İş qrafiki dəyişir: Bu hansı problemləri həll edəcək?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. O qeyd edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub:
"Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq".
Deputat bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir:
"Fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır".
V.Bayramov həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi gözlənilir:
"Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır".

Müzakirə olunan məsələ barədə iqtisadçı - ekspert Fuad İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, istənilən problemin həlli üçün ilk növbədə onun kökünü düzgün təhlil etmək lazımdır.
Ekspertin sözlərinə görə, Bakı şəhərinin mövcud logistik kommunikasiyaları daxildəki insan sayına uyğun gəlmir: “İş saatlarının dəyişdirilməsi ilə tıxac problemini kökündən həll etmək qeyri-mümkündür. Bu gün Bakının elə nöqtələri var ki, orada artıq sutka ərzində fasiləsiz tıxac yaşanır. Yəni kiminsə işdən saat 4-də, yaxud 6-da çıxması vəziyyəti dəyişməyəcək. Biz ilk növbədə özümüzə sual verməliyik: bu tıxacı yaradanlar kimlərdir? Tıxacda qalanların böyük əksəriyyəti sabit iş yeri olmayan, günəmuzd çalışan, taksi fəaliyyəti, kuryer və çatdırılma xidmətləri ilə məşğul olan, daim hərəkətdə olan insanlardır. Deməli, biz iş saatlarını deyil, məşğulluq strategiyasını düzəltməliyik”.
F.İbrahimov vurğulayıb ki, əsas hədəf regionlarda dayanıqlı iş yerlərinin açılması olmalıdır: “Bu gün milyonlarla azərbaycanlının ölkə xaricində və ya paytaxtda cəmləşməsinin tək bir səbəbi var – məşğulluq. Əgər biz regionlarda insanların öz evində, yurdunda rahat dolana biləcəyi iqtisadi mühiti yarada bilsək, tıxac problemi avtomatik olaraq öz-özünə həllini tapacaq. Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun logistik infrastrukturlar qurulmalıdır. Digər ölkələr çoxmərtəbəli yollar, estakadalar tikdiyi halda, biz mövcud 6 metrlik yolu avtobus, velosiped və piyada zolaqları arasında bölmüşük. Dar bir məkanda bu cür idarəetmə sıxlığı daha da artırır. Bakı ətrafı qəsəbələr və şəhərlərarası sürətli qatar şəbəkəsi tam gücü ilə işləməlidir. İqtisadiyyat baxımından bir işçinin səhər saat 8-də, yoxsa gecə işləməsinin fərqi yoxdur. Əsas odur ki, fərd öz öhdəliyini yerinə yetirsin və istehsalata töhfə versin. İqtisadi səmərəlilik saatla yox, nəticə ilə ölçülür”.

Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, nazirliklərin və ali məktəblərin bölgələrə köçürülməsi paytaxtın yükünü azalda bilər: " Bakı və digər mərkəzi şəhərlərdəki tıxac problemi qlobal urbanizasiya prosesinin bir hissəsidir. Regionlardan paytaxta davamlı axın bu çətinliyi daha da kəskinləşdirir. Bakıda bu axın artıq bir növ "demoqrafik bum" xarakteri alıb. Tıxacların qarşısını almaq üçün təklif olunan dəyişkən iş qrafiki təşəbbüsü, əlbəttə ki, zəruri və təqdirəlayiq bir addımdır, lakin təkbaşına kafi deyil. Bu sistemin tam səmərə verməsi üçün paralel olaraq digər kompleks tədbirlər də həyata keçirilməlidir. Əsas məsələ regionlardan paytaxta olan axının qarşısını almaq və Bakıya müxtəlif səbəblərlə gələn əyalət sakinlərinin yenidən öz bölgələrinə qayıtmasını təşviq edəcək dövlət proqramlarının işlənməsidir. Məsələn, qardaş Türkiyədə tətbiq olunan xüsusi kənd təsərrüfatı və fermer layihələri çərçivəsində yüz minlərlə insan əyalətlərə geri döndü. Azərbaycanda da bu tipli layihələrin həyata keçirilməsi həm regionların iqtisadiyyatına töhfə verər, həm demoqrafik balansı qoruyar, həm də paytaxtdakı tıxac sıxlığını kökündən həll edər”.
Sosioloq vurğulayıb ki, bölgələrdəki əməkhaqqı səviyyəsinin paytaxta nisbətən daha motivasiyaedici olması da Bakının yükünü xeyli azalda bilər: “Şəhərin konsentrik zonalara bölünməsini və şəhərətrafı qəsəbələrin infrastrukturunu daha çox düşünmək lazımdır. Alternativ yolların çəkilməsi, şəhərə giriş-çıxışda yaranan ‘tıxac effekti’nin aradan qaldırılması üçün əlavə addımlara ehtiyac var. Məsələn, əmək bazarının diversifikasiyası mütləqdir. Bu gün iş yerlərinin böyük əksəriyyəti paytaxtda cəmləşib. Bu imkanları, xüsusilə gənclərin yaş psixologiyasına və maraqlarına uyğun müasir iş sahələrini bölgələrdə də yaratmalıyq. Hətta müəyyən profilli müəssisələrin, ali məktəblərin, bəzi nazirlik və dövlət qurumlarının digər şəhərlərə və əyalətlərə köçürülməsi haqqında da ciddi düşünmək olar. Bu cür köməkçi vasitələr tətbiq olunarsa, dəyişkən iş qrafiki sistemi cəmiyyət tərəfindən daha rahat mənimsənilər və insanların gündəlik stresini minimuma endirər”.
Ayxan İbişov
15:44 11.06.2026
Oxunuş sayı: 99