Hakan Fidan: İranın strategiyası – "mən batıramsa, bölgə də batar" yanaşmasıdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə artan gərginlik fonunda İranın hərbi strategiyasını sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazir bildirib ki, Tehranın mövcud yanaşması region üçün ciddi risklər yaradır:
İranın əsas strategiyası belədir: "Mən batıramsa, bölgəni də özümlə batıraram".
Fidanın sözlərinə görə, hücumdan bir saat əvvələ qədər Qətərin baş naziri və xarici işlər naziri müharibənin başlamaması üçün intensiv diplomatik səylər göstərirdi və əslində İranın maraqlarına uyğun bir xətt üzrə fəaliyyət aparırdı.
Türkiyəli nazir vurğulayıb ki, buna baxmayaraq, İranın vasitəçi rolunda çıxış edən Oman, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı hədəf alması inanılmaz dərəcədə yanlış strategiyadır.
"Onların öz perspektivindən baxıldıqda belə bu, son dərəcə səhv bir strategiyadır", – deyə Fidan əlavə edib.
Regionda gərginliyin artdığı bir vaxtda Ankara diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayır.
10:41 04.03.2026
Oxunuş sayı: 1117