Şəbaniyyə xütbəsi nədir - İlahiyyatçıdan izah
Orucluq ayı müqəddəs ay hesab olunur. Bu ayda insanlar dua oxuyur, günahlarının bağışlanmasını Allahdan xahiş edirlər. Bunun üçün oxunan xütbələrdən biri də Şəbaniyyə xütbəsidir.
"Allahın Rəsulu (s) bizə mübarək Ramazan ayı haqqında belə xütbə oxudu:
"Ey camaat! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir.
Bu ayda hamınız Allah qonaqlığına dəvət almısınız və Allahın kəramət və səxavəti sizə şamil olmuşdur. Bu ayda sizin nəfəsləriniz Allahı zikr edir, yuxularınız isə ibadət sayılır. Bu ayda sizin yaxşı əməlləriniz, dualarınız qəbuldur. Belə isə Allahdan saf niyyətlə bu ayda oruc tutub, Quran oxumağa müvəffəq olmağınızı arzulayın".
Qeyd olunan Şəbaniyyə xütbəsi haqqında ilahiyyatçı Rüfət Qarayev Crossmedia.az-a açıqlama verib: "Mübarək Ramazan ayından öncə Şaban və Rəcəb ayları vardır. Bu aylarda oruc tutmaq müstəhəbdir. Bu bir növ Ramazan ayına hazırlıqdır. Buyurulur ki, Rəcəb ayı -əkin ayı, Şaban ayı-suvarma ayı, Ramazan ayı isə məhsulun yığışdığı aydır. Allah xüsusi olaraq Şaban ayına önəm vermişdir. Bu ayın çox günləri orucla keçmişdir . Şaban ayının sonunda isə mübarək Ramazan ayı ilə bağlı xütbəsi var. Ona Şəbaniyyə xütbəsi deyilir. Ramazanın gəlişi, fəziləti, ediləcək əməllər, tövbələr, oxunan Qurani-Kərimlə bağlıdır ki, önümüzdə Ramazan ayı gəlir. Bu ayın fəzilətləri, üstünlükləri, əzəməti var. Beləliklə Şaban ayının sonunda Ramazanın gəlişini müjdələyərək etdiyi xütbələr Şəbaniyyə xütbəsi deyilir".
Fatimə Məmmədova
15:19 25.02.2026
Oxunuş sayı: 729