Körpə ölümləri niyə artıb? - Araşdırma
Son zamanlar cəmiyyətdə narahatlıq yaradan əsas məsələlərdən biri körpə ölümlərinin artmasıdır. Bir sıra körpələr anadan olandan bir neçə ay sonra ölürlər.. Bəzən isə heç doğulmurlar, yəni ana bətnindəki döl tələf olur
Uşaq ölümləri istənilən cəmiyyətin sosial rifahını, səhiyyə sisteminin effektivliyini və dövlətin insan həyatına verdiyi dəyəri ölçən ən həssas göstəricilərdən biridir. Xüsusilə bir yaşına çatmamış körpələrin ölümü yalnız tibbi məsələ deyil, eyni zamanda sosial, iqtisadi və institusional problemlərin güzgüsüdür.
Bu barədə apardığımız araşdırma konteksində Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü il ərzində Azərbaycanda 1 yaşadək 1420 uşaq ölümü qeydə alınıb. Onlardan 752-i şəhər, qalanları, yəni 669-u isə kəndlərdlə baş verib.
Statistikadan məlum olur ki, 2024-cü ildəki göstərici 2023-cü illə müqayisə xeyli azdır. Buna baxmayaraq, məsələ öz aktuallını qoruyur. Əsas sual isə budur: Körpə ölümlərinin bu qədər kütləviləşməsinin əsas səbəbləri nələrdir?

Sözügedən hadisələrin əsas səbəbləri barədə Crossmedia.az-a danışan professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, ana və uşaq ölümü son dərəcə ciddi göstəricidir: "Bu göstəricinin səviyyəsi nə qədər yüksəkdirsə, deməli, məsələnin həm təşkilati tərəflərində, həm də genefondun sağlamlıq vəziyyətində ciddi problemlər mövcuddur. Birincisi, bu günə qədər ana və uşaq mühafizəsini lazımi səviyyədə təşkil edə bilməmişik. Halbuki bu sahə dövlət proqramlarında xüsusi yer tutur. İlk növbədə nəzərə almaq lazımdır ki, bütün hamiləliklər planlı olmalıdır. Arzuolunmayan, planlaşdırılmamış hamiləliklər risklidir və hər kəs bunu dərk etməlidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər bir qadın hamiləlikdən əvvəl öz orqanizminin bu prosesə nə dərəcədə hazır olduğunu bilməlidir. Hamiləliyi təhlükəsiz şəkildə daşımaq imkanları öncədən müəyyənləşdirilməlidir. Əks halda, qadın virus hepatitləri, xüsusilə hepatit B, ürək-damar və ya böyrək xəstəlikləri kimi mövcud sağlamlıq problemləri ilə hamiləliyə daxil olur və hamiləliyin son mərhələlərində ciddi fəsadlarla üzləşir. Nəticədə ya ana, ya uşaq, bəzən isə hər ikisi həyatını itirir. Təəssüf ki, qadınların müəyyən bir qismi — təbii ki, hamısı deyil — hamiləliyə adi bir proses kimi yanaşır, hamiləliyin son aylarında və ya vəziyyət ağırlaşdıqda həkim axtarışına başlayır. Problem də məhz buradan qaynaqlanır".
Ekspert əlavə edib ki, ən ciddi məsələ hamiləliyin planlaşdırılması, vaxtında qeydiyyata alınması və mütəmadi tibbi müayinələrin aparılmasıdır: "Bu proseslər vahid klinik protokola uyğun şəkildə həyata keçirilməlidir. Təəssüflər olsun ki, hazırda bu mexanizmlər ya tam işlək deyil, ya da faktiki olaraq mövcud deyil. İkinci mühüm məqam doğuş üsulunun düzgün seçilməsidir — təbii doğuş, cərrahi (süni-abdominal) doğuş və digər variantlar tibbi göstərişlər əsasında müəyyənləşdirilməlidir. Hazırda süni-abdominal doğuşlara meyilliliyin artması da narahatedici məqamdır və bu sahə ciddi nəzarətə götürülməlidir.Bütün bu məsələlər əslində müalicə işinin və səhiyyə sisteminin təşkilindən qaynaqlanır. Bu sahədə ciddi nöqsanlar mövcuddur və hər bir ana və uşaq ölümü hadisəsi ayrıca araşdırılmalı, səbəblər dəqiq müəyyənləşdirilməlidir. Yalnız bu halda bütün sistem vahid mexanizm kimi normallaşdırıla bilər".

Ginekoloq- həkim Rəşad Sultanov isə bildirib ki,həm ana bətnində, həm də doğuşdan sonra baş verən ölüm halları bir-biri ilə əlaqəli də ola bilər, əlaqəsiz də: "Doğuşdan sonra körpənin ölümü tibbi terminologiyada “yeni doğulmuş ölüm” adlanır və bu göstərici istənilən ölkənin səhiyyə sisteminin əsas qiymətləndirmə meyarlarından biridir. Bu mövzu ətrafında artıq dəfələrlə geniş müzakirələr aparılıb. Yeni doğulmuş ölümlərinin əsas səbəbi əksər hallarda vaxtından əvvəl doğuşdur. Bununla yanaşı, digər tibbi səbəblər də mövcud ola bilər. Lakin mən sualın birinci hissəsinə — indiyə qədər az toxunduğumuz bətindaxili ölüm məsələsinə daha çox diqqət yetirməyin məqsədəuyğun olduğunu düşünürəm".
Həkim əlavə edib ki, bətndaxili ölümün bir neçə səbəbi ola bilər: "Ginekoloji praktikada bu hallar əsasən dölün qan dövranının pozulması ilə əlaqələndirilir. Döl ana orqanizmi ilə “cift” adlanan xüsusi orqan vasitəsilə əlaqədə olur. Əgər ciftin qan dövranında kəskin və ya xroniki pozğunluq yaranarsa, döl anadan kifayət qədər qan, oksigen və qida maddələri ala bilmir və nəticədə həyatını itirir. Xroniki hipoksiya zamanı bu proses tədricən baş verir. Belə hallarda döl əvvəlcə inkişafdan geri qalır və hamiləliyin müəyyən mərhələlərində bu vəziyyəti aşkar etmək mümkündür. Vaxtında diaqnoz qoyularsa, müvafiq tibbi tədbirlər görülə bilər. Lakin bəzi hallarda bu proses qəfil, heç bir klinik əlamət olmadan da baş verə bilir. Əslində, mama-ginekoloqların əsas vəzifəsi risk faktorlarını vaxtında müəyyənləşdirmək və tibbi protokollara uyğun olaraq müvafiq tədbirləri həyata keçirməkdir. Hər bir vəziyyət fərdidir və hər bətindaxili ölüm hadisəsinin özünəməxsus səbəbləri ola bilər. Bəzən isə heç bir aşkar səbəb olmadan ana bətnində dölün ölümü baş verir ki, tibbdə bu hal “səbəbi naməlum bətindaxili ölüm” kimi xarakterizə olunur".
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) məsələ ilə bağlı sorğu versək də, təəssüf ki, sorğumuza cavab ala bilmədik. Yəqin ki, mövzunun aktuallığını bizim kimi onlar da başa düşürlər. Elə isə???...
11:04 22.01.2026
Oxunuş sayı: 1224