İranın əməli ilə sözü üst- üstə düşmür - ŞƏRH
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin səsləndirdiyi “İran atom bombası yaratmağa can atmır” bəyanatı son illərdə beynəlxalq ictimaiyyətin diqqətini çəkən ən mühüm mövzulardan biridir. Bu açıqlama İranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən diskussiyalarda yenidən gündəmə gətirilib. Lakin sual yaranır: İranın bu bəyanatı nə qədər səmimidir və gerçək niyyətlərini əks etdirirmi? Tarixi və texniki kontekst, eləcə də beynəlxalq reaksiyalar bu məsələyə şübhə ilə yanaşmağa əsas verir. Bir tərəfdən, İranın enerji ehtiyatları və strateji maraqları nəzərə alındıqda, bu bəyanatın səmimiliyi, digər tərəfdən isə zənginləşdirilmiş uran ehtiyatları və nüvə texnologiyası sahəsindəki fəaliyyətlər, bəyanatın gerçək məqsədini araşdırmağı zəruri edir.

Bu barədə Crossmedia.az-a danışan Yaxın şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib ki, İran səmimi deyil: "Ali dini lider Seyid Əli Xamneyi demişdi ki, İran heç bir halda nüvə silahı düzəltməyə can atmır. Hətta "nüvə silahı haramdır" deyə bir fətvası var idi. Amma bu fətvanın, ümumiyyətlə, bu açıqlamaların nə qədər doğru, nə qədər səmimi olub-olmamağı, təbii ki, dünya ictimaiyyətini maraqlandıran suallardandır. Hesab edirəm ki, İran nüvə məsələsində heç vaxt səmimi olmayacaq və İran nüvə silahı əldə etməyə can atır. Bu məsələyə fərqli cür də yanaşmaq olar. İranın haqqıdırmı və ya deyilmi? Ümumiyyətlə, nüvə silahı, nüvə texnologiyası əldə etmək niyə bəzi dövlətlərə olar, bəzilərinə olmaz? Bu mexanizmi kim idadə edir? Niyə, məsələn, dünya ictimaiyyəti İranı bu məsələdə tənqidə məruz qoyduğu halda, İsrailin özünün də bu məsələdə olduqca ciddi araşdırmaları var? Niyə, məsələn, İsrailin üzərinə heç kim düşmür? Niyə, məsələn, başqa ölkələr bunu tətbiq etmirlər? Ümumiyyətlə, fikrimcə, güclü dövlət idarə etmək istəyən isətnilən lider nüvə silahı yaratmalıdır. Bunun fəsadları varmı? Təbii ki, var. Bu, öz növbəsində nüvə yarışmasına gətirib çıxaran bir amildir. İsrailin nüvə silahı olduğu halda İrandan bu silaha sahib olmamağı tələb etməsi böyük ədalətsizlikdir. Digər tərəfdən, İranın nüvə silahı əldə etməsi qlobal təhlükəsizliyə ciddi zərbə olacaqsa, təbii ki, bu özü də qəbulu mümkün olmayan bir vəziyyətdir. İranın nüvə silahı əldə etməsi Türkiyə, eləcə də Azərbaycan və Pakistan üçün və yaxud Ərəb-İslam dünyası üçün ciddi təhdid ola bilər. Amma yenə də bu məsələyə necə yanaşmaq çox önəmlidir. Mən heç bir halda İran rəsminə, açıqlamalarına səmimi baxmıram. Rəsmi Tehran ilk fürsətdə nüvə silahı əldə edəcək".

Politoloq Sultan Zahidov isə söyləyib ki, İran artıq iyirmi ildir ki, atom silahı əldə etməyə can atmadığını bəyan edir: "Lakin ABŞ və Avropa bu açıqlamalara inanmır. Bunun da səbəbləri var. Birincisi, İran neft-qaz ölkəsidir, kifayət qədər enerji ehtiyatlarına və alternativ enerji mənbələrinə malikdir. Bu halda sual yaranır: belə bir ölkə niyə uranın zənginləşdirilməsi ilə bu qədər ciddi şəkildə məşğul olsun? İkincisi, hazırda müxtəlif mənbələrə görə İranda təxminən altmış faiz zənginləşdirilmiş dörd yüz kiloqram uran ehtiyatının olduğu bildirilir. Bu isə o deməkdir ki, İranın məqsədləri yalnız sülhpərvər xarakter daşımaya bilər. Çünki uranın zənginləşdirilməsi iyirmi faizi keçdikdən sonra artıq proses hərbi məqsədlərə yaxınlaşmış hesab olunur. Atom elektrik stansiyalarında isə üç faizdən altı-yeddi faizə qədər zənginləşdirilmiş uran yanacaq kimi kifayət edir. İyirmi faizdən yuxarı zənginləşdirmə isə başqa məqsədlərin mövcudluğu ilə bağlı suallar yaradır".
Ekspert əlavə edib ki, bütün bunların fonunda İranın nüvə silahı əldə etmək imkanlarının da olduğu ehtimal edilir: "Rusiya və digər tərəfdaşlarla əməkdaşlıq, eyni zamanda siyasi iradə bu ehtimalı daha da gücləndirir. Çünki nüvə silahı, məlum olduğu kimi, çəkindirici güc hesab olunur. Xüsusilə Qərblə münasibətləri gərgin olan, özünü müəyyən mənada təcrid edən dövlətlər üçün nüvə silahı strateji əhəmiyyət daşıyır. Bu baxımdan, Şimali Koreyanın nüvə silahı əldə etməyə can atmasının əsas səbəblərindən biri də məhz təhlükəsizlik və çəkindiricilik amilidir. İran üçün də oxşar motivlərin mövcud olması təəccüblü sayılmamalıdır. Belə dövlətlər mümkün xarici müdaxilələrdən, xüsusilə Qərbin və ABŞ-ın hərbi təzyiqlərindən özlərini sığortalamaq istəyirlər. Bu kontekstdə isə əsas sığorta mexanizymi kimi nüvə silahı və onun yaratdığı çəkindirici güc ön plana çıxır".
Ayhan
15:50 12.02.2026
Oxunuş sayı: 504