Azərbaycanın ƏTİT-ə üzvlük prosesinin tamamlanması müzakirə edilib
Azərbaycanın Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına (ƏTİT) üzvlük prosesinin yaxın zamanda tamamlanması, təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin artırılması və ticarətin asanlaşdırılması məsələləri müzakirə olunub.
Crossmedia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Bakıda kənd təsərrüfatı naziri Məcnun Məmmədov və ƏTİT-in baş direktoru Berik Arın arasında görüşdə aparılıb.
Bundan başqa görüşdə Azərbaycanın milli maraqlarına və kənd təsərrüfatı siyasəti prioritetlərinə uyğun beynəlxalq layihələrin həyata keçirilməsi, təşkilata üzv ölkələrin iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Nazir bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. O, Azərbaycanın qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, ölkənin ƏTİT ilə kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.
ƏTİT-in baş direktoru isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini, aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
13:53 05.03.2026
Oxunuş sayı: 510