İrandan Azərbaycanla bağlı xain addım: Rəsmi Bakı hərəkətə keçəcək? - MÜSAHİBƏ
Yaxın Şərqdə gərginliyin sürətlə artdığı bir dövrdə regionda baş verən hərbi əməliyyatların təsiri artıq qonşu ölkələrdə də hiss olunmağa başlayır. 5 mart 2026-cı il tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran ərazisindən buraxıldığı ehtimal edilən dron zərbələrinin hədəfinə çevrilməsi bu gərginliyin təhlükəli mərhələyə keçdiyini göstərən hadisələrdən biri kimi qiymətləndirilir. Mülki infrastrukturun – hava limanı terminalının və məktəb yaxınlığının zərər görməsi isə məsələnin yalnız hərbi deyil, həm də humanitar və beynəlxalq hüquq aspektlərini gündəmə gətirir. Hadisə regionda təhlükəsizlik balansı, dövlətlərin suverenliyi və qarşılıqlı məsuliyyəti ilə bağlı yeni müzakirələrə səbəb olub.
Azərbaycan rəhbərliyi isə bu hadisənin fonunda ölkənin mövqeyini bir daha açıq şəkildə ifadə edib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı vurğulayıb ki, Azərbaycan ərazisi heç vaxt üçüncü dövlətlərə qarşı istifadə edilməyib və bundan sonra da edilməyəcək. Onun sözlərinə görə, bu mövqe İran tərəfinə dəfələrlə, xüsusilə ötən il iki ölkə arasında baş vermiş gərginlik və qarşılıqlı ittihamlar fonunda açıq şəkildə çatdırılıb. Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq İranın bəzi rəsmi media resursları uzun müddət Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və ölkəmizə qarşı qarayaxma kampaniyası aparıb.
Prezident çıxışında Azərbaycanın regionda gərginliyin artmasında maraqlı olmadığını, lakin öz suverenliyini və təhlükəsizliyini qətiyyətlə qorumağa hazır olduğunu da bildirib. O vurğulayıb ki, Azərbaycan qonşularına qarşı düşmənçilik siyasəti yürütmür, lakin ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə yönəlmiş hər hansı addım cavabsız qalmayacaq. Bu hadisələr fonunda Azərbaycanın diplomatik reaksiyası, İranın regiondakı davranış motivləri və mümkün geosiyasi nəticələr geniş müzakirə mövzusuna çevrilib. Məhz bu suallar ətrafında mövcud vəziyyəti daha dərindən təhlil etmək üçün məsələyə ekspert baxışı təqdim olunur.
— İranın Naxçıvana dron zərbəsi endirməsi sizcə qəsdli addım ola bilərmi?
— Bu hadisəni qiymətləndirərkən bir neçə mümkün ssenarini nəzərdən keçirmək lazımdır. Birincisi, İran hazırda çox geniş miqyaslı hərbi əməliyyatlar həyata keçirir və minlərlə dron və raket buraxır. Belə bir şəraitdə texniki nasazlıq və ya hədəfin itirilməsi ehtimalı nəzəri baxımdan mövcuddur. Lakin hadisənin baş verdiyi məkan – Naxçıvan Muxtar Respublikasının hava limanı və məktəb yaxınlığı – məsələnin sadəcə texniki səhv kimi izah olunmasını çətinləşdirir. Digər tərəfdən, bu hadisə daha ciddi siyasi məntiq çərçivəsində də qiymətləndirilə bilər. İran regionda yaranmış gərginlik fonunda diqqəti yayındırmaq və ya münaqişə coğrafiyasını genişləndirmək məqsədilə qəsdən belə bir addım atmış ola bilər. Hər iki halda nəticə dəyişmir: Azərbaycanın suveren ərazisi atəşə tutulub və mülki infrastruktur zərər görüb. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

— Azərbaycan dövləti bu vəziyyətdə necə cavab verməlidir?
— Azərbaycanın reaksiyası həm hüquqi, həm də diplomatik müstəvidə ardıcıl və prinsipial olmalıdır. İlk növbədə, bu hadisə beynəlxalq təşkilatların gündəminə çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və digər beynəlxalq qurumlar Azərbaycanın suverenliyinə qarşı bu hücumu açıq şəkildə pisləməlidirlər. Eyni zamanda, Azərbaycan öz təhlükəsizlik tədbirlərini gücləndirməli, hava məkanının qorunması üçün texniki və hərbi imkanlarını daha da möhkəmləndirməlidir. Diplomatik kanallar vasitəsilə İran tərəfinə aydın mesaj verilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi müzakirə mövzusu deyil. Bununla yanaşı, Azərbaycan indiyədək nümayiş etdirdiyi təmkinli və balanslı xarici siyasəti qoruyaraq regionda daha böyük eskalasiyanın qarşısını almağa çalışmalıdır.
— Azərbaycan Prezidenti İlham Əliyev bu gün Təhlükəsizlik Şurasının ickasında sözügedən məsələ ilə bağlı ciddi mesajlar verdi. Dövlət başçısının bu ismarışları necə qiymətləndirilməlidir?
— Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məlum hadisələrdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirmiş və baş vermiş hadisə ilə bağlı öz mövqeyini ifadə etmişdir. Həqiqətən də, baş verən hadisə Azərbaycan ictimaiyyətini dərin məyus etmişdir. Çünki Azərbaycan dövləti hər zaman öz hava məkanının İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsinə imkan verməmişdir. Ölkəmiz İranla münasibətlərdə daim qonşuluq və dostluq prinsiplərinə sadiq qalmışdır. İran tərəfindən dəfələrlə Azərbaycana qarşı müxtəlif təxribatlar və terror xarakterli hadisələr törədilsə də, Azərbaycan tərəfi təmkin nümayiş etdirərək bu halları bağışlamağa və İranın bu cür addımları bir daha təkrarlamayacağına ümid etməyə üstünlük vermişdir.
Xüsusilə 2025-ci ildə də Azərbaycan İranla münasibətlərdə məhz bu dostluq və qonşuluq prinsipini qoruyub saxlamışdır. Həmçinin 28 fevral tarixindən başlayan müharibə dövründə də Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoymuş, İran tərəfinə sülhün əldə olunması istiqamətində mümkün dəstəyini göstərmiş və yenə də qonşuluq münasibətlərinə sadiq qaldığını nümayiş etdirmişdir.
Cənab Prezident də çıxışında qeyd etmişdir ki, İran vətəndaşlarının təxliyəsi ilə bağlı müraciətlər əsasında Azərbaycan bu məsələdə də öz humanitar dəstəyini göstərmişdir. Bununla yanaşı, İranın dini liderinin öldürülməsi ilə əlaqədar olaraq cənab Prezident İran Prezidenti ilə telefon danışığı apararaq başsağlığı vermiş, eyni zamanda İran səfirliyini ziyarət edərək öz hüznünü ifadə etmişdir. Bütün bu xoş niyyətli addımlara və səmimi münasibətə baxmayaraq, İran tərəfinin həyata keçirdiyi bu təxribat xarakterli terror hadisəsi son dərəcə məyusedicidir. Bu məsələ birbaşa İran tərəfindən izah olunmalı olan ciddi bir hadisədir. Artıq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi açıqlama vermiş, Müdafiə Nazirliyi də öz mövqeyini ifadə etmişdir. Azərbaycanın beynəlxalq hüquqa əsasən cavab vermək haqqı və hüququ vardır. Bu baxımdan İran tərəfi ən qısa zamanda Azərbaycan dövlətindən və Azərbaycan xalqından üzr istəməli, bu cinayəti törədən şəxslər isə mütləq şəkildə məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır.
— İranın regionda sağa-sola hücumlar həyata keçirməsi nədən xəbər verir? Bu, müəyyən mənada “gəmidə batanın saman çöpündən yapışması” ritorikası kimi qiymətləndirilə bilərmi?
— Mövcud vəziyyət göstərir ki, İran çox ciddi hərbi və siyasi təzyiq altındadır. ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatlar İranın hərbi infrastrukturuna ciddi zərbələr vurur. Belə bir şəraitdə Tehran rəhbərliyi regionda müxtəlif istiqamətlərdə aktivlik göstərməklə həm psixoloji təsir yaratmağa, həm də strateji balansı dəyişməyə çalışır. Bu davranış müəyyən mənada “batanın saman çöpündən yapışması” məntiqinə də uyğun gəlir. Yəni rejim öz mövqeyini qorumaq üçün daha sərt və bəzən düşünülməmiş addımlar ata bilər. Bu isə region üçün əlavə risklər yaradır.
— Sizcə, bu proseslərin davamı kimi İran rejiminin devrilməsi nə qədər real görünür?
— Rejim dəyişikliyi məsələsi çox mürəkkəb və çoxamilli prosesdir. Tarix göstərir ki, xarici hərbi təzyiq təkbaşına rejimlərin devrilməsinə hər zaman gətirib çıxarmır. Bunun üçün daxili siyasi, sosial və iqtisadi faktorların da uyğun şərait yaratması lazımdır. İranda uzun müddətdir sosial narazılıqlar, iqtisadi problemlər və siyasi gərginlik mövcuddur. Əgər xarici təzyiq bu daxili problemlərlə üst-üstə düşərsə, müəyyən siyasi dəyişikliklərin baş verməsi ehtimalı artır. Lakin bunun yaxın perspektivdə baş verəcəyini qəti şəkildə söyləmək çətindir.
— Bu proseslərin üçüncü dünya müharibəsinə çevrilməsi ehtimalı varmı?
— Hazırkı gərginlik, şübhəsiz ki, regional təhlükəsizlik üçün ciddi risklər yaradır. ABŞ, İsrail və İran kimi aktorların birbaşa və ya dolayı qarşıdurması qlobal təhlükəsizlik sisteminə təsir edə bilər. Lakin böyük dövlətlərin əksəriyyəti belə bir münaqişənin qlobal müharibəyə çevrilməsinin qarşısını almağa çalışır. Buna görə də üçüncü dünya müharibəsi ssenarisi hazırda daha çox ehtimal kimi müzakirə olunsa da, real siyasi strategiya kimi görünmür. Buna baxmayaraq, regionda gərginliyin artması və yeni aktorların münaqişəyə cəlb olunması vəziyyəti daha təhlükəli edə bilər.
Elmir Heydərli
17:50 05.03.2026
Oxunuş sayı: 601