Mətbuat Şurası XƏBƏRDARLIQ ETDİ: Jurnalist sosial şəbəkə alətinə çevrilməməlidir
Azərbaycan Mətbuat Şurası jurnalistləri və media orqanlarını etik davranışa çağırıb.
Crossmedia.az xəbər verir ki, Mətbuat Şurasının məlumatına görə, jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, şəxsi mübahisə və ədavətləri alətə çevirməməlidir. Jurnalist və media orqanları ictimai motivi əsas götürməli, şəxsi həyatın toxunulmazlığına hörmət etməli və peşəkarlıq prinsiplərinə əməl etməlidir.
Şura bildirir ki, fəaliyyəti ictimai məzmun daşıyan şəxslərin şəxsi həyatına baxış fərqlidir və tənqid yalnız əsaslandırılmış olmalı, linç, təhqir, böhtan və hüquqi dövlət normalarına zidd digər təmayülləri əhatə etməməlidir. Həmçinin jurnalist və media orqanları, mübahisə tərəflərinin motivini və onun ictimai əhəmiyyətini qiymətləndirməlidir.
Mətbuat Şurası xəbərdarlıq edir ki, jurnalist sosial şəbəkə istifadəçisinin qərəzli və şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayarsa, bu, şəxsi həyatın pozulmasına və medianın cəmiyyətdə nüfuzuna zərbə vurur.
Azərbaycan Mətbuat Şurası jurnalistləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməyə və peşənin nüfuzunu yüksək tutmağa çağırır.
16:44 23.02.2026
Oxunuş sayı: 604