklərin artması, enerji bazarlarında qeyri-müəyyənlik və qlobal iqtisadi sistemdə yaranan gərginlik qızılın qiymət dinamikasına birbaşa təsir edən əsas amillər kimi qiymətləndirilir. Mövcud şəraitdə qızılın qiymətinin gələcək istiqaməti və bazarın stabilləşməsi üçün mümkün mexanizmlər iqtisadçılar və maliyyə ekspertləri tərəfindən geniş müzakirə olunur. Bu baxımdan bir sıra suallar aktuallıq qazanır: qızılın qiyməti daha nə qədər bahalaşa bilər və bazarda sabitliyin təmin olunması üçün hansı alternativ addımlar mümkündür?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-a açıqlama verib:

"Bir sıra digər əmtəələrdə, xüsusilə də enerji daşıyıcılarının qiymətlərində ciddi artımlar müşahidə olunsa da, qızılın qiymətində — volatilliyə baxmayaraq — hələlik kəskin artımlar nəzərə çarpmır. Əlbəttə ki, bu, daha çox müharibə faktorunun əvvəlcədən qiymətləndirilməsi ilə əlaqədardır. Amma nəzərə almaq lazımdır ki, bir sıra beynəlxalq maliyyə qurumları 2026-cı ildə bir unsiya üçün qızılın qiymətinin 6000 dollara qədər yüksələcəyinə dair proqnozları gündəmdə saxlayırlar".
Ekspert qeyd edib ki, eyni zamanda, növbəti dövrlərdə müharibənin eskalasiyası, coğrafiyasının nə qədər geniş əhatə etməsi və nə qədər müddət davam etməsi kimi amillərin də dolayısı ilə qızılın qiymətinə təsirləri olacaqdır: "Müharibə faktoru müəyyən mənada ABŞ dollarının mövqeyinin güclənməsinə gətirib çıxarır. ABŞ dollarına alışlar artıb və bu da dolların bahalaşmasını şərtləndirir. Dolayısı ilə bu proses qızılın qiymətində potensial artımları qismən məhdudlaşdırır. Amma uzunmüddətli dövrdə davam edəcəyi təqdirdə, təbii ki, qızılın qiyməti daha da arta bilər. Hazırkı şərtlər daxilində, təbii ki, digər faktorların da bazarda öz rolu var. Açıqlanan məlumatlar göstərir ki, Çin Mərkəzi Bankı ötən ay ərzində də qızıl alışlarını davam etdirib. Amma digər tərəfdən başqa məlumatlar da var ki, Polşa və Rusiya kimi ölkələr növbəti mərhələdə bazarda likvidlik çatışmazlığını kompensasiya etmək məqsədilə qızıl satışına çıxa bilərlər. Məsələn, Polşada ölkənin müdafiə qabiliyyətinin artırılması məqsədilə əlavə vəsaitin ayrılması üçün bazara qızıl təklif edilə bilər. Qeyd etmək lazımdır ki, Polşa son dövrlərdə bazarda ən ciddi alıcılardan biri idi. Amma indiki şərtlər daxilində görünən odur ki, artıq satış tərəfinə çevrilə bilər. Yəni bu amillərin və digər faktorların bazarda öz təsirləri vardır. Amma istənilən halda hazırda proqnozlaşdırma mühiti kifayət qədər mürəkkəb və çətindir və növbəti dövr üçün dəqiq proqnoz vermək asan deyil. Bununla belə, hələlik üstünlük təşkil edən əsas qənaət ondan ibarətdir ki, növbəti mərhələdə qızılın qiyməti il ərzində bir unsiya üçün 6500–6600 ABŞ dollarına qədər yüksələ bilər".
Ayhan
09:40 10.03.2026
Oxunuş sayı: 55