Mikayıl Cabbarov: "Vergi sistemində islahatlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir"
Azərbaycanda vergi sistemində aparılan islahatlar iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar" Forumunda deyib.
Nazirin sözlərinə görə, son illərdə həyata keçirilən dəyişikliklər vergi sisteminin səmərəliliyinin artırılmasına, şəffaflığın genişlənməsinə və vergi ödəyiciləri ilə dövlət arasında etimadın güclənməsinə yönəlib: "Vergi sistemində aparılan islahatlar ardıcıl xarakter daşıyır və bu proses xüsusilə 2017-ci ilin sonlarından daha intensiv mərhələyə keçib. Həyata keçirilən tədbirlər nəticəsində vergi inzibatçılığı təkmilləşdirilib, biznes mühitinin yaxşılaşdırılması və iqtisadi fəaliyyətin leqallaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2019-cu il yanvarın 1-dən qeyri-neft özəl sektorunda tətbiq olunan əməkhaqqı islahatı vergi sistemində aparılan dəyişikliklərin əsas elementlərindən biri olub".
O bildirib ki, bu layihə əmək münasibətlərinin şəffaflaşdırılmasına və qeyri-rəsmi məşğulluğun azaldılmasına mühüm töhfə verib və bu ilin əvvəlində layihənin icrası tamamlanıb.
Nazir əlavə edib ki, aparılan islahatların əsas məqsədlərindən biri vergi ödəyicilərinin dövlətə olan inamının artırılması və onların fəaliyyətində müsbət dəyişikliklərin təşviq edilməsidir.(Report)
10:44 05.03.2026
Oxunuş sayı: 516