Türkiyəli məşqçi Azərbaycanda deportasiya olunması barədə danışdı
Türkiyəli məşqçi Azərbaycanda deportasiya olunması ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, “Yeni Sabah” bu barədə məlumat yayıb.
UEFA-nın “C” kateqoriyalı məşqçi lisenziyasına sahib Ebubekir Yoğurtçu ötən mövsümün ortalarında Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Məşqçinin sözlərinə görə, mövsüm başa çatdıqdan sonra Azərbaycanda başqa bir klubun baş məşqçisi olmaq imkanı yaranıb. Lakin “Mingəçevir”də yaşayış yeri ilə bağlı sənədləşmədə yaranan problem səbəbindən ona ikiillik deportasiya tətbiq edilib.
Yoğurtçu bildirib ki, klub deportasiya qərarının aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət edib. Lakin proses başa çatana qədər yeni mövsüm başlayıb və o, Azərbaycanda başqa klubda işləyə bilməyib.
“Mingəçevir” klubunun mətbuat xidməti isə məşqçinin iddiasına aydınlıq gətirib. Klubdan bildirilib ki, Yoğurtçu Azərbaycanda qalma müddətini keçib və ölkədən çıxarkən ona cərimə tətbiq olunub.
Klubun açıqlamasına görə, Yoğurtçu müraciət etdikdən sonra məsələ Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlanılaraq həll edilib. Klub hazırda məşqçinin deportasiyası ilə bağlı problemin olmadığını bildirib.
“Mingəçevir”dən həmçinin qeyd olunub ki, deportasiyanın klubun sənədləşmədə yol verdiyi səhvdən qaynaqlandığı barədə iddia düzgün deyil.
19:51 07.10.2026
Oxunuş sayı: 59