“Evdə Tək 2” filmində Epşteynin adının çəkildiyi iddiası yayılıb
Sosial şəbəkələrdə yayılan paylaşımlarda 1992-ci ildə çəkilmiş “Evdə Tək 2” (Home Alone 2) filmində baş qəhrəman Kevin obrazının ABŞ-nin hazırkı prezidenti Donald Trampa “Cənab Epşteyn haradadır?” sualını verdiyi iddia olunub.
Araşdırmalar göstərir ki, bu iddia həqiqəti əks etdirmir və yayılan video montaj olunub.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, filmdə Donald Trampın qısa epizodik rolda göründüyü doğrudur. Sözügedən səhnədə Kevin Trampdan otelin foyesinin hansı istiqamətdə yerləşdiyini soruşur. Tramp isə foyenin dəhlizin sonunda, sol tərəfdə olduğunu bildirir. Orijinal dialoqda Jeffrey Epşteyn adı ümumiyyətlə çəkilmir.
Səhnə Nyu-Yorkdakı Plaza Hotel-də lentə alınıb. Otel 1988–1995-ci illər arasında Donald Trampa məxsus olub. Filmin rejissoru Chris Columbus müsahibələrinin birində bildirib ki, çəkiliş icazəsi almaq üçün Trampa müraciət edilib və o, filmdə qısa rol almaq şərti ilə buna razılıq verib.
Nəticə etibarilə, filmdə Donald Trampın iştirakı real olsa da, Kevin və Tramp arasında keçən dialoqda Epşteyn adı səsləndirilmir. Sosial mediada yayılan görüntülər manipulyasiya olunmuş videodur.
Fatimə Məmmədova
14:07 01.03.2026
Oxunuş sayı: 525