Endokrinoloq : Diabetin artmasında əsas rol oynayan amillər passiv həyat tərzi və yüksək şəkər istehlakıdır - MÜSAHİBƏ
Son onilliklərdə dünyada endokrin sistem xəstəliklərinin yayılma tempi sürətlə artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda planet üzrə hər 3 nəfərdən biri müəyyən dərəcədə hormonal pozuntu riski daşıyır. Xüsusilə iki xəstəlik qlobal miqyasda ciddi narahatlıq doğurur: şəkərli diabet və qalxanabənzər vəz xəstəlikləri. Dünya üzrə şəkərli diabetdən əziyyət çəkən insanların sayı 1990-cı illərdən bəri dörd dəfədən çox artaraq 2024-cü ildə təxminən 540 milyon nəfərə çatıb və proqnozlara əsasən, 2050-ci ildə bu rəqəm 1 milyardı keçəcək. Qeyd edmək lazımdır ki, diabet yalnız metabolik pozğunluq deyil, ürək-damar xəstəliklərindən tutmuş görmə itkisinə qədər yüzlərlə ciddi fəsada səbəb olan sistem xəstəlikdir. Qalxanabənzər vəz patologiyalarının yayılmasında da oxşar tendensiya müşahidə olunur. Son araşdırmalar göstərir ki, dünya əhalisinin təxminən 12–15%-i ömrünün hər hansı dövründə qalxanabənzər vəzi ilə bağlı problem yaşayır. Xüsusilə qadınlarda bu xəstəliklər kişilərlə müqayisədə 5–8 dəfə çox qeydə alınır. Ekoloji çirklənmə, yod çatışmazlığı, radiasiya fonunun artması və stress bu artımın əsas səbəbləri hesab olunur. Azərbaycanla bağlı qeyri-rəsmi hesablamalar göstərir ki, ölkə əhalisinin azı 10–12%-i müxtəlif dərəcəli endokrin pozuntularla üzləşir. Yod çatışmazlığı olan zonaların mövcudluğu, sürətli urbanizasiya, qeyri-sabit qidalanma modeli və həyat tərzinin dəyişməsi bu statistikanın formalaşmasında mühüm rol oynayır. Bu mənzərə göstərir ki, endokrin sistem xəstəlikləri təkcə ayrı-ayrı fərdlərin deyil, bütövlükdə cəmiyyətin sağlamlıq xəritəsini müəyyənləşdirən əsas faktorlardandır. Erkən diaqnostika, vaxtında müdaxilə, risklərin düzgün qiymətləndirilməsi və maarifləndirmə bu sahədə ən effektiv alətlər hesab olunur.
Məsələ ilə bağlı həkim- endokrinoloq Fərhad Burzu Crossmedia.az-a gniş müsahibə verib:
– Endokrin sistem xəstəliklərinin erkən diaqnostikası niyə bu qədər önəmlidir? İnsanlar hansı ilkin əlamətlərə diqqət etməlidirlər?
– Endokrin sistem orqanizmdə sinir sistemi ilə yanaşı fəaliyyət göstərən iki əsas idarəetmə mexanizmindən biridir. Bu sistemlər bir-biri ilə sıx əlaqədə çalışdığı üçün endokrin sistemdə yaranan hər hansı pozuntu yalnız bir orqanı deyil, eyni anda bir neçə orqan və sistemin fəaliyyətini dəyişə bilər. Məsələn, bir göz zəiflədikdə digər göz həmin funksiyanı kompensasiya edə bilir. Lakin endokrin vəzlər, xüsusilə də qalxanabənzər vəzi təkdir və onun funksional pozğunluğu eyni anda ürək–damar sistemindən tutmuş dəriyə, beyin fəaliyyətinə, təzyiqə və həyat keyfiyyətinə qədər geniş spektrdə dəyişikliklər yaradır. Erkən diaqnostika məhz buna görə vacibdir: bir problemi aradan qaldıranda bütün orqanizmdəki dəyişikliklər də düzəlməyə başlayır. İlkin əlamətlərə isə yorğunluq, yuxululuq, bədən çəkisində dəyişikliklər, tərləmə, əllərdə titrəmə, ürək ritmində pozğunluqlar, əsəbilik, temperatur tənziminin dəyişməsi, əsasən qadınlarda saç tökülməsi və menstrual sikldə pozuntular daxildir. Bu əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.
– Son illərdə qalxanabənzər vəz xəstəliklərinin artması nə ilə bağlıdır? Ekoloji və həyat tərzi faktorlarının rolu nə dərəcədədir?
– Qalxanabənzər vəzi ekoloji təsirlərə, xüsusilə də şüalanma və kimyəvi maddələrə qarşı ən həssas vəzlərdən biridir. Günlük qidalanma, havanın və suyun çirklənməsi, kimyəvi maddələrə məruz qalma bu vəzi birbaşa təsir göstərir. Zərərli elementlərin böyük hissəsi ilk olaraq qalxanabənzər vəzdə toplanaraq həm onun funksiyasını, həm də strukturunu dəyişir. Bu isə funksional pozğunluqların, düyünlərin və hətta bədxassəli törəmələrin yaranmasına gətirib çıxara bilər. Neft ölkəsi olduğumuzu nəzərə alsaq, torpaqdan və havadan daxil olan bəzi zərərli maddələrin orqanizmdə məhz qalxanabənzər vəzi zədələməsi təsadüfi deyil. Buna görə ekoloji amillər burada mühüm rol oynayır.
– Şəkərli diabet dünya üzrə geniş yayılıb. Diabetin qarşısını almaq üçün ən effektiv profilaktik tədbirlər hansılardır?
– Dünyada şəkərli diabetin yayılma göstəriciləri bəzi ölkələrdə 14%-ə qədər yüksəlib. Azərbaycanda rəsmi statistika təxminən 5%-dir, lakin qeyri–rəsmi rəqəmlər bu göstəricinin 10%-ə yaxın olduğunu göstərir. Söhbət həm tip 1, həm də tip 2 diabetdən gedir. Diabetin artmasında əsas rol oynayan amillər passiv həyat tərzi və yüksək şəkər istehlakıdır. Qeyd edim ki, 1995-ci ildən bu günə ölkəmizdə şəkər istifadəsi 10 dəfədən çox artıb. Üstəlik bu şəkərlərin keyfiyyəti də əvvəlki dövrlərlə müqayisədə daha aşağıdır. Profilaktik tədbirlər isə fiziki aktivliyin artırılmasından, qidalarda şəkər və karbohidratların minimuma endirilməsindən, çəkini stabil saxlamaqdan, aktiv həyat tərzinin bərpasıdır.
– Hormonal pozuntular insanın psixoloji vəziyyətinə necə təsir göstərir? Bu balanssızlıq gündəlik həyata hansı şəkildə sirayət edir?
– Ən sadə misalla desək, insulin rezistentliyi olan şəxslərdə acılıq krizləri, əsəbilik və impulsiv davranış tez-tez müşahidə olunur. Qalxanabənzər vəzin, böyrəküstü vəzin və cinsi hormonların pozuntuları da insanın xarakterinə, əhvalına və iş qabiliyyətinə ciddi təsir edir. Ona görə hormonal balans – psixoloji sağlamlığın ayrılmaz hissəsidir.
– Qadınlarda və kişilərdə hormonal dəyişikliklərin yaşa bağlı fərqləri nələrdir?
– İnsan doğulduğu gündən ömrünün sonuna qədər hormon səviyyələri dəyişir. Uşaqlıq, yeniyetməlik, reproduktiv dövr, klimaks və yaşlanma – hər biri hormonal statusun fərqli olduğu mərhələlərdir. Hər yaş dövrünə uyğun hormonal tarazlığın qorunması vacibdir. Çünki hormonların qeyri–mütənasib dəyişməsi həm həyat keyfiyyətini, həm də iş qabiliyyətini azaldır. Enerji sərfiyyatının balanslaşdırılması, adekvat qidalanma və aktiv həyat tərzi hormonal sistemin sağlamlığı üçün əsas faktorlar sayılır.
– Uşaqlarda endokrin xəstəliklərin özəllikləri nələrdir? Risk faktorları hansı yaş dövrlərində daha çox nəzərə alınmalıdır?
– Uşaqlarda endokrin sistem keçid dövrlərində – yəni yeniyetməlik ərəfəsində daha həssas olur. Bu dövrdə hormonal dəyişikliklər sürətlə baş verdiyi üçün istənilən pozuntu boy artımına, inkişaf proseslərinə və cinsi yetkinləşməyə təsir göstərə bilər. Əsas risk faktorları – qeyri-sağlam qidalanma, şirniyyatlı içkilərin çoxluğu və passiv həyat tərzidir. Bu vərdişlər gənclərdə piylənmə və nəticə etibarilə endokrin pozuntuların artmasına səbəb olur.
– Azərbaycanda yod çatışmazlığı ilə bağlı risk bölgələri mövcuddurmu? Bunun qalxanabənzər vəz xəstəliklərinə təsiri nədir? Profilaktik olaraq nə məsləhət görərdiniz?
– Həm Şimali, həm də Cənubi Qafqazda yod çatışmazlığı olan endemik zonalar mövcuddur. Bu bölgələrdə yod defisiti daha çox rastlanır və nəticə etibarilə qalxanabənzər vəz xəstəlikləri də daha geniş yayılır. Bu kimi ərazilərdə yaşayan insanlara yodlaşdırılmış duzdan istifadə etmək, yodla zəngin dəniz məhsullarını rasiona daxil etmək tövsiyə olunur.
– Sonda, gələcəkdə endokrinologiyada hansı yeniliklər gözlənilir? Süni intellekt, genetik analizlər və fərdiləşdirilmiş müalicə bu sahəyə necə təsir göstərəcək?
– Endokrinologiya həm mərkəzi, həm də periferik hormon dəyişikliklərini izləyən geniş sahədir. Süni intellekt qandakı göstəriciləri analiz edərək həkimlərə əlavə data təqdim edə, müəyyən proqnozlar verə bilər. Lakin heç bir alqoritm həkimin peşəkar təcrübəsini, xəstənin şikayətlərini, emosional vəziyyətini və klinik müşahidələri tam əvəz edə bilməz. Bununla belə, süni intellekt və genetik analizlərin inkişafı həm pasiyentlər, həm də həkimlər üçün müalicə prosesini daha dəqiq, sürətli və fərdiləşdirilmiş edəcək.
Elmir Heydərli
12:45 03.12.2025
Oxunuş sayı: 1373