Strateji investisiyalar: Milli maraqların qorunması və investorların hüquqlarının təminatı
Milli Məclisin plenar iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb və təsdiqlənib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, layihənin əsas məqsədi dövlət mənafeyinin və milli maraqların qorunması üçün strateji əhəmiyyətli investisiyaların alınmasının hüquqi əsaslarını müəyyən etməkdir. Komitə sədri vurğulayıb ki, qanun Konstitusiyaya zidd deyil və mülkiyyət toxunulmazlığı ilə investor hüquqlarına təhdid yaratmır: “Qanunun məqsədi investisiyanı və əmlakı investorun əlindən almaq deyil. Beynəlxalq təcrübəyə uyğun olaraq ədalətli kompensasiya ilə həyata keçirilən ekspropriasiya investor hüquqlarına zərər vermir”.
Layihə, strateji investisiyalar və milli maraqların qorunması üçün hüquqi mexanizmin gücləndirilməsinə yönəlmiş mühüm təşəbbüs kimi qiymətləndirilir.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Crossmedia.az-a bildirib ki, bu, çox təqdirəlayiq qanun layihələrindən biridir: “Milli Məclisdə qəbul olunan qanun layihələrini izləyirəm, deputatlarla söhbətlər aparıram. Son vaxtlar qəbul edilən mühüm qanun layihələrindən biri də budur. Azərbaycanın əsas məqsədi dövlət maraqlarını və milli mənafeləri təmin etməkdir və bu istiqamətdə dövlət bütün imkanlardan istifadə etməlidir. İndiki geosiyasi və beynəlxalq şəraitdə Azərbaycanın həm dövlət maraqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, həm milli mənafelərin yaxşılaşdırılması, həm də iqtisadi təhlükəsizliyin ticarət əməliyyatları və beynəlxalq layihələrlə birlikdə idarə olunması üçün buna ehtiyac var. Bu, bütün dövlət maraqlarını bir konsepsiyada birləşdirən sistemdir. Azərbaycan dövləti siyasi, iqtisadi, hərbi və digər sahələrdə təhlükəsizliyini təmin etmək üçün çalışır. Bu qanun layihəsinin qəbulundan sonra vəziyyət daha da yaxşılaşacaq. Dünya dəyişir, texnologiya, iqtisadi münasibətlər və təhlükəsizlik sistemi yenilənir. Qanunlarımız da zamanın tələblərinə uyğun adaptiv olmalıdır. Əsas prinsip və məqsəd kimi Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi, xalqımızın maraqları və mənafeləri qorunmalıdır. Bu, iqtisadi və sosial təhlükəsizlik, mədən və elmi inkişaf da daxil olmaqla milli maraqlarla bağlıdır. Təhsil və səhiyyə kimi humanitar sahələrdə də bu prinsiplər tətbiq olunmalıdır. Ümumilikdə, qanun layihəsi Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini gücləndirəcək, dövlət maraqlarını və milli mənafeləri daha effektiv qorumağa imkan yaradacaq”.

İqtisadçı Xalid Kərimli isə bildirib ki, investisiya fəaliyyəti haqqında qanuna edilən dəyişikliklər və bu formada qanuni tənzimləmələr əslində dünyanın bir sıra ölkələrində mövcuddur: "Amma qanundakı dəyişikliklərin dəqiqliklə izahı vacibdir ki, bu, investorları qorxutmasın. Həm xarici, həm də yerli investorlar üçün aydın mənzərə yaransın. Məsələ strateji aktivlərin qorunması, strateji aktivlərin siyahısı və hansı halda təhlükə yarandığının dəqiqliklə müəyyənləşdirilməsindən ibarətdir. Bu, həm qanun sui-istifadəsinə çevrilməməli, həm də qanuna edilən dəyişikliklərin potensial investorları investisiya qoymaqdan və sahibkarlıq fəaliyyətinə başlamaqdan çəkindirməməsi üçün vacibdir. Bu, çox önəmli məsələdir".
İqtisadçı bildirib ki, qanuna mahiyyətində baxanda strateji aktivlər dedikdə enerji infrastrukturu, nəqliyyat-logistika obyektləri, kommunikasiya sistemləri, sosial əhəmiyyətli layihələr nəzərdə tutula bilər: "Eyni zamanda müasir dövrdə informasiya təhlükəsizliyi məsələləri ön plana çıxır və bu, milli təhlükəsizliyə zərər verə biləcək fəaliyyətlərlə bağlı ola bilər. Bütün investisiyalar təbii ki, uzun müddət dondurulan, qəsdən fəaliyyət göstərilməyən və ya iqtisadi və strateji təhlükə yaradan halda dövlət onların ədalətli dəyərini ödəməklə almaq hüququna malikdir".
O əlavə edib ki, yarımçıq tikililər məsələsi fərqli yanaşma tələb edir: "Bu o demək deyil ki, hər hansı bir MTK-nın kompleksinin tikintisi yarımçıq qalanda dövlət layihəyə girib davam etməli olacaq. Yarımçıq tikililər yalnız kütləvi xarakter daşıyıb əhalinin əhəmiyyətli hissəsinin probleminə çevrildikdə qanunun predmeti ola bilər. Bu halda dövlət müdaxilə edə bilər. Amma fərdi yaşayış binalarında və ya kiçik sahibkarlıq obyektlərində yaranan problemlər bu qanunun tənzimləmə çərçivəsinə aid deyil. Qanunun qəbulu indiki mərhələdə strateji əhəmiyyət kəsb edir: "Dövlət əmlakının özəlləşdirilməsinin bir neçə konkret forması var idi. Dövlət, ehtiyac olduğunda, havalimanları, stansiyalar və yollar üçün ədalətli dəyər ödəməklə əmlak ala bilərdi. Amma indiki halda məsələ genişləndirilir. Strateji fəaliyyət istiqamətlərində özəl kapitalın rolu artdıqca, dövlətin nəzarət funksiyası da diqqət mərkəzinə çevriləcək. Bu qanun gələcəkdə imkan verə bilər ki, strateji hesab olunan sahələrdə özəl sektorun iştirakı artsın və dövlət təhlükəsizlik məsələlərini tənzimləyə bilsin. Bu yanaşma həm strateji aktivlərin qorunması, həm də investorların fəaliyyətinə aydınlıq gətirilməsi baxımından vacibdir".
Mehriban Yariyeva
15:35 23.02.2026
Oxunuş sayı: 985