Yaşlı qadınlar ağırlıq məşqi etməsi niyə vacibdir - Ekspert açıqladı
Qadınlarda yaş artdıqca orqanizmdə baş verən dəyişikliklər əzələ kütləsinin və fiziki gücün tədricən azalmasına səbəb ola bilər. Bu proses gündəlik hərəkətlərdən tutmuş bədənin ümumi funksional imkanlarına qədər bir çox sahəyə təsir göstərdiyindən, yaşlandıqca fiziki aktivliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan güc və müqavimət məşqləri yalnız gənc yaşlarda bədən formasını qorumaq üçün deyil, sonrakı illərdə əzələlərin aktivliyini və fiziki gücü saxlamaq üçün də mühüm vasitələrdən biri hesab olunur.
Yaşlılıq dövründə hərəkətli qalmaq üçün yalnız yüngül idmanla kifayətlənmək əvəzinə, insanın fiziki imkanlarına uyğun güc məşqlərinin də proqramına daxil edilməsi vacibdir. Bununla belə, məşqin növü və intensivliyi yaşa, fiziki hazırlıq səviyyəsinə və sağlamlıq vəziyyətinə uyğun seçilməlidir. Fitnes zalında ağırlıq məşqləri ilə yanaşı, Pilates, yoqa, tennis, voleybol və digər fiziki fəaliyyətlər də əzələlərin hərəkətdə saxlanmasına kömək edə bilər.
Mövzu ilə bağlı fitnes treineri Ruslan Rüstəmzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, yaşlandıqda təkcə qadınların deyil, kişilərin də müntəzəm məşq etməsi vacibdir:
"Yaşlaşdıqca əzələ kütləsi azalır və bununla yanaşı, digər hüceyrələrin də aktivliyi aşağı düşür. Bu aktivliyi qorumaq üçün ilk növbədə yüngül məşqlərdən, daha sonra isə hipertrofiyanı dəstəkləyən ağırlıq məşqlərindən istifadə etmək mümkündür. Bütün əzələ qruplarını həftədə ən azı iki dəfə işlətmək məqsədəuyğundur. Məsələn, həftədə 4 dəfə idman zalına gedən şəxs iki dəfə “upper body”, yəni bədənin yuxarı hissəsi, iki dəfə isə “lower body”, yəni aşağı hissəsi üzrə məşq edə bilər. Digər variant isə həftədə 3 dəfə “full body” məşqləri həyata keçirməkdir. Bu zaman bədənin bütün əsas əzələ qrupları işlədilir".
Treinerin sözlərinə görə, əzələ kütləsinin azalmasının qarşısını almaq dayaq-hərəkət sisteminə də müsbət təsir göstərir: “Fiziki aktivlik ümumilikdə orqanizmin müxtəlif sistemlərinin fəaliyyətinin qorunmasına kömək edir. Məşqlərə başlamaq üçün yaşlanmağı gözləmək lazım deyil. Gənc yaşlardan etibarən müntəzəm fiziki aktivliklə məşğul olmaq, yaşlandıqda isə bunu davam etdirmək orqanizmin funksiyalarını qorumaq baxımından vacibdir”.
Ruslan Rüstəmzadə qeyd edib ki, fiziki aktivliyin forması insanın şəxsi seçimindən asılıdır: “Fitneslə yanaşı, yoqa, Pilates, voleybol, tennis və digər idman növləri də əzələlərin hərəkətdə saxlanılmasına imkan verir. Əsas məsələ insanın özünə uyğun fiziki fəaliyyət növünü seçməsi və bunu davamlı şəkildə həyata keçirməsidir”.
Zeynəb Həsən
20:00 07.10.2026
Oxunuş sayı: 51