Hamiləlikdə risklər necə azaldılmalıdır? - Professor risk faktorlarını açıqladı
Sumqayıtda 8 aylıq hamilə qadının xəstəxanada vəfat etməsi ilə bağlı rəsmi məlumat yayılıb. Hadisə fevralın 26-sı gecə saatlarında baş verib və pasiyent təcili tibbi yardım xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 1996-cı il təvəllüdlü qadına naməlum mənşəli komatoz vəziyyət və aqonal hal diaqnozları qoyulub, ona dərhal zəruri tibbi yardım göstərilib. Lakin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və bioloji ölüm faktı qeydə alınıb.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla Crossmedia.az-la öz fikirlərini bölüşüb:

- Hamiləlik dövründə mümkün riskləri azaltmaq üçün nələrə diqqət etmək lazımdır?
- İlk növbədə qeyd etmək lazımdır ki, hamiləlik dövründə risklərin azaldılmasının ən mühüm yolu hamiləliyin planlaşdırılmasıdır. Planlı hamiləlik o deməkdir ki, qadın hamilə qalmazdan əvvəl tibbi müayinədən keçir, onun hamiləliyə hazırlıq vəziyyəti qiymətləndirilir və mövcud yanaşı xəstəliklər varsa, əvvəlcədən nəzarət altına alınır.
Təəssüf ki, praktikada bir çox hallarda hamiləlik ya arzuolunmadan, ya da təsadüfi şəkildə baş verir. Nəticədə qadın yalnız hamiləliyin son mərhələlərində həkimə müraciət edir. Bu zaman isə artıq müəyyən fəsadların qarşısını almaq çətinləşir.
Məsələn, virus hepatit B və ya C kimi infeksiyalar, eləcə də digər komorbid vəziyyətlər əvvəlcədən aşkarlanmadıqda hamiləliyin gedişində ağırlaşmalara səbəb ola bilər. Halbuki, planlı və nəzarət altında aparılan hamiləlik zamanı bir çox risk faktorlarının qarşısını almaq mümkündür.
- Hamiləliyin son mərhələsində qadınların tibbi risklərini azaltmaq üçün xəstəxanalarda hansı əlavə təhlükəsizlik və reanimasiya tədbirləri görülə bilər?
- Hamiləliyin son dövrü qadın orqanizmi üçün ciddi fizioloji dəyişikliklərlə müşayiət olunur. Bu mərhələdə tibbi nəzarət daha da gücləndirilməlidir.
Stasionar şəraitdə risk qrupuna daxil olan hamilələrin əvvəlcədən müəyyənləşdirilməsi, onların xüsusi nəzarətə götürülməsi, zərurət olduqda reanimasiya və intensiv terapiya imkanlarının hazır vəziyyətdə saxlanılması vacibdir.
Eyni zamanda, xəstəxanada və ya digər şəraitdə baş vermiş ana ölümü halları mütləq şəkildə təhlil edilməli, ölümün birbaşa səbəbi dəqiqləşdirilməlidir. Bu cür halların hərtərəfli araşdırılması gələcəkdə analoji risklərin azaldılmasına xidmət edir.
Təhlükəsizlik protokollarının təkmilləşdirilməsi, təcili müdaxilə briqadalarının operativliyi və multidissiplinar yanaşma mühüm əhəmiyyət daşıyır.
- Qidalanma bu məsələdə hansı rol oynayır?
- Qidalanma hamiləliyin sağlam gedişində əsas amillərdən biridir. Hamilə qadının qida rasionu balanslı və fərdi xüsusiyyətlərə uyğun şəkildə tənzimlənməlidir.
Məsələn, qadında şəkərli diabet və ya hamiləlik dövründə yaranan gestasion diabet mövcuddursa, qidalanma rejimi mütləq şəkildə dəyişdirilməlidir. Bu zaman həkimin tövsiyələri əsas götürülməlidir.
Ümumilikdə, düzgün qidalanma həm ana orqanizminin güclənməsinə, həm də dölün sağlam inkişafına birbaşa təsir göstərir.
- Stress faktorunun təsirləri nədən ibarətdir?
- Stress hamiləlik dövründə həm psixoloji, həm də fizioloji baxımdan mənfi təsir göstərə bilər. Davamlı stress hormonal balansın pozulmasına, arterial təzyiqin dəyişməsinə və ümumi sağlamlıq vəziyyətinin zəifləməsinə səbəb ola bilər.
Bu baxımdan hamilə qadının mümkün qədər sakit və stabil psixoemosional mühitdə olması vacibdir. Lakin bir daha vurğulamaq lazımdır ki, bütün bu amillərin effektiv idarə olunması üçün əsas şərt hamiləliyin planlı şəkildə aparılması və daim tibbi nəzarət altında saxlanılmasıdır.
Planlı və nəzarət olunan hamiləlik bir çox ağırlaşmaların qarşısını almağa imkan verir və ana ilə körpənin sağlamlığının qorunmasında həlledici rol oynayır.
Elmir Heydərli
12:15 02.03.2026
Oxunuş sayı: 677