Azərbaycan regionda sabitlik və inkişaf nümunəsi kimi çıxış edir- Rüfət Quliyev
Son 12 il ərzində enerji sahəsində müxtəlif çətinliklər, mürəkkəb proseslər və fərqli ssenarilərlə qarşılaşılmasına baxmayaraq, Azərbaycan tərəfdaşları ilə birlikdə regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa davam edir. Dövlət başçısı bu fikirləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı səsləndirib.
Prezident qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri nəticəsində ölkənin qaz ixrac coğrafiyası genişlənməkdədir. Onun sözlərinə görə, hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən dövlət kimi dünyada birinci yerdə qərarlaşıb.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ənənəvi olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyev keçirilən bu toplantıda ötən il ərzində və son onillikdə görülmüş işlər barədə iştirakçılara geniş məlumat verdi. Təqdim olunan məlumatlar göstərir ki, bu gün Azərbaycan artıq öz təbii qazını boru kəmərləri vasitəsilə 16 ölkəyə çatdırır. Əgər əvvəlki illərlə müqayisə etsək, görərik ki, qaz ixrac edilən ölkələrin sayı 12-dən 16-ya yüksəlib. Bu isə Azərbaycanın qurduğu güclü enerji infrastrukturu və genişlənən nəqliyyat şəbəkəsi sayəsində mümkün olub. Məhz bu infrastruktur vasitəsilə qazın daşınması baxımından Azərbaycan hazırda regionda aparıcı mövqelərdən birini tutur.
Eyni zamanda Azərbaycan həm qaz ixrac edilən ölkələrin sayını artırır, həm də ixrac olunan qazın həcmini genişləndirir. Qeyd etmək lazımdır ki, son illərdə dünyada, xüsusilə də region ölkələrində baş verən xoşagəlməz proseslər – hərbi gərginliklər, iqtisadi çətinliklər və böyük dövlətlərin maraqlarının toqquşması – beynəlxalq münasibətlərdə müəyyən problemlər yaradıb. Buna baxmayaraq, Azərbaycan öz strateji xəttinə sadiq qalaraq inkişaf yolunda inamla irəliləyir və gələcəyə nikbin baxır.
Azərbaycanın qaz ixrac etdiyi 16 ölkə əsasən ölkəmizə yaxın, tərəfdaş münasibətləri qurulmuş dövlətlərdir. Bu ölkələr Azərbaycanın beynəlxalq siyasətini dəstəkləyir və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayırlar. Prezidentin çıxışlarında diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan enerji siyasətində heç vaxt neft və qazın qiymətlərini siyasi ambisiyalara və ya beynəlxalq konjonkturalara bağlamayıb. Əksinə, bu sahədə atılan addımlar daha çox iqtisadi rasional yanaşmaya və bəzən də humanitar prinsiplərə əsaslanır".
O söyləyib ki, bütün ölkələrdə yaşayan insanlar bu siyasətin mahiyyətini eyni dərəcədə dərk etməsələr də, həmin dövlətlərin siyasi elitası və cəmiyyətlərinin böyük hissəsi Azərbaycanın enerji siyasətini düzgün qiymətləndirir və onu dəstəkləyir: "Azərbaycan hansı addımı atırsa, onu ardıcıl şəkildə həyata keçirir və bu siyasətin nəticəsində qurulan münasibətlərin həm tərəfdaş ölkələrin xalqları, həm də Azərbaycan üçün müsbət nəticələr verməsinə çalışır. Ölkəmiz beynəlxalq münasibətlərdə diplomatiyanın, beynəlxalq hüququn və qarşılıqlı hörmət prinsiplərinin əsas götürülməsinə xüsusi önəm verir.
Eyni zamanda bu siyasətin əsasını milli maraqlar təşkil edir. Azərbaycanın xarici və enerji siyasətində əsas prinsip ölkənin təhlükəsizliyinin, inkişafının və gələcəyinin təmin edilməsidir. Bəzən dövlət başçısının atdığı addımlar bəzi insanlar üçün dərhal tam aydın görünməyə bilər. Lakin zaman göstərir ki, bu qərarlar Azərbaycanın uzunmüddətli inkişafı, təhlükəsizliyi və sabitliyi naminə qəbul olunur.
Bu gün Azərbaycan regionda sabitlik və inkişaf nümunəsi kimi çıxış edir. Ətraf bölgələrdə hərbi gərginliklər, iqtisadi və maliyyə böhranları müşahidə olunsa da, Azərbaycan sabitlik və təhlükəsizlik şəraitində inkişafını davam etdirir. Məhz bu səbəbdən ölkəmiz bir çox hallarda regionda “sabitlik və sülh adası” kimi qiymətləndirilir".
Mövzu ilə bağlı daha geniş təhlillərlə tanış olmaq üçün "Dünya iqtisadiyyatı və Azərbaycan" rublikasına keçid edə bilərsiniz.
Link: https://crossmedia.az/az/author/12
Elmir Heydərli
14:26 06.03.2026
Oxunuş sayı: 521