NASA astronavtları müvəqqəti olaraq “Crew Dragon”a köçürüb
NASA Beynəlxalq Kosmik Stansiyada (ISS) xidmət edən beş astronavta ehtiyat tədbiri kimi SpaceX-in “Crew Dragon” kosmik gəmisinə keçərək sığınma əmri verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə Rusiyaya məxsus servis modulunun keçid tunelində yaranan hava sızmasının aradan qaldırılması işləri aparıldığı vaxt baş verib. Təmir işlərini rusiyalı iki kosmonavt həyata keçirib.
Mütəxəssislərin açıqlamasına görə, vəziyyət təcili evakuasiya tələb etməsə də, təhlükəsizlik prosedurları çərçivəsində ehtiyat addımlar atılıb. Bildirilir ki, ISS-in bəzi hissələri 1998-ci ildən bəri istismar olunur və stansiya artıq layihə ömrünü xeyli keçib.
Son illərdə struktur üzərində təzyiq və mikrozədələr, xüsusilə Rusiya “Soyuz” gəmilərinin doklanması zamanı yaranan təsirlər səbəbindən artıb. Mövcud çatlar yeni olmasa da, hava sızmasının sürətində qəfil artım qeydə alınıb.
Astronavtlar lazım gələrsə, bir neçə dəqiqə ərzində stansiyanı tərk edə biləcək vəziyyətdə olublar. Lakin bir neçə saat davam edən müşahidə və təmir işlərindən sonra problem aradan qaldırılıb və ekipaja ISS-ə təhlükəsiz şəkildə qayıtmaq icazəsi verilib.
00:27 12.06.2026
Oxunuş sayı: 43