TDT ölkələrinin ticarət sahəsində əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, iclasda ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib.
İclas Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Assan Darbayevin sədrliyi ilə keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdulayev son illər TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Azərbaycanın TDT-yə üzv bütün dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atdığı qeyd edilib.
Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə yaradılmış ikitərəfli investisiya fondlarının ölkələrimiz arasında kapital axınının sürətlənməsinə, sənaye və investisiya layihələrinin maliyyələşdirilməsinə şərait yaratdığı nəzərə çatdırılıb. Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlamasının regional iqtisadi inteqrasiyaya təkan verəcəyi bildirilib.
Tədbirdə TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi, rəqəmsal transformasiya və digər məsələlər müzakirə edilib. Nəqliyyat və logistika sahəsində tərəfdaşlığın genişləndirilməsi, Orta Dəhlizin səmərəliliyinin artırılması ətrafında fikir mübadiləsi aparılıb.
TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasının yekunlarına dair Birgə Kommünike və TDT dövlətləri arasında ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
TDT-nin iqtisadiyyat və ticarət sahəsinə məsul nazirlərinin növbəti 15-ci iclasının 2026-cı ilin ikinci yarısında Azərbaycanda keçirilməsi qərara alınıb.
19:50 20.02.2026
Oxunuş sayı: 593