ABŞ İrana vaxt verdi: 48 saat ərzində…
ABŞ növbəti 48 saat ərzində İranın nüvə sazişi ilə bağlı ətraflı təklif alarsa, fevralın 27-də Cenevrədə Tehranla daha bir danışıqlar raundunu keçirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən yazıb.
Bildirilir ki, bu, ABŞ-İsrail hərbi əməliyyatları başlamazdan əvvəl İrana verilən son şansdır və Tramp administrasiyası İranın təklifini gözləyir.
Məlumatda bildirilir ki, Tramp administrasiyası və İran tam nüvə sazişi razılaşdırılmadan əvvəl müvəqqəti razılaşma ehtimalını da müzakirə edə bilərlər.

Məsələ ilə bağlı danışan Yaxın Şərqi üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, verdiyi ultimatumun məqsədi İranla nüvə proqramının məhdudlaşdırılması, uranın zənginləşdirmə səviyyəsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması kimi əsas məsələlərdə daha ciddi və detallı razılaşmanın qismən də olsa əldə edilməsidir.
İran tərəfi bu təzyiqlərə cavab olaraq iki istiqamətdə davranır.
Bir tərəfdən Tehran noyabrdan bəri və bu həftə ərzində bəzi güzəşt addımları təklif etməyə hazır olduğunu bildirib. Məsələn, zənginləşdirilmiş uranın bir hissəsini xaricə göndərmək və istehsalın müəyyən hissəsini regional konsorsiuma vermək kimi ideyalar nəzərdən keçirilir. Bu, diplomatik müzakirələrin davam etdirilməsi üçün cəhd kimi qiymətləndirilə bilər.
Digər tərəfdən İranın rəsmi şəxsləridəfələrlə vurğulayıb ki, onlar ABŞ-nin bütün tələblərinə tam şəkildə boyun əyməyəcək və bəzi “qırmızı xətlər”dən geri çəkilmək fikrində deyillər. Məsələn, İran prezidentinin son açıqlamaları bunun əyani göstəricisidir.
Bu o deməkdir ki, “ABŞ-nin bütün tələblərini qəbul etmək” məsələsi hələlik real deyil. İran müəyyən diplomatik təkliflər hazırlamağa çalışır və danışıqlar prosesi hələ bitməyib, lakin Tehran ABŞ-nin bütün əsas şərtlərini — xüsusən uranın zənginləşdirilməsinə tam qadağa qoyulması və çətin sanksiyaların dərhal götürülməsi üzrə — qəbul etməyib. Danışıqlar 26 fevralda Cenevrədə davam edəcək və orada İranın təqdim edəcəyi sənədə əsaslanaraq ABŞ-nin cavabı ilə gələcək addımlar müəyyənləşəcək”. (Nocomment.az)
15:04 23.02.2026
Oxunuş sayı: 660