Orqan donorluğu İslamda günah sayılırmı?
Müasir dövrdə tibbin inkişafı ilə insan həyatını xilas etməyin yolları genişlənib və bu istiqamətdə ən mühüm vasitələrdən biri də orqan transplantasiyasıdır.
Lakin cəmiyyətdə bu məsələ ilə bağlı təkcə tibbi deyil, eyni zamanda dini və mənəvi suallar da müzakirə olunur. Xüsusilə, insan vəfat etdikdən sonra orqanlarının başqa birinə bağışlanmasının dinimizdə necə qiymətləndirildiyi tez-tez gündəmə gəlir.
Digər tərəfdən, bəzi din xadimləri tərəfindən insanın mütləq şəkildə bütöv halda dəfn olunmalı olduğu fikri irəli sürülür. Bu yanaşmanın dini əsaslarının olub-olmaması isə mübahisə doğuran məsələlərdən biridir.
Bəs görəsən, İslam dini orqan donorluğuna necə yanaşır? İnsan həyatını xilas etmək məqsədilə edilən bu addım din baxımından məqbul sayılır, yoxsa yox?
Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Crossmedia.az-a açıqlama verib:

“Ümumiyyətlə, bir insanın vəfat etdikdən sonra onun hər hansı orqanının başqa bir insana köçürülməsi və ya istifadə edilməsi qəbahət sayılmır. Bununla bağlı dini baxımdan da hər hansı günahdan söhbət getmir. Bəzilərinin iddia etdiyi kimi, insan bədəni mütləq şəkildə bütöv halda torpağa qovuşmalıdır fikrinin də ciddi əsası yoxdur.
Çünki tarix boyu və müxtəlif şəraitlərdə elə hadisələr baş verib ki, nəticədə insanın bütün bədən üzvləri torpağa qarışmayıb. Qurani-Kərimdə də bu məsələyə dolayı şəkildə işarə edən məna var: bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq kimidir.
Bu baxımdan yanaşdıqda, orqan donorluğu məhz insan həyatını xilas etməyə xidmət edən ali bir addım kimi qiymətləndirilə bilər”.
İlahiyyatçı əlavə edib ki, digər tərəfdən, insan vəfat etdikdən sonra onun hər hansı bir hiss etməsi, ağrı və ya əzab duyması kimi məsələlərdən söhbət getmir:
“Bu səbəbdən də, dünyasını dəyişmiş bir şəxsin orqanlarının başqa insanlarda istifadə olunması həm daha məqsədəuyğun, həm də humanist və təqdirəlayiq bir davranışdır”.
Ayhan
14:20 27.04.2026
Oxunuş sayı: 1185