Türkiyə və Cənubi Koreya müdafiə sənayesində əməkdaşlığı genişləndirəcək
Türkiyə və Cənubi Koreya müdafiə sənayesində birgə istehsalı artırmaq, texnoloji əməkdaşlığı gücləndirmək və üçüncü ölkələrin bazarlarına birlikdə çıxmaq barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” agentliyi bu barədə məlumat yayıb.
Cənubi Koreya Prezidenti Li Ce Myon noyabrın 3-də Seulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra əməkdaşlığın yeni istiqamətlərini açıqlayıb.
O bildirib ki, Türkiyənin “ALTAY” tankı layihəsində əldə olunan nəticələr iki ölkə arasında müdafiə sənayesi tərəfdaşlığının genişləndirilməsi üçün əsas yaradıb.
“ALTAY tankı layihəsinin uğurlarına əsaslanaraq müdafiə sənayesində yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi barədə razılığa gəldik”, – deyə Li Ce Myon vurğulayıb.
Prezidentin sözlərinə görə, tərəflər birgə istehsal və texnoloji əməkdaşlığı artırmaqla hər iki ölkənin şirkətlərinin üçüncü dövlətlərin bazarlarına birlikdə daxil olması imkanlarını araşdıracaqlar.
“Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik”, – deyə Cənubi Koreya lideri bildirib.
Qeyd edək ki, Türkiyənin “ALTAY” əsas döyüş tankı layihəsində Cənubi Koreya texnologiyalarından, o cümlədən mühərrik və transmissiya sistemlərindən istifadə olunur.
15:47 03.11.2026
Oxunuş sayı: 55