Məhsullarımız “Made in Turkic States” brendi altında dünyaya ixrac olunmalıdır - TƏKLİF
Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və investisiya tərəfdaşlığının genişləndirilməsi barədə razılığa gəlib. Razılaşma Daşkənddə keçirilən Ticarət və İnvestisiya Nazirləri Şurasının I iclasında əldə olunub və tərəflər qarşılıqlı ticarətin artırılması, birgə sənaye və infrastruktur layihələrinin inkişafını hədəfləyir.
Bu razılaşma Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiyanı sürətləndirə və regionun qlobal investisiya cəlbediciliyini artıra bilər. Xüsusilə birgə istehsal və infrastruktur layihələri uzunmüddətli və dayanıqlı əməkdaşlıq üçün real zəmin yaradır. Eyni zamanda, bu addım regionu beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli edə bilər.

Bu barədə Crossmedia.az-a danışan iqtisadçı- alim Fuad Qənbərov bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, xüsusilə Orta Dəhliz və birgə istehsal layihələri regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq: "Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında investisiya tərəfdaşlığının genişləndirilməsi ilə bağlı razılaşma mövcuddur. Çünki Mərkəzi Asiya ölkələri Azərbaycanın əsas strateji tərəfdaşlarıdır. Tacikistan istisna olmaqla, bu ölkələr Türk Dövlətləri Təşkilatının üzvləridir. Son illər bu təşkilat çərçivəsində iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başlayıb və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrində mühüm irəliləyişlər qeydə alınıb. Azərbaycanda qeyri-neft ixracının əsas bazarlarından biri Mərkəzi Asiya ölkələridir. Biz il ərzində bu ölkələrə təqribən 4–5 milyon dollar dəyərində mineral su və şərab ixrac edirik. Amma müqayisə etdikdə görürük ki, Gürcüstan il ərzində təxminən 65 milyon dollar dəyərində bu məhsulları həmin ölkələrə ixrac edir. Halbuki Azərbaycanın mineral suları və şərabları Gürcüstanın eyni məhsulları ilə müqayisədə keyfiyyət baxımından geri qalmır və qiymətləri də kifayət qədər münasibdir. Ona görə də yeni bazarların əldə olunması və Azərbaycanın məhsullarının bu ölkələrə ixracının artırılması düşünürəm ki, mühüm əhəmiyyət kəsb edir. Bu razılaşmada regional ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılması hədəfinin qoyulması da önəmlidir və bu baxımdan əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var".
Onun sözlərinə görə, digər əsas istiqamət Orta Dəhlizlə bağlıdır: "Çünki Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra Mərkəzi Asiya ölkələri əsas ticarət yolu kimi Orta Dəhlizi seçiblər və bu dəhliz üzrə yükdaşımalar ildən-ilə artır. Burada təkcə yükdaşımalar deyil, həm də Orta Dəhliz boyunca birgə əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur. Bu ölkələrlə iqtisadi əlaqələrin inkişafında əsas istiqamətlərdən biri birgə istehsalatın təşkili olmalıdır. Çünki ortaq istehsalatın yaradılması ölkələr arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə böyük töhfə verəcək. Burada əsas hədəf “Made in Central Asia” brendi altında birgə istehsalatın təşkilidir. Düşünürəm ki, bu mümkündür. Əslində, biz “Made in Turkic States” brendi altında istehsalat təşkil edib bu məhsulları dünya bazarına ixrac etməyi hədəfləməliyik".
Ülvi Zahidov
16:08 28.01.2026
Oxunuş sayı: 518