Türk dövlətlərində “ortaq brend şüuru”nu necə yaratmalıyıq?
Avropa ölkələrində ortaq brendlər yalnız ticarət nişanı deyil, eyni zamanda keyfiyyət, təhlükəsizlik və istehlakçı etibarının simvoludur. Məsələn, Avropa Birliyinin ərzaq məhsulları üzrə vahid standartları istehlakçıların məhsul seçimini asanlaşdırır, eyni zamanda üzv ölkələr arasında ticarətin şaxələnməsinə xidmət edir.
Türk dünyasında isə belə vahid brend konsepsiyasının olmaması regional bazarda fərqli standartlar, qiymət və istehlakçı etibarında müəyyən uyğunsuzluqlar yaradır. Bu baxımdan, ortaq brendin yaradılması yalnız iqtisadi rəqabəti gücləndirməklə qalmayıb, həm də Türk dünyasının mədəni və iqtisadi birliyini simvolizə edə bilər. Bu yazıda biz həm Avropa təcrübəsini, həm də Türk dünyasında bu potensialın reallaşdırılma imkanlarını araşdıracağıq.
Məsələ ilə bağlı politoloq Sabir Məmmədli Crossmedia.az-a bildirib ki, Avropa ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, vahid standartlaşma sistemi qısa müddətdə formalaşmır.

“Bu proses hələ ötən əsrin sonlarından başlayaraq, mərhələli şəkildə inkişaf etmiş və zamanla müxtəlif sahələri əhatə etmişdir. İlk mərhələdə vahid intellektual mülkiyyət normaları, ümumi hüquqi prinsiplər və tənzimləyici mexanizmlər qəbul edilmiş, daha sonra isə məhsul istehsalı və xidmət sahələri üzrə vahid texniki göstəricilər və standartlar formalaşdırılmışdır.
Bu sistem Avropa İttifaqına üzv dövlətlər üçün yalnız formal yanaşma deyil, eyni zamanda ciddi nəzarət mexanizmləri və uyğunluq tələbləri ilə müşayiət olunur. Yəni, məsələ təkcə “etiketi dəyişmək” və ya “standart adı vermək” deyil. Hər bir məhsul müəyyən göstəricilərə cavab verməli, istehsal prosesində keyfiyyət, təhlükəsizlik və uyğunluq tələbləri real şəkildə təmin olunmalıdır.
Qeyd etmək lazımdır ki, bu proses bir-iki il ərzində deyil, onilliklər boyunca mərhələli şəkildə formalaşıb. Avropa təcrübəsində bu, ən azı 10-15 illik ardıcıl islahatların nəticəsidir. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Birliyi çərçivəsində də gələcəkdə vahid standartlaşma mexanizmlərinin formalaşdırılması mümkündür. Lakin bu, yalnız qanunvericiliklərin uyğunlaşdırılması, texniki göstəricilərin yaxınlaşdırılması və institusional islahatların aparılması ilə mümkün ola bilər.
Hazırkı mərhələdə isə bu prosesin tam şəkildə reallaşması real görünmür. Çünki mövcud göstəricilərin və standartların bir çoxu hələ xarici bazar tələblərinə uyğun səviyyədə tətbiq edilmir. Bu səbəbdən, ilk növbədə mövcud sistemlərin təkmilləşdirilməsi və uyğunluq səviyyəsinin artırılması əsas prioritet kimi müəyyən edilməlidir".
Məsələnin iqtisadi tərəflərilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a bildirib ki, ümumi iqtisadi inteqrasiyanın düzgün qiymətləndirilməsi və bu qiymətləndirmənin real mexanizmlərlə tətbiqi yalnız nəzəri deyil, praktiki baxımdan da mühüm nəticələr verə bilər.

"Əgər bu yanaşmalar konkret iqtisadi alətlərə çevrilərsə, onların real faydası təmin olunacaq. Xüsusilə, malların dövriyyəsinin sərbəstləşdirilməsi baxımından vahid mexanizmlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə məhsulların vahid kodlaşdırma sisteminə cəlb edilməsi, gömrük və ticarət prosedurlarının uyğunlaşdırılması mümkün və zəruri addım kimi çıxış edir.
Bununla yanaşı, ümumi iqtisadi inteqrasiya çərçivəsində ixrac mallarına eyni qaydaların tətbiqi ticarətdə şəffaflığı və qarşılıqlı etimadı gücləndirər. Bu isə üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha sürətli və səmərəli şəkildə inkişafına şərait yaradar.
Belə bir sistemin formalaşması üçün Türk Dövlətləri Birliyi çərçivəsində vahid qanunvericilik bazasının mərhələli şəkildə uyğunlaşdırılması vacibdir. Bu proses zaman və ardıcıl siyasi iradə tələb etsə də, uzunmüddətli perspektivdə iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verəcək".
Tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu Crossmedia.az-a bildirib ki, Türk dövlətləri arasında ilk öncə “ortaq brend şüuru”nu formalaşdırmaq lazımdır. Bu həm hüquqi, həm də iqtisadi baxımdan mümkündür:

"Türk Dövlətləri Təşkilatı (TDT) birbaşa istehsalçı olmasa da, ortaq brend/loqo altında sertifikatlaşdırılmış məhsulların istehsalı və ixracı üçün platforma rolunu da oynaya bilər. Özünün istehsal etdiyini beynəlxalq bazara çıxartmaq üçün birincisi TDT-a üzv ölkələr üçün standartlar müəyyən olunmalıdır. Və o standartlara uyğun da məhsul istehsal olunmalıdır. Adətən, Avropadan fərqli olaraq TDT ölkələrinin məhsulları daha orqanik, GMO-suz hesab olunur. Buna görə də tələbat da daha artıq olacaq. Bu o deməkdir ki, qida və aqrar məhsullar ilkin olaraq dünya bazarına çıxmaq üçün daha realdır.
Məsələn, bal Azərbaycan, Qazaxıstan, Qırğızıstan üçün yaxşı məhsuldur. Quru meyvə, qoz-fındıq, nar məhsulları, zeytun yağı, fermentasiya məhsulları (kumıs, ayran, qurut). Qazaxıstan bu sahədə yaxşıdır. Türk xalqlarında tekstil mədəniyyəti çox güclüdür (Türkiyə, Özbəkistan). Pambıq geyimlər (özbək pambığı, turizm, ipək kəlağayılar, şarflar, kətan məhsulları və s. (Azərbaycan), keçə məhsulları (Qazaxıstan və Qırğızıstan), etno-modern aksesuarlar (hər birində), təbii kosmetika (bitki və heyvan rəngarəngliyini nəzərə alanda hər birində)... Bütün bunları təqdim etmək üçün də paketləmə, saxlama müddəti və s., bir də ixrac olunan ölkələrin xüsusiyyətləri və standartları da nəzərə alınmalıdır".
Elmir Heydərli
12:06 11.02.2026
Oxunuş sayı: 1661