Rusiyaya benzin əlavələri daşıyan sanksiyalı tanker üzə çıxdı
Sanksiyaya məruz qalan tanker Arktika sahilləri ilə Rusiyaya doğru hərəkət edir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” Kpler analitik şirkətinin məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, bu il Avropa İttifaqının sanksiyalarına məruz qalan “Dakar” tankeri benzin üçün əlavələrdən ibarət yük daşıyaraq Rusiyanın Arktika sahilləri boyunca hərəkət edir.
Təyinat məntəqəsini gizlədən gəmi böyük ehtimalla Rusiyaya istiqamətlənib. Bildirilir ki, bu marşrut tədarük üçün nadir hallarda istifadə olunur və tanker tətbiq edilən məhdudiyyətlər səbəbindən Avropanın iri limanlarına daxil ola bilməz.
Tankerinin marşrutu ilə bağlı diqqət çəkən məqam onun buz sinfinə malik olmamasıdır. Adətən isti mövsüm istisna olmaqla, bu istiqamətdə gücləndirilmiş gövdəyə malik gəmilər hərəkət edir.
“Dakar” sentyabrın əvvəlində yola çıxıb. Benzin əlavələrindən ibarət yük isə Çindən avqustun əvvəlində çıxan başqa tankerdən bu gəmiyə yüklənib.
Ekspertlərin qiymətləndirməsinə görə, bu tədarük Rusiyada neft məhsullarının istehsalı ilə bağlı çətinliklərin davam etdiyini göstərir. Son aylarda Asiya ölkələrindən benzin idxalının artması da vəziyyətin göstəricilərindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiya hakimiyyətinin daxili bazarda vəziyyətin yaxşılaşmasından sonra bəzi istehsalçılar üçün dizel yanacağının ixracına qoyulan qadağanın qismən aradan qaldırılmasını müzakirə etdiyi bildirilir.
19:38 07.10.2026
Oxunuş sayı: 49