Süni intellekt bizi hara aparır? - ARAŞDIRMA
Süni intellekt artıq həyatımızın demək olar ki, bütün sahələrinə daxil olub. Məlumatların emalından tibbi xidmətlərə, təhsildən iqtisadiyyata, media və yaradıcılıqdan gündəlik məişətə qədər bir çox istiqamətdə bu texnologiyadan istifadə edilir. Böyük həcmdə məlumatı saniyələr ərzində təhlil etmək, insan əməyini yüngülləşdirmək, vaxt itkisini azaltmaq və bir sıra prosesləri avtomatlaşdırmaq süni intellektin əsas üstünlükləri sırasında göstərilir.
Lakin texnologiyanın imkanları
genişləndikcə onun yaratdığı risklər də daha aydın görünməyə başlayır. Süni
intellekt yanlış məlumat yarada, saxta foto və videolar hazırlaya, insanların
səsini və görüntüsünü təqlid edə, şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı
problemlər yarada və bəzi hallarda insan əməyini əvəz edə bilər.
Ən ciddi narahatlıqlardan biri isə
süni intellektin gələcəkdə daha müstəqil qərarlar qəbul edə bilməsi ilə
bağlıdır. Əgər texnologiyanın inkişaf sürəti insanın onu idarə etmək və
nəzarətdə saxlamaq imkanlarını üstələyərsə, ortaya indidən tam
proqnozlaşdırılması mümkün olmayan problemlər çıxa bilər.
Bu səbəbdən süni intellekt artıq yalnız texnoloji yenilik kimi deyil, həm də sosial, iqtisadi, hüquqi və fəlsəfi məsələ kimi müzakirə olunur.

Crossmedia.az mövzünü ekspertlərlə araşdırıb.
“2018-ci
ildə artıq bu istiqamətin hara getdiyini görürdüm”
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini, Rəqəmsal İnkişaf və Süni İntellektin Fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov hesab edir ki, süni intellektin bugünkü inkişafını yalnız son illərdə ortaya çıxan texnologiyalarla izah etmək doğru deyil. Onun sözlərinə görə, bu prosesin elmi əsasları daha əvvəl formalaşmağa başlayıb.

Cəbrayılov bildirir ki, 2018-ci ildə
Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda süni intellekt
mövzusunda seminar keçirərkən artıq bu texnologiyanın gələcəkdə hansı
istiqamətdə inkişaf edə biləcəyi barədə müəyyən təsəvvürləri olub.
“2018-ci ildə Milli Elmlər
Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda ilk dəfə süni intellekt
mövzusunda seminar keçirəndə bu istiqamətdə kifayət qədər böyük iddiam var idi.
Seminarda institutun əməkdaşları da iştirak edirdi. Həmin vaxt, yəni 2018-ci
ildə, bu gün yaşadığımız reallıqlar haqqında artıq müəyyən təsəvvürlərim
formalaşmışdı”, – ekspert deyib.
Onun sözlərinə görə, həmin dövrdə bu
fikirlərə elmi-akademik mühitdə skeptik yanaşanlar da olub.
“Mən o zaman bu məsələlərdən
danışanda elmi-akademik mühitdə kifayət qədər skeptik yanaşma ilə qarşılaşdım.
Çoxları buna şübhə ilə baxır, çoxsaylı suallar verirdi. Bəzən elə bir fikir də
yaranırdı ki, guya mən sadəcə xəyal qururam və bunlar yalnız mənim şəxsi
düşüncələrimdir”, – Cəbrayılov bildirib.
Ekspert vurğulayıb ki, süni
intellektin inkişaf istiqamətini anlamaq üçün insan beyninin fəaliyyət
mexanizmlərinə də diqqət yetirmək lazımdır. Onun sözlərinə görə,
neyrobiologiya, neyrologiya, molekulyar biologiya, kvant fizikası və digər elmi
sahələrdə əldə olunan nəticələr gələcəkdə daha inkişaf etmiş süni intellekt
sistemlərinin yaradılması üçün zəmin formalaşdırır.
Cəbrayılov insan beynində
neyronların işləməsi və sinapslar vasitəsilə informasiya mübadiləsinin həyata
keçirilməsi ilə bağlı biliklərin müəyyən xüsusiyyətlərinin texnologiyada
modelləşdirilməsinin mümkün olduğunu düşünür.
Onun fikrincə, bu baxımdan süni
intellekt müəyyən mənada insan ağlının texnologiyada əksidir.
Süni
intellekt təhsili dəyişir: imkan, yoxsa asılılıq?
Süni intellektin ən sürətlə daxil
olduğu sahələrdən biri də təhsildir. Şagird və tələbələr mövzuların izahı,
məlumatların axtarışı, mətnlərin hazırlanması və müxtəlif tapşırıqların yerinə
yetirilməsi üçün bu texnologiyadan istifadə edə bilirlər.
Müəllimlər üçün də süni intellekt
dərs planlarının hazırlanması, testlərin yaradılması, tədris materiallarının
hazırlanması və fərdi yanaşmanın qurulması baxımından əlavə imkanlar yaradır.
Lakin digər tərəfdən, hazır cavablara həddindən artıq güvənmək şagirdin müstəqil düşünmə və araşdırma bacarığını zəiflədə bilər. Süni intellektin yanlış məlumat verməsi, akademik plagiat və şagirdin öz əvəzinə tapşırıqları texnologiyaya gördürməsi də ciddi problemlər yaradır.

Təhsil eksperti Məzahir
Məmmədli qeyd edib ki, süni intellekt artıq sürətlə inkişaf edib və inkişaf
etmiş ölkələrdə belə onun yaratdığı imkanlarla yanaşı, mümkün risklərin qarşısının
alınması barədə düşünülür:
“Azərbaycanda da süni intellekt digər sahələrdə olduğu
kimi elm və təhsil sisteminə ciddi şəkildə sirayət edib. Buna görə də əsas
məsələ süni intellektə qarşı çıxmaq deyil, onun bütün sahələrdə, xüsusilə də
təhsildə düzgün və məqsədyönlü tətbiqini təmin etməkdir.
Təbii ki, süni intellektin faydalı tərəfləri ilə yanaşı,
müəyyən zərərli təsirləri də mövcuddur. Xüsusilə ümumtəhsil məktəblərində
şagirdlərin müxtəlif mətnlərin hazırlanması, tapşırıqların yerinə yetirilməsi
və sualların cavablandırılması zamanı süni intellektdən həddindən artıq istifadə
etməsi narahatlıq doğurur. Şagird hər hansı məsələni özü araşdırmaq, düşünmək
və nəticəyə gəlmək əvəzinə, sadəcə sualı süni intellektə ünvanlayaraq hazır
cavab əldə edir. Bu isə zamanla onların düşünmə və yaradıcılıq qabiliyyətlərinə
mənfi təsir göstərə bilər.
Bu baxımdan ümumtəhsil məktəblərində süni intellektdən
istifadəyə dair müəyyən istiqamətlərin müəyyənləşdirilməsinə ehtiyac var.
UNESCO-nun yanaşmalarında da süni intellektin məktəblərdə nəzarətsiz şəkildə
deyil, müəllim və ya mütəxəssis vasitəsilə düzgün istiqamətləndirilməsi
məsələsi önə çəkilir. Şagirdlərə süni intellektdən necə istifadə etməyin, onun
verdiyi məlumatları necə yoxlamağın və hazır cavabı olduğu kimi qəbul etməməyin
yolları öyrədilməlidir.
Digər mühüm məsələ isə ondan ibarətdir ki, biz süni
intellektin gələcək məlumat bazasının formalaşmasına da müəyyən mənada təsir
göstəririk. Ona düzgün suallar vermək, düzgün məlumat təqdim etmək və ondan
məsuliyyətli istifadə etmək gələcəkdə bu texnologiyanın inkişafına təsir edən
amillərdəndir. Buna görə də məktəblərdə şagirdlərin süni intellektdən əldə
etdiyi hazır cavablarla kifayətlənməsinə yol vermək olmaz. Çünki süni intellekt
hər zaman doğru və etibarlı məlumat təqdim etmir.
Bundan başqa, süni intellektin uşaqların sosiallaşmasına
təsiri də ayrıca diqqət tələb edir. Bəzi hallarda şagirdlər suallarını
müəllimə, valideynə və ya digər insanlara ünvanlamaq əvəzinə süni intellektlə
ünsiyyət qurmağa üstünlük verirlər. Bu isə gələcəkdə sosial münasibətlər və
canlı ünsiyyət baxımından müəyyən problemlərə səbəb ola bilər.
Ona görə də ümumtəhsil məktəblərində bu istiqamətdə
xüsusi maarifləndirmə işlərinin aparılması vacibdir. Bu sahədə yaxşı hazırlıqlı
mütəxəssislər cəlb olunmalı, şagirdlərlə mütəmadi iş aparılmalıdır. Zərurət
yaranarsa, süni intellektlə bağlı mövzular tədris proqramlarına daxil edilməli
və ya ən azı həftədə bir dəfə şagirdlərə bu sahə üzrə mütəxəssis rəyi və düzgün
istiqamətləndirici məlumatlar çatdırılmalıdır.
Burada milli dəyərlər məsələsi də xüsusi əhəmiyyət
daşıyır. Süni intellektdən həddindən artıq asılılıq gələcək nəsillərin
Azərbaycan ədəbiyyatını, tarixini, coğrafiyasını və milli-mənəvi dəyərlərini
mənimsəməsinə müəyyən problemlər yarada bilər. Çünki süni intellekt nə qədər
inkişaf etsə də, Azərbaycan cəmiyyətinin milli mentalitetini, tarixini və
ədəbiyyatını müəllim və canlı təhsil mühiti qədər dərindən və kontekstual
şəkildə çatdırmaya bilər.
Süni intellektin müəllimlərin funksiyalarının müəyyən hissəsini artıq yerinə yetirməyə başladığını da müşahidə edirik. Proqramların hazırlanması, yazı işləri, cədvəllərin tərtib olunması və digər texniki məsələlərdə süni intellekt müəllimlər üçün köməkçi vasitəyə çevrilir. Bu baxımdan onun təhsil sistemində müəyyən funksiyaları öz üzərinə götürməsi artıq reallıqdır.

Lakin süni intellektin müəllimi tamamilə əvəz etməsi məsələsinə gəldikdə, bunun ciddi nəticələr doğura biləcəyini düşünürəm. Müəllim yalnız məlumat ötürən şəxs deyil. O, şagirdin düşüncə tərzini, davranışını, sosiallaşmasını və fərdi inkişafını izləyən, ona istiqamət verən insandır. Bu funksiyaların tam şəkildə süni intellektə ötürülməsi düzgün yanaşma olmaz.
Biz süni intellektdən tamamilə imtina edə bilməyəcəyik və buna ehtiyac da
yoxdur. Əsas məsələ onun düzgün istiqamətləndirilməsidir. Bunun üçün məktəblər,
müəllimlər, valideynlər, mütəxəssislər və bütövlükdə cəmiyyət birlikdə
fəaliyyət göstərməlidir. Süni intellekt insanın yerinə düşünən vasitəyə deyil,
insanın düşünmə imkanlarını genişləndirən texnologiyaya çevrilməlidir”.
“Mən bunu insan ağlının texnologiyada əksi
kimi görürəm”
Məhəmməd Cəbrayılov süni intellektin
meydana çıxmasını insanın öz yaddaşını və düşüncəsini bədənindən kənarda
saxlamaq cəhdlərinin davamı kimi qiymətləndirir.
Ekspert qeyd edir ki, yazının və
kitabın meydana gəlməsi ilə insan öz yaddaşının müəyyən hissəsini fiziki olaraq
bədənindən kənarda saxlamağa başlayıb.
“Mən süni intellekti də müəyyən
mənada bunun davamı kimi görürəm. Mən bunu ‘güzgü effekti’ adlandırardım. Yəni
süni intellekt müəyyən mənada insan ağlının texnologiyada əksidir. Sadəcə bu
əks daha geniş və daha mürəkkəb formada ortaya çıxır”, – Cəbrayılov deyib.
O bildirib ki, bu istiqamətdə səkkiz
ildir üzərində işlədiyi “Neo Sapiens: Süni İntellekt və Bəşəriyyətin Gələcəyi”
adlı kitabı da artıq çapa hazırdır.
Ekspertin sözlərinə görə, kitabda
süni intellektin mahiyyəti, insan beyninin və ağlının təkamülü, texnologiyanın
inkişafı və gələcək bəşəriyyətlə bağlı mümkün ssenarilər araşdırılır.
Cəbrayılovun fikrincə, əsas məsələ
yalnız texnologiyanın inkişafı deyil, onun insan və cəmiyyətə necə təsir etməsidir.
“Çünki texnologiyadan yalnız bir
vasitə kimi istifadə etmirik. Eyni zamanda texnologiyanın özü də bizi
dəyişdirir. O, sosial mühitimizi, insanlar arasındakı münasibətləri və hətta
insan olaraq sosial zəkamızı dəyişdirir”, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, 2018-ci ildə
daha uzaq gələcək üçün nəzərdə tutulan bəzi texnoloji dəyişikliklər
gözlənildiyindən daha sürətli şəkildə reallaşmağa başlayıb.
Ekspert hesab edir ki, süni
intellektin gələcəkdə daha müstəqil qərarvermə imkanlarına sahib olması yeni
suallar və ciddi problemlər yarada bilər. Bu səbəbdən əsas məsələ
texnologiyanın qarşısını almaqdan daha çox onun yaratdığı riskləri anlamaq və
idarə etməkdir.
Süni
intellekt iqtisadiyyatı və əmək bazarını necə dəyişəcək?
Süni intellektin təsiri təhsil və
texnologiya ilə məhdudlaşmır. İqtisadiyyat da bu dəyişikliklərin əsas
mərkəzlərindən biridir.
Şirkətlər süni intellektdən
məlumatların təhlili, müştəri xidmətləri, sənədlərin hazırlanması, reklam,
marketinq, maliyyə analitikası və digər proseslərdə istifadə etməklə həm vaxta,
həm də xərclərə qənaət edə bilirlər.
Amma burada ciddi bir paradoks
yaranır. Şirkət üçün məhsuldarlığı artıran texnologiya bəzi işçilər üçün iş
yerinin itirilməsi təhlükəsi yarada bilər.
Xüsusilə təkrarlanan və
standartlaşdırılmış işlərin avtomatlaşdırılması əmək bazarında dəyişikliklərə
səbəb ola bilər. Digər tərəfdən, süni intellekt yeni peşələrin və yeni
ixtisasların yaranmasına da şərait yaradır.
Beləliklə, əsas məsələ süni intellektin iş yerlərini tamamilə məhv edib-etməyəcəyi deyil. Əsas sual hansı peşələrin dəyişəcəyi, hansı bacarıqlara ehtiyacın artacağı və insanların bu transformasiyaya nə dərəcədə hazır olmasıdır.

İqtisadçı Xalid Kərimli isə deyib ki, ümumiyyətlə, süni intellektə yalnız “iş yerlərini bağlayacaq, insanları işsiz qoyacaq” prizmasından yanaşmaq düzgün deyil:
“Tarix boyu texnologiyalar müəyyən peşələri və iş
proseslərini dəyişib, eyni zamanda yeni peşələrin yaranmasına səbəb olub.
Məsələn, traktor insanların əməyini xeyli asanlaşdırdı.
Əvvəllər tarlada on nəfərin gün ərzində kotanla gördüyü işi traktor daha
sürətli və daha səmərəli şəkildə yerinə yetirməyə başladı. Bununla kotanla
işləyən əməyə ehtiyac azaldı, amma traktor idarə edən yeni peşəyə tələbat
yarandı. Nəticədə məhsuldarlıq artdı. Avtomatlaşdırma prosesində də eyni
vəziyyəti müşahidə edirik. Bir çox rutin və mənasız işlər avtomatlaşdırılıb,
insanların vaxtı daha məhsuldar fəaliyyətlərə yönəlib.
Süni intellektin də sürətlə tətbiq olunması vacibdir. Çünki bu texnologiya əmək məhsuldarlığını artıracaq, insanların həyatını müəyyən mənada asanlaşdıracaq və yeni iqtisadi imkanlar yaradacaq. Bəli, bəzi işlər və peşələr zamanla aradan qalxa bilər. Amma onların əvəzində yeni peşələr və yeni fəaliyyət istiqamətləri yaranacaq.

Məsələn, biznes sahəsində mühasibatlıqda hesabatların
hazırlanması kimi rutin proseslərin böyük hissəsini süni intellekt həyata
keçirə bilər. Əvvəllər rəqəmlərin müxtəlif mənbələrdən toplanması, hesablanması
və hesabat formasına salınması üçün sərf olunan vaxt azalacaq. Bunun əvəzində
mühasiblərdən daha çox analitik düşüncə, məlumatların təhlili və qərarverməyə
dəstək verən biliklər tələb olunacaq.
Marketinq sahəsində də oxşar proses baş verəcək. Sadəcə
kontent hazırlamaq, məlumatları müəyyən formata salmaq və digər rutin işlər
getdikcə süni intellekt tərəfindən həyata keçirilə bilər. Lakin marketoloqun
özü üçün strategiya qurmaq, məlumatları təhlil etmək, auditoriyanı anlamaq və
düzgün qərarlar qəbul etmək kimi bacarıqlar daha vacib olacaq. Yəni marketoloq
peşəsi sıradan çıxmayacaq, sadəcə həmin peşədə görülən rutin işlərin böyük
hissəsi dəyişəcək.
Əsasən sadə, təkrarlanan, qaydalara əsaslanan və yüksək
əlavə dəyər yaratmayan işlərin süni intellekt və robotlar tərəfindən
əvəzlənməsi daha real görünür.
Məsələn, logistika və anbar sahəsində robotların
istifadəsi artıq genişlənməyə başlayıb. ABŞ-də, o cümlədən Amazon-un
anbarlarında robotlaşdırılmış sistemlərdən istifadə olunur. Anbarda işçinin
bütün günü eyni məhsulu götürüb başqa yerə yerləşdirməsi və ya müəyyən rutin
əməliyyatları təkrar-təkrar həyata keçirməsi əvəzinə bu işləri robotlar görə
bilər.
İstehsalatda avtomatlaşdırma da daha geniş yayılacaq.
Təkrarlanan fiziki əməyə ehtiyac azalacaq, amma bu, insanların həmin sahədən
tamamilə çıxması demək deyil. Əksinə, robotların idarə olunması, texniki
sazlanması, onlara nəzarət və avtomatlaşdırılmış sistemlərin işlək vəziyyətdə
saxlanılması üçün yeni mütəxəssislərə ehtiyac yaranacaq.
Bununla yanaşı, yeni ixtisaslara tələbat da ciddi
şəkildə artacaq. Data analitikləri, süni intellekt mühəndisləri,
kibertəhlükəsizlik mütəxəssisləri, proqram təminatı üzrə mütəxəssislər və süni
intellektlə işləmə bacarığı olan digər İT mütəxəssisləri əmək bazarında daha
çox tələb görəcəklər. Prompt engineering kimi yeni istiqamətlər də inkişaf edə
bilər.
Digər tərəfdən, yaradıcılıq, insanlarla ünsiyyət,
kommunikasiya, empatiya və mürəkkəb qərarvermə tələb edən peşələrdə süni
intellektdən geniş istifadə olunacaq, lakin bu sahələrin tamamilə sıradan
çıxması o qədər də real görünmür. Burada süni intellekt daha çox insanın işini
tamamlayan və onun məhsuldarlığını artıran vasitəyə çevriləcək.
Azərbaycana gəldikdə isə, ölkənin bu sahədə böyük
potensialı var. Xüsusilə öyrənməyə və yeni texnologiyalara uyğunlaşmağa hazır
olan gənc nəsil mühüm üstünlükdür. Lakin süni intellektin istehsalatda və
idarəetmədə tətbiqi hələ ilkin mərhələdədir. İnfrastrukturumuz, kadr
potensialımız və bu istiqamətdə strategiyalarımız hələ formalaşma
mərhələsindədir.
Yəni hazırda tam hazır olduğumuzu demək çətindir. Amma
əsas məsələ bundan sonra sürətlə hazırlaşmaqdır. Çünki süni intellektə keçidi
gecikdirmək əmək məhsuldarlığı və rəqabət qabiliyyəti baxımından ölkə üçün
əlavə risklər yarada bilər.
Son dövrlərdə proqram təminatı, İT, süni intellekt və
rəqəmsal idarəetmə istiqamətlərində tələbatın artdığını müşahidə edirik. Yeni
iş yerlərinin də daha çox bu sahələrdə formalaşacağı gözlənilir. Bu
istiqamətlərdə əməkhaqqının ölkə üzrə orta göstəricidən yüksək olması da
diqqətçəkən məqamdır.
Əməkhaqqı və məşğulluqla bağlı dəqiq rəqəmləri Dövlət
Statistika Komitəsinin məlumatları əsasında müəyyənləşdirmək mümkündür.
Ümumilikdə isə ərazi baxımından Bakıda orta əməkhaqqı regionlarla müqayisədə
daha yüksəkdir və fərq bəzi göstəricilərdə təxminən 10-15 faiz təşkil edir.
Əsas məsələ süni intellektdən qorxmaq deyil. Biz bu texnologiyanın hansı işləri əvəz edəcəyindən daha çox, hansı yeni imkanları yaradacağını düşünməliyik. Əmək bazarında dəyişiklik qaçılmazdır və bu dəyişikliklərə əvvəlcədən hazırlaşan ölkələr və insanlar gələcəyin iqtisadiyyatında daha üstün mövqedə olacaqlar”.
Qarşısını
almaq, yoxsa idarə etmək?
Süni intellektin inkişafının
tamamilə dayandırılması artıq real görünən ssenari deyil. Çünki bu texnologiya
dövlətlər, şirkətlər, elm və biznes üçün böyük imkanlar yaradır. Məhz buna görə
əsas müzakirə süni intellektin olub-olmaması deyil, onun hansı qaydalarla
inkişaf etdirilməsi və istifadə olunması ətrafında aparılmalıdır.
Saxta məlumatlardan tutmuş əmək
bazarına, təhsildən şəxsi məlumatların qorunmasına qədər çoxsaylı problemlər
göstərir ki, texnologiyanın inkişaf sürəti ilə onun yaratdığı sosial nəticələr
arasında balans yaratmaq lazımdır.
Bu gün süni intellekt insana kömək
edən vasitədir. Amma sabah onun imkanlarının hansı səviyyəyə çatacağını dəqiq
proqnozlaşdırmaq çətindir. Məhz buna görə həyəcan təbili texnologiyanın özünə
görə deyil, onun yaratdığı imkanların hansı məqsədlərlə və hansı nəzarət
mexanizmləri altında istifadə olunacağına görə çalınır.
İnsan süni intellekti yaradır, lakin
indi qarşıda daha böyük sual dayanır: yaratdığı texnologiyanı nə qədər
müddət və hansı səviyyədə özü idarə edə biləcək?
Qeyd edək ki, Cross Media Təhlil Mərkəzinin analitiki, BDU-nun dosenti Pərviz Kaziminin süni intellektin Azərbaycanda institutlaşdırılması problem ilə bağlı müsahibəsində də bir çox məsələ izah olunub.
Məhəbbət Tərlanoğlu
19:00 07.10.2026
Oxunuş sayı: 423