Maliyyə savadlılığı nədir? - Ekspertdən unikal izah
Müasir dövrdə insanların gündəlik həyatında maliyyə qərarlarının rolu getdikcə artır. Bank xidmətlərindən istifadə, kredit götürmək, qənaət etmək, investisiya planlaşdırmaq və ailə büdcəsini idarə etmək kimi məsələlər hər bir fərdin maliyyə savadlılığının səviyyəsi ilə birbaşa bağlıdır. Maliyyə savadlılığı yalnız pul qazanmaq bacarığı deyil, həm də vəsaiti düzgün bölüşdürmək, riskləri qiymətləndirmək və gələcək üçün maliyyə təhlükəsizliyi yaratmaq bacarığıdır.
Bu baxımdan maliyyə savadlılığının mahiyyəti, onun necə qazanılması və cəmiyyətin bu sahədə maarifləndirilməsi məsələləri aktual olaraq qalır. İnsanların maliyyə biliklərini artırmaq üçün təhsil proqramlarının genişləndirilməsi, onlayn və ənənəvi təlimlərin təşkili, media vasitəsilə maarifləndirmə işlərinin aparılması və dövlət-bank sektorunun birgə təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Bu sualların cavabı həm fərdi rifahın, həm də ümumi iqtisadi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Crossmedia.az-a açıqlama verib:

"Maliyyə savadlılığı dedikdə, ümumilikdə əhalinin daha çox istifadə etdiyi maliyyə alətləri haqqında məlumatların dərinləşdirilməsi nəzərdə tutulur. Məsələn, kredit nədir, depozit nədir, bankomat nədir və onların fəaliyyəti necədir? Bundan əlavə, bank filialı nədir, likvidlik nə deməkdir kimi anlayışlar da cəmiyyət tərəfindən istifadə olunan ilkin maliyyə savadının tərkib hissəsidir. Daha sonra bu sahədə biliklər dərinləşdikcə kapital bazarları, eləcə də mikromaliyyələşmə haqqında daha geniş məlumat əldə etmək mümkün olur. Bu bilikləri artırmaq üçün terminoloji lüğətlərdən istifadə etmək, onlayn təlim kurslarına qoşulmaq və ya yerində keçirilən kurslarda iştirak etmək olar. O cümlədən Mərkəzi Bankın onlayn tədris sistemi mövcuddur və burada ödənişli şəkildə ilkin maliyyə biliklərinə yiyələnmək mümkündür".
Ekspert əlavə edib ki, cəmiyyət ümumilikdə özü ilə bağlı geniş məlumat əldə etməli və maliyyə savadlılığına yiyələnməlidir: "Çünki bu gün əhali müxtəlif kartlardan istifadə edir və ən azından əməliyyat kartının, debet kartının və kredit kartının nə olduğunu, eləcə də onların bir-birindən fərqlərini bilməlidir. Bankda hesab açmaq, vəsait götürmək, qənaət edilmiş vəsaitləri idarə etmək, ailə büdcəsini və ev təsərrüfatını düzgün planlaşdırmaq kimi məsələlər də maliyyə savadlılığının mühüm istiqamətlərindəndir. Bu baxımdan, cəmiyyətə həm televiziyalar, həm də onlayn müzakirələr vasitəsilə maliyyə biliklərinin təqdim olunması vacibdir".
Ayhan
18:20 21.02.2026
Oxunuş sayı: 606