Quru göz sindromu ilə mübarizə - ÖZƏL
Mövzu ilə bağlı oftalmoloq-cərrah Anar Abdullayev Crossmedia.az-a verdiyi açıqlamada bildirib:
“Son zamanlar müraciət edən xəstələrin çoxunda rast gəlinən göz xəstəliyi quru göz sindromudur. Quru göz sindromu ümumiyyətlə nədir? Pasientlərin şikayətləri necə olur? Gözlərində yanıq, qızartı və iynə batma hissləri, nə qədər təəccüblü olsa da, sulanma və yaşarma halı rast gəlinir. Diaqnoz quru göz sindromu olsa da, gözdən kəskin olaraq yaş axması, göz sulanması arabir müşahidə olunur. Bunun yaranma səbəblərinə həyatımıza daxil olan monitorlar, displeylər, telefonlar və kompüterlər aiddir. Məişətdə istifadə etdiyimiz cihazlar və çalışma otağındakı mühit də bu vəziyyətə təsir göstərir. Mühitdəki nəmliyin kifayət qədər olmaması da bir amildir. Diqqət tələb edən işlərlə məşğul olan insanlar, məsələn, kompüter arxasında çalışanlar, mütailə (kitabla çalışan) insanlar və avtomobil idarə edən insanlar bu qrupa daxildir. Diqqət tələb edən iş olduğu üçün göz qırpma aktı azalır və göz lazımi qədər qırpılmır. Normalda dəqiqədə təxminən 14-17 dəfə göz qırpma aktı icra olunmalıdır, lakin diqqət tələb edən işlər görən insanlarda bu tezlik azalır və gec-gec göz qırpılır. Göz qırpma zamanı göz qapaqları kənardan göz yaşını, göz yaşı vəzinin ifraz etdiyi göz yaşını gözün səthi üzərində bərabər paylaşdırır və bununla da buynuz qişasının üzərini nəmləndirir, bu da buynuz qişanın qurumaqdan qorunmasını təmin edir”.
Oftalmoloq-cərrah müalicə üsullarının belə olduğunu bildirdi:
“Monitor arxasında əyləşən insanlar işi olmadığı zaman fasilələr etməlidir. Nəmləndirici damlalardan istifadə etmək lazımdır. Süni göz yaşı damlalaları göz yaşını əvəz edir. Göz quruluğunun bir səbəbi endokrin səbəblərdən ola bilər və ya göz yaşı yetəri qədər ifraz olunmaması da buna səbəb ola bilər”.
Samirə Şərif
18:07 04.12.2024
Oxunuş sayı: 9755