Qızıl "od qiymətinə": Cəld tərpənin...
Dünya bazarlarında qızılın qiymətində müşahidə olunan davamlı artım ictimai marağı yenidən bu qiymətli metalın üzərinə yönəldib. Əsrlər boyu etibarlı sərvət və iqtisadi təhlükəsizlik rəmzi sayılan qızıl bu gün də qlobal qeyri-müəyyənliklər fonunda öz aktuallığını qoruyur. Qiymət artımı isə təsadüfi deyil və bir neçə mühüm iqtisadi, siyasi və maliyyə amilinə əsaslanır. İnflyasiya təzyiqləri, aparıcı valyutaların dəyərdən düşməsi, geosiyasi risklərin artması, eləcə də mərkəzi bankların qızıl ehtiyatlarını genişləndirməsi bu bahalaşmanı şərtləndirən əsas faktorlar sırasında yer alır. Belə bir şəraitdə qızıl yenidən investorlar üçün “təhlükəsiz liman” funksiyasını ön plana çıxarır və qiymətlərin yüksəlməsi məntiqi zərurətə çevrilir. Bu artım Azərbaycan bazarında da müşahidə olunur.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib: “Qızılın 5 faizdən çox bahalaşması əsasən qlobal iqtisadi və maliyyə faktorlarının təsiri ilə formalaşır. Qızılın qiyməti birbaşa olaraq inflyasiya gözləntiləri, mərkəzi bankların pul-kredit siyasəti, geosiyasi risklər, qlobal iqtisadi qeyri-müəyyənlik və dolların məzənnəsi ilə tənzimlənir. İnflyasiya yüksəldikdə və ya yüksələcəyi gözlənildikdə investorlar pullarının dəyərini qorumaq üçün qızıla yönəlir. Eyni zamanda faiz dərəcələrinin aşağı düşməsi və ya düşəcəyi gözləntisi qızılı daha cəlbedici edir, çünki qızıl gəlir gətirməsə də alternativ xərci azalır. Qiymət artımına təsir edən digər mühüm amil mərkəzi bankların davranışıdır. Bir çox ölkənin mərkəzi bankları valyuta ehtiyatlarını şaxələndirmək üçün qızıl alışlarını artırdıqda bu, bazarda əlavə tələb yaradır və qiymətləri yuxarı çəkir. Bundan əlavə, müharibələr, siyasi gərginliklər və qlobal maliyyə böhranı riski artdıqda qızıl təhlükəsiz liman kimi ön plana çıxır”.
Ekspert əlavə edib ki, qiymətlərin daha da artması ehtimalı tamamilə bu faktorların necə inkişaf edəcəyindən asılıdır: “Əgər qlobal miqyasda risklər yenidən güclənsə, inflyasiya təzyiqləri artsa və ya ABŞ-da faiz endirimləri gündəmə gəlsə, qızılın yenidən bahalaşması mümkündür. Lakin hazırkı mərhələdə qızılın ucuzlaşması və dolların möhkəmlənməsi bazarların qısamüddətli olaraq dolları üstün tutduğunu göstərir. Bununla belə, dolların uzun müddət ardıcıl şəkildə güclü qalması ehtimalı yüksək qiymətləndirilmir. ABŞ iqtisadiyyatında yavaşlama riskləri, artan büdcə kəsiri və gələcəkdə faiz endirimi ehtimalları uzunmüddətli perspektivdə dolların mövqeyini zəiflədə, qızılı isə yenidən ön plana çıxara bilər. Ona görə də hazırkı ucuzlaşma daha çox müvəqqəti korreksiya kimi dəyərləndirilir və orta, uzun müddətdə qızıl yenə də investorlar üçün vacib qoruyucu aktiv olaraq qalır”.
Ayhan
10:40 05.02.2026
Oxunuş sayı: 685