Gəncə Bölməsində Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib
Bilindiyi kimi, BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı - UNESCO 1999-cu ildən etibarən fevralın 21-i tarixini Beynəlxalq Ana Dili Günü elan edib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan tələbələrdən 4 nəfərinin öldürülməsi hadisəsinin xatırlanması və bu xüsusda, hər bir millətin, fərdin doğma dilinə hörmət olunmasının vacibliyinin simvolu kimi qəbul olunur.
Crossmedia.az xəbər verir ki, AMEA-nın Gəbcə Bölməsində Ana Dili Gününə həsr olunan tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb.
Dəyirmi masanı giriş söz ilə açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev istər sovet dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra, ana dilimizin inkişafı və beynəlxalq münasibətlər sistemində öz təsdiqini tapmasının Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin əsaslarından biri kimi onun göz bəbəyi kimi qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirib, həmçinin qeyd edib ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub və bu sənəd Ümummilli Liderin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
O, qeyd edib ki, müasir dövrümüzdə Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyev bu ənənələri uğurla davam etdirməkdədir və dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə yanaşı, bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına, eləcə də beynəlxalq miqyasda inteqrasiyasına böyük təkan verib.
Dəyirmi masanın məruzələri ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi t.ü.f.d. Elşən Hüseynov “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ana dilinin rolu”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dili haqqında Sərəncamları”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, şöbə müdiri fil.ü.f.d. Təranə Verdiyeva “Ana dili uğrunda mübarizədə ziyalıların maarifçilik və ədəbi təşəbbüsləri”, AMEA-nın Gəncə Bölməsinin elmi katibi Günay Cəfərova “Azərbaycan dilinin zəngin xəzinəsi: Qərb qrupu dialektləri”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizaminin elmi-fəlsəfi görüşləri şöbəsinin müdiri, fil.ü.f.d. Xəyalə Hüseynova “Ana dili və milli kimlik”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Ana dilimizin fonetik harmoniyası: Dünya dilləri ilə müqayisədə” mövzuları üzrə çıxış ediblər.
Dəyirmi masanın sonunda akademik Fuad Əliyev çıxışlarındakı maraqlı mülahizələrə görə iştirakçılara təşəkkür edib.
O, həmçinin qonaq iştirakçılara - Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunmuş rəisi, tarixçi-alim Elşən Hüseynova və idarənin sektor müdiri Rəşad Əlizadəyə də tədbirə qatıldıqları üçün minnətdarlıq bildirib, onlara işlərində uğurlar arzu edib.
Akademik Fuad Əliyev yeni nəslin yüksək dünyagörüşünün formalaşdırılmasında elm və biliklərin rolunun vacibliyini də vurğulayaraq, qonaqlara AMEA-nın Gəncə Bölməsinin əməkdaşları adından bu elm ocağında nəşr edilmiş kitablar hədiyyə edib.
14:53 23.02.2026
Oxunuş sayı: 489