İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı qaneedicidir?
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən məskunlaşdırılması prosesində kənd təsərrüfatının inkişafı xüsusi əhəmiyyət daşıyır. Zəngin torpaq ehtiyatları, əlverişli iqlim şəraiti və geniş istehsal imkanları bu əraziləri Azərbaycanın gələcək aqrar inkişaf mərkəzlərindən birinə çevirə bilər. Dövlət tərəfindən fermerlərin və investorların dəstəklənməsi, müasir aqroparkların yaradılması, torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi və məhsulların ixracyönümlü istehsalının təşviqi istiqamətində mühüm addımlar atılır.
Lakin əsas məsələ yalnız istehsal həcmini artırmaq deyil, həm də uzunmüddətli iqtisadi səmərəlilik yaradan, yüksək əlavə dəyər formalaşdıran və beynəlxalq bazarlarda rəqabət qabiliyyətli aqrar model qurmaqdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı ilə bağlı hansı layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı? Hansı istiqamətlər ölkə iqtisadiyyatına daha böyük töhfə verə və regionun davamlı inkişafını təmin edə bilər?
Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Razi Nurullayev Crossmedia.az-a açıqlama verib:

“İşğaldan azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsi, xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Həmin Dövlət Proqramında işğaldan azad olunmuş ərazilərin aqrar potensialının səmərəli istifadəsi, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı modelinin tətbiqi və yüksək əlavə dəyər yaradan istehsalın təşkili prioritet istiqamətlər kimi nəzərdə tutulub”.
Deputat əlavə edib ki, proqram çərçivəsində iri aqroparkların yaradılması, müasir heyvandarlıq komplekslərinin qurulması, meyvəçilik, üzümçülük və digər ixtisaslaşmış təsərrüfat sahələrinin inkişafı xüsusi olaraq diqqət mərkəzində saxlanılır: “Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması, logistika və saxlama infrastrukturunun inkişafı da əsas hədəflər sırasındadır. Dövlət Proqramında balıqçılıq və akvakultura sahəsinin inkişafı da mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Bu isə su ehtiyatları zəngin olan ərazilərdə yeni təsərrüfatların yaradılması və ixrac potensialının artırılması üçün geniş imkanlar açır. Bununla yanaşı, istehsal olunan məhsulların brendləşdirilməsi, coğrafi mənşə göstəricilərinin formalaşdırılması və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də proqramda nəzərdə tutulan əsas məsələlərdəndir. Hesab edirəm ki, Dövlət Proqramında müəyyən edilmiş bu istiqamətlərin ardıcıl və sistemli şəkildə icrası işğaldan azad olunmuş ərazilərin sürətli bərpasına, yeni iş yerlərinin yaradılmasına və ölkəmizin qeyri-neft sektorunun davamlı inkişafına mühüm töhfə verəcək”.
İqtisadçı Rəşad Həsənov isə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aqrar sektora dair siyasət ölkənin əsas iqtisadiyyatında aqrar sahədə müşahidə olunan problemlər, eləcə də indiyədək həyata keçirilmiş siyasətlərin müsbət və mənfi tərəfləri nəzərə alınmaqla tamamilə yeni model əsasında qurulmalıdır: "Çünki bu ərazilərdə imkanlar kifayət qədər genişdir. Torpaqlardan istifadə, torpaqların təyinatının müəyyənləşdirilməsi və mülkiyyət hüquqları ilə bağlı məsələlər hələ tam həllini tapmayıb. Hazırda bu ərazilər müəyyən mənada boş bir zona kimi qiymətləndirilə bilər və burada tamamilə yeni bir inkişaf modelinin tətbiqi mümkündür. Əsas məqsəd isə ölkənin aqrar sektorunda mövcud olan problemlərin bu ərazilərə daşınmasının qarşısını almaq olmalıdır. Bunun üçün həm resursların bölüşdürülməsi, həm də onların daha səmərəli şəkildə konsolidasiyası təmin edilməlidir. İstehsal prosesi daha çox elmi-texniki əsaslar üzərində qurulmalı, risklərin sığortalanması mexanizmləri təkmilləşdirilməli və dayanıqlılıq artırılmalıdır”.

İqtisadçı əlavə edib ki, digər tərəfdən, istehsalçının diqqətini əsas fəaliyyətinə yönəltməsinə imkan verən tədarük və təchizat zəncirinin formalaşdırılması vacibdir: “Təkliflərdən biri də işğaldan azad edilmiş ərazilərdə istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması və ixracının təşkili məqsədilə vahid konsorsiumun yaradılmasıdır. Bu konsorsium dövlət və özəl sektorun birgə iştirakı ilə fəaliyyət göstərə bilər. Belə olan halda istehsalçının əsas qayğısı məhsuldarlığın artırılması və istehsalın keyfiyyətinin yüksəldilməsi olar. Dünya təcrübəsi də göstərir ki, bu yanaşma tətbiq edildikdə aqrar siyasətlər daha uğurlu nəticələr verir. Düşünürəm ki, məhz bu məsələlər daha çox diqqət mərkəzində saxlanılmalıdır. Torpaqların bölüşdürülməsi siyasətinə də yenidən baxılmasına ehtiyac var. Bu istiqamətdə mövcud çatışmazlıqlar Azərbaycanda ailə təsərrüfatlarının istehsal imkanlarını məhdudlaşdırır və kənd təsərrüfatına töhfəsini zəiflədən əsas amillərdən biri kimi çıxış edir. Məhz buna görə də bu məsələlər işğaldan azad edilmiş ərazilərdə aqrar siyasət formalaşdırılarkən xüsusi diqqətlə nəzərə alınmalıdır”.
Ayhan
17:30 12.06.2026
Oxunuş sayı: 66