Rusiyanın zərbələri Ukraynada yaşayış binalarını dağıtdı
Ukraynada Rusiya zərbələri nəticəsində azı 22 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiyanın gecə saatlarında ölkənin mərkəzi və şərq bölgələrinə endirdiyi zərbələr nəticəsində bir neçə şəhərdə yaşayış binaları və digər obyektlərə ziyan dəyib.
Çerniqov vilayətinin Priluki şəhərində beşmərtəbəli yaşayış binasının dağıldığı bildirilir. Zelenski hücumu Rusiya Prezidenti Vladimir Putinin 74-cü doğum gününə “hədiyyə” adlandırıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yalnız Prilukidə ölənlərin sayı 16 nəfərə çatıb. Onların arasında dörd uşaq da var. Şəhərdə 50 nəfərin yaralandığı, yaralılar arasında yeddi uşağın olduğu bildirilib. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.
Zelenski həmçinin Dnepr şəhərində Rusiya raketlərinin beş yaşayış binasına, Kremençukda isə dörd çoxmərtəbəli binaya zərər vurduğunu bildirib. Bu şəhərlərdə ümumilikdə iki nəfərin öldüyü və səkkiz nəfərin yaralandığı açıqlanıb.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyevdə iki, Aleksandriyada isə daha iki nəfər həyatını itirib.
Ukrayna Milli Polisi Kiyevdə partlamamış “İsgəndər” raketinə aid olduğu bildirilən qalıqların görüntülərini yayıb. “BBC”nin yoxlamasına əsasən, görüntülər həqiqidir və raket qalıqları çoxmərtəbəli binalarla əhatə olunan açıq əraziyə düşüb.
Zelenski Rusiyanın gecə ərzində ümumilikdə 70 raket buraxdığını bildirib. Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri raketlərin yalnız bir hissəsini zərərsizləşdirə bilib.
Zelenski hücumun əsas hədəflərindən birinin Ukraynanın enerji infrastrukturu olduğunu açıqlayıb və müttəfiqləri ölkəyə əlavə hava hücumundan müdafiə sistemləri göndərməyə çağırıb.
Rusiya tərəfi son hücumlarla bağlı hələlik açıqlama verməyib. Zelenski isə son 24 saat ərzində Ukraynanın Rusiyanın Perm, Samara və Həştərxan vilayətlərindəki hədəflərə zərbələr endirdiyini bildirib.
18:40 07.10.2026
Oxunuş sayı: 69