Azərbaycana incəsənət əsərləri, kolleksiya və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib
Azərbaycana müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, nəticədə bu sahədə idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin, muzeylərin eksponatlarla zənginləşdirilməsinə, beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək.
Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.
14:12 23.02.2026
Oxunuş sayı: 781