"Kurtlar vadisi" serialında obrazı canlandırılan "Aron Feller" öldü
ABŞ kəşfiyyatının tanınmış nümayəndəsi və “Kurtlar Vadisi” serialındakı Aron Feller obrazının prototipi hesab olunan Qraham Fuller 89 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, Fuller yanvar ayında ölüb və ABŞ-nin Mərkəzi Kəşfiyyat Agentliyində (CİA) Yaxın Şərq və İslam ölkələri üzrə mühüm ekspert kimi tanınırdı. O, Əfqanıstan, Türkiyə və bir neçə ərəb ölkəsində fəaliyyət göstərib.
Məşhur kəşfiyyatçı bir neçə kitabın müəllifidir, o cümlədən Yeni Türkiyə Cümhuriyyəti və Siyasi İslamın Gələcəyi. Türkiyədə Fuller bəzən Fətullah Gülənə dəstək verməkdə və hətta qiyam planlarında iştirakda ittiham olunub. İddialara görə, “Kurtlar Vadisi”ndəki Aron Feller obrazı onun prototipidir.
Fuller İran barədə fikirlərini “Şərqin Qərbi” kimi ifadə edirdi. O, İranın modernizasiyada şah rejimi ilə başlamasına baxmayaraq, mollaların sistemi tamamladığını, seçki institutları, sandıq mədəniyyəti və ali dini rəhbərin seçilməsini İranı ərəb ölkələrindən fərqləndirən əsas amillər kimi qiymətləndirirdi.
Fuller İranın Yaxın Şərqdə Qərbə yaxın ölkə olduğunu vurğulayır, böyük İrançılıq fəlsəfəsinə olan simpatiyasını və İranın qədim ənənələrlə idarə olunmasına olan rəğbətini qeyd edirdi. O, həmçinin Mişel Füko ilə birlikdə İranı xüsusi bir kult kimi qiymətləndirir və ölkənin dayanıqlı sistemə malik olduğunu vurğulayırdı.
16:38 23.02.2026
Oxunuş sayı: 639