Cəmiyyət üçün şad xəbər: Xərclər azala bilər
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsi zaman İstilik təchizatı xidmətləri ilə bağlı tariflərin istehlakçının mənzilinin ümumi sahəsinə görə deyil, faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Nazirlər Kabinetinin təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"na müvafiq dəyişikliklərin edilməsi təklif edib.
Ombudsman eyni zamanda xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunmasını vacib hesab edib.
S.Əliyeva həmçinin Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılmasını, (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsini (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur) diqqətə çatdırıb.

Onun səsləndirdiyi fikir barədə sosioloq Elçin Bayramlı Crossmedia.az-a danışıb: "Bu təşəbbüs təqdirəlayiq və vacib məsələdir. Bir çox ölkələrdə, demək olar ki, əksər dövlətlərdə bu cür sistemlər tətbiq olunur. Çünki hər bir cəmiyyətin həssas və aztəminatlı təbəqələri var ki, onların müəyyən sahələrdə güzəştlərlə təmin olunması zəruridir. O cümlədən nəqliyyat məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu, gündəlik və məcburi tələbatdır — insanlar işə, təhsilə və digər ünvanlara getməlidirlər. Bəzən əlillər, pensiyaçılar, uşaqlar və yeniyetmələr gediş haqqının ödənilməsində çətinlik çəkirlər. Ona görə də bu kateqoriyalara xüsusi güzəştlər tətbiq oluna bilər. Məsələn, 50 faiz güzəşt və ya bəzi ölkələrdə olduğu kimi tam azadolma mexanizmi nəzərdə tutula bilər. Bu zaman yaranan fərq digər vətəndaşların ödədiyi tariflər və ya ümumi fond hesabına kompensasiya edilə bilər".
Sosioloq əlavə edib ki, gediş haqqının maya dəyəri 50 qəpikdir, güzəştlər tətbiq olunduqdan sonra bu rəqəm 55-60 qəpik səviyyəsində müəyyən edilə bilər: "Beləliklə, güzəştdən yararlanan təbəqə dolayısı ilə ümumi sistem hesabına dəstəklənmiş olar. Bu model elə tənzimlənə bilər ki, nə daşıyıcı şirkətlərə, nə də dövlət büdcəsinə əlavə ağır yük düşməsin. Ümumi fond mexanizmi vasitəsilə məsələ balanslı şəkildə həll edilə bilər. Bu cür addımlar cəmiyyətdə müsbət təəssürat yaradır. Vətəndaşlar dövlətin onlara qayğı göstərdiyini gördükcə, dövlətə bağlılıq artır, ictimai həmrəylik möhkəmlənir və ümumi sosial ruh yüksəlir. Sağlam cəmiyyət zəif və ehtiyacı olan təbəqəyə qayğı prinsipi üzərində qurulur. Azərbaycanda da bu istiqamətdə ardıcıl iş aparılır. Dövlət sosial dövlət prinsipi əsasında fəaliyyət göstərir və mümkün qədər sosial güzəştlərin tətbiqinə üstünlük verir. Hazırda dövlət büdcəsinin təxminən 40 faizi sosial xərclərə ayrılır ki, bu da sosial məsələlərin prioritet olduğunu göstərir. Bu kimi güzəştlər və sosial yardımlar əhalinin maddi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, mənəvi-psixoloji durumuna da müsbət təsir göstərir. Nəticədə dövlətlə vətəndaş arasında daha möhkəm və sağlam bağ formalaşır. Belə addımlar istənilən prizmadan baxdıqda həm dövlət, həm də cəmiyyət üçün son dərəcə faydalıdır".

İqtisadçı Akif Nəsirli isə bildirib ki, istilik enerjisi tariflərinin faktiki istifadə olunan sahəyə görə hesablanması və ictimai nəqliyyatda güzəştlərin tətbiqi əhalinin rifahına birbaşa müsbət təsir göstərə bilər: "Faktiki istilik verilən sahəyə görə ödəniş, ailələr üçün daha ədalətli və şəffaf olacaq, artıq istifadə olunmayan sahələr üçün ödəmək məcburiyyəti aradan qalxacaq. Bu dəyişiklik, xüsusilə kiçik mənzillərdə və enerjiyə qənaət edən vətəndaşlar üçün xərclərin azalması deməkdir. Eyni zamanda, təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi insanların gündəlik hərəkət sərfiyyatını azaldacaq və onların sosial həyatına əlçatanlığı artıracaq".
Ekspert əlavə edib ki, belə təşəbbüslər sosial ədaləti gücləndirir və rifah səviyyəsini yüksəldir: "Bununla yanaşı, istilik enerjisinin özəl sektora verilməsi və rəqabətli bazarın təşkili daha optimal qiymətlərin formalaşmasına gətirib çıxara bilər. Dövlət yalnız zəruri hallarda vətəndaşa dəstək və ya kompensasiya verərək xərclərin ödənilməsini təmin edə bilər, bu da xidmətin keyfiyyətinin və şəffaflığının artmasına şərait yaradacaq. Nəqliyyatda məsafəyə görə deyil, səyahətin müddətinə görə ödəniş sistemi isə daha ədalətli və müasir yanaşmadır. İnsanlar sərf etdikləri vaxt qədər ödəyəcək, bu isə tariflərin daha rasional və vətəndaş məmnuniyyətini artıran formada təşkil edilməsinə imkan yaradır. Ümumilikdə, bu dəyişikliklər həm iqtisadi, həm də sosial baxımdan əhalinin rifahını yüksəldə bilər".
Ayhan
11:09 05.03.2026
Oxunuş sayı: 535