Trampın İranla bağlı strategiyası nədir? AÇIQLAMA
ABŞ prezidenti Donald Trumpın İranın nüvə və digər strateji obyektlərinə qarşı həm genişmiqyaslı, həm də məhdud hərbi zərbə variantlarını nəzərdən keçirdiyi barədə məlumatlar Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyinə dair ehtimalları artırır.
Bu kontekstdə İrana qarşı mümkün əməliyyat planlarının gündəmə gətirilməsi regional təhlükəsizlik balansına, diplomatik proseslərə və beynəlxalq güc münasibətlərinə yeni təsirlər yarada bilər.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Crossmedia.az-a öz fikirlərini bildirib:

"Tətbiq olunan bu taktika ABŞ prezidenti Donald Trumpın siyasi dəsti-xəttinin təzahürüdür. Tramp bir tərəfdən güc amilindən istifadə edir, digər tərəfdən isə danışıqlar aparır. Bu taktika müəyyən istiqamətlərdə öz nəticələrini verib.
Əslində, ABŞ rəsmiləri bunu uğurlu taktika kimi hesab edirlər. Rusiya-Ukrayna danışıqlarında bu, yəni təzyiq taktikası Rusiyaya qarşı istifadə olunur. Amma Rusiya ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlardan çıxmır. İranın da çıxış yolları azdır. Ona görə də məcbur olub bu taktika ilə barışacaqlar.
Taktikanın uğuru barədə heç nə demək olmaz. Hazırda hadisələr inkişaf edir və hansı istiqamətdə inkişaf edəcəyini vaxt göstərəcək. Məntiqlə düşünsək, silahlı qüvvələr bir istiqamətdə toplanırsa, səfərbər olunursa və bu regionda aktivlik müşahidə olunursa, çox güman ki, həmin silahlı qüvvələr səbəbsiz yerə regiona gətirilmir və istifadə edilmək üçün gətirilir. Güc nümayiş etdirmək özü-özlüyündə həmin silahlı qüvvələrdən istifadə etmək deməkdir.
Bu proseslər zamanla özünü göstərəcək. İstifadə edəcəklərmi, hansı formada istifadə edəcəklər, hansı nəticələr verəcək - bunları hazırda söyləmək çox çətindir.
Hazırda belə bir ssenari var və bunun reallaşdırılması üçün siyasi qərar olmalıdır. Hələlik Tramp həmin siyasi qərarı verməyə tələsmir, ancaq bu, hücumla bağlı siyasi qərar verməyəcək demək də deyil. Bütün hallarda hadisələr göstərir ki, bu siyasi qərar real ola bilər. Bu isə danışıqları gündəmdə saxlamağa imkan yaradır".
Türkan Kərimli
15:01 23.02.2026
Oxunuş sayı: 582