ABŞ İrana hücum etməsə...- Medalyonun görünməyən üzü
Britaniyanın "Financial Times" (FT) qəzetinin məlumatına görə, Birləşmiş Ştatlar İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarında yerləşdirilən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırıb.
Nəşr bildirib ki, Vaşinqton İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi əməliyyat üçün Yaxın Şərqdə nəhəng hava gücü toplayır.
FT peyk görüntülərinə və Təl-Əviv Universitetinin rəyinə istinadən bildirib ki, İordaniyadakı bazada azı 66 qırıcı təyyarə var. Aviasiya ekspertinin rəyinə əsasən, görüntülərdə görünən təyyarələrdən 18-i "F-35" qırıcılarıdır. Məqalədə həmçinin qeyd olunub ki, bazada 17 ədəd "F-15" qırıcısı və 8 ədəd "A-10" hücum təyyarəsi yerləşir. Qəzetin yazdığına görə, həmin bazada "EA-18" radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri də müşahidə edilib.
Görüntüləri təhlil edən aviasiya eksperti həmçinin Səudiyyə Ərəbistanındakı bazada "E-3 AWACS" uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarələrinin, eləcə də "C-130" və "C-5" nəqliyyat təyyarələrinin olduğunu bildirib. "Financial Times" yazıb ki, orada da aviasiya vasitələrinin sayı artıb.
Yanvar ayında Ağ Ev İslam Respublikasına qarşı güc tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdikləri barədə xəbərdarlıq edib. Vaşinqton o zaman ümidvar olduğunu bildirib ki, Tehran danışıqlar masasına oturacaq və nüvə silahından tam imtinanı nəzərdə tutan "ədalətli və bərabərhüquqlu" saziş imzalayacaq. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bəyan edib.

Qeydolunan məqamlar və ABŞ ilə İran arasında mümkün müharibə ehtimalı barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Cantürk Caner bildirib ki, ABŞ İkinci dünya müharibəsindən sonra ilk dəfə İran ətrafında bu qədər çox texnika yığıb: "ABŞ-nin İrandan gözləntiləri sadəcə uran zənginləşdirilməsi və ya nüvə enejisi ilə bağlı deyil. ABŞ İran qarşısında başqa şərtlər də irəli sürür. ABŞ İranın bu qədər güclü olmasını istəmir. İkinci bir tərəfdən isə rəsmi Vaşinqton başa düşür ki, İranın ABŞ-yə ziyan verməsi onun üçün ziddi nüfuz itkisidir. İndi ABŞ nüfuzunun itirilməsinin, Amerika donanmasına dəyən ziyanın və ya Amerika itkilərinin məqbul səviyyədə qalmasını təmin edə bilsə və bu müddətdə İsrailin və Körfəzdəki müttəfiqlərinin təhlükəsizliyini qoruya bilsə, İrana hücum edəcək. Lakin, İrana hücum xərclərini ödəyə bilməsə, bundan imtina edəcək. Bu halda İran ciddi şəkildə ABŞ-nin informasiya müharibəsi, o cümlədən dezinformasiyaları ilə üzləşəcək. Beləliklə, ABŞ-nin İrana hücumu artıq proqnoz deyil, zərurətdir.Başqa sözlə, Amerika hücum etməlidir, çünki hücum etməsə və ya hücum edib uğursuzluğa düçar olsa, İran orta və uzunmüddətli perspektivdə daha da güclənəcək".
14:23 23.02.2026
Oxunuş sayı: 748