Ukraynanın Aİ üzvlüyü üzrə danışıqlarda yeni mərhələ başlayır
Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarının növbəti mərhələsinin keçirilməsinə qoyduğu vetonu götürüb.
Crossmedia.az xəbər verir ki, “Rapporteur” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Macarıstanın vetodan imtina etməsi Avropa İttifaqına Ukrayna və Moldova ilə danışıqların texniki mərhələsinin keçirilməsini razılaşdırmağa imkan verib. Tərəflərin gələn həftə ümumi mövqelər layihəsini təsdiqləməsi planlaşdırılır.
Avropa İttifaqının diplomatik mənbəsi “Rapporteur”a bildirib ki, Brüssel ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasına dair qərarın yekdilliklə qəbul ediləcəyinə ümid edir.
Bu qərarın Ukrayna Ali Radasının oktyabrın 12-də milli azlıqların təhsil hüquqları ilə bağlı qanun layihəsini qəbul etməsindən sonra verilməsi mümkündür.
Macarıstanın baş naziri Peter Madyar daha əvvəl diplomatlara Ukrayna və Moldovaya danışıqların növbəti iki klasterinin açılması ilə bağlı məktubların göndərilməsinə mane olmamaq barədə tapşırıq verib. Söhbət daxili bazar və rəqabətqabiliyyətlilik siyasəti üzrə danışıqlardan gedir.
Ukraynadakı macar azlığının hüquqları uzun müddətdir Budapeşt üçün əsas məsələlərdən biri olaraq qalır. Bildirilir ki, sözügedən qanun layihəsi Macarıstan rəsmilərinin mövqeyi nəzərə alınmaqla hazırlanıb.
İki danışıqlar klasterinin açılması razılaşdırılarsa, Ukraynanın Aİ-yə üzvlük prosesində yalnız iki klasterin — yaşıl gündəm, kənd təsərrüfatı və regional siyasət üzrə istiqamətlərin açılması qalacaq. Avropa Komissiyası bu məsələlər üzrə razılaşmanın ilin sonunadək əldə ediləcəyinə ümid edir.
18:28 07.10.2026
Oxunuş sayı: 64