Kriminal məhəllədən sənətin zirvəsinə - Xalq rəssamı Arif Hüseynovun hekayəsi
Azərbaycan təsviri sənətində klassik irslə müasir yanaşmanı birləşdirən sənətkarlar hər zaman xüsusi diqqət çəkib. Bu günki müsahibim də məhz bu xətti davam etdirərək, folklordan tutmuş klassik ədəbiyyata, tarixi şəxsiyyətlərdən milli dəyərlərə qədər geniş mövzuları əsərlərində yaşadır.
Onun yaradıcılığında Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir kimi maarifçi ziyalıların təsiri aydın hiss olunur.
Rəssamla söhbətimizdə həm bu təsirin qaynaqları, həm də onun keçmişlə bu günü birləşdirən yaradıcılıq yolu barədə danışdıq.
Azərbaycan Xalq rəssamı Arif Hüseynov Crossmedia.az-a geniş müsahibə verib:
- Rəssam olmaq qərarını necə verdiniz?
- Əvvəla onu deyim ki, mən Bakının Sovetski küçəsində böyümüşəm. İndi sən cavansan, eşidirsən, eşitmirsən – o küçə çox ağır küçə idi. Kriminal strukturlar, güclü qruplar vardı. Uşaqlar mənim yaşımda idilər. Rəssam olmağımın təməli də elə oradan başlayır.
Məktəbdə altıncı-yeddinci siniflərdə oxuyurdum. Orada uşaqlar mütləq bir qrupa üzv olmalı idilər, tək gəzmək mümkün deyildi. Güclü qruplar da var idi, zəif qruplar da. Mən də onlardan birində idim, gəlir-gedir, oxuyurdum.
Mənim dayım rayonda, Mərəzədə (indi Qobustan rayonuna daxildir) təhsil şöbəsinin müdiri idi. Bura gələndə mənə kitabxanadan kitablar gətirirdi. Mən də hər dəfə onları oxuyurdum. Sadə kitablar deyildi bunlar – Homerin “İliada”sı, Amerika faciəsi və bu kimi ağır əsərlər. Gələcəkdə oxuyarsan, deyirdilər.
Hər dəfə birini oxuyurdum. Eyni zamanda, kodla (qrupun içində) gedir, oynayırdım. Məktəbdən çıxan kimi həyətə düşürdüm. Mənim məktəbimin sağ tərəfində həyət var idi. Orada rəhmətlik Yaşar Nuri də oxuyurdu, məndən bir az cavan idi. Xanlar Əhmədov da o məktəbdə oxumuşdu – Tağıyevin heykəlini yaradan rəssam. Onun üçün də oradan çıxıb gedirdim.
Bir dəfə getməsən, sən “persona qara”, “beloy vorona” olursan. Bu, küçə strukturlarında belə idi. Gedirdik həyətə. İki həyət var idi – biri yuxarı, biri aşağı. Orada futbol oynayardıq. Qrup gedən kimi “gəl pajar oynayaq” deyirdilər. Pajar xırda pullarla (on qəpik, iyirmi qəpik) oynanılan oyundur. Pul yığır, atırdın, sonra çöl vururdun. Çevriləndə pul sənin olurdu. Mən də oynamışam, bir həftə ərzində.
Anam zəhmli arvad idi, mənə pul verirdi – “abbası” verirdi ki, pirajki alım, yemək yeyim. Mən də onları yeyirdim. Əvvəlcə bunlar mənə zarafat kimi görünürdü. Amma günlərin bir günü dərsdən sonra gəldim, gördüm ki, komanda həyətə gəlib. Anam da möhkəm xarakterli idi.
Anam soruşdu ki, “bunların səninlə nə işi?”. Oxuyan da var idi aralarında, oxumayan da. Soruşdu uşaqlardan: “Nə istəyirsən Arifdən?”…
Dedilər ki, bir manat borcu var. Qumar oynamışam deyə. Anam təbii ki, manatı verdi, onları yola saldı. Sonra mənə dedi: “Köpəkoğlu, sən ziyalı ailəsindənsən, qumar oynayırsan?”
Məhəllədə belə şeylər var idi. Dedim ki, “yox, oynamamışam, zarafat edirlər”. Amma anam on manatlıq əziyyət çəkdikdən sonra dedi: “Bilirsən nə var? Bir də onlarla görüşmürsən”.
O vaxtdan evə bağlandım. Otaqlar balaca-balaca idi, Sovet hökuməti dövrünün evi idi də. Qapını bağlayırdılar, mən də evdə oturub dərslər oxuyurdum. Sonra kitablara baxmağa başladım – Səməd Vurğun, Nizami, Füzuli. Onları kopya etməyə başladım. Kitabdan-dərslikdən çox-çox çəkdim, elədim. Görürdüm ki, alınır, alınır.
- Məktəb illərinizi necə xatırlayırsınız?
- Məktəbdə yavaş-yavaş işlər dəyişməyə başladı. Məktəbi düzəldən müəllimlərimdən Humay Həsənzadə idi. Bunu Misir Mərdanova da demişəm. Səhər tezdən camaatı idman etdirməyə başlayırdı. O, həm də ədəbiyyat müəllimi idi. Dərsi verirdi, idman keçirirdi.
Məktəbdə divar qəzeti var idi, mən də orada karikaturalar çəkirdim. Məktəb bu mənada populyar idi. Çəkəndə uşaqlar mənə sataşırdılar, mənim şəkillərimi göstərirdilər. Bunlar da zarafat idi. Bir gün ədəbiyyat dərsində Füzulinin 500 illik yubileyi keçirilirdi. Müəllim dedi ki, Füzulidən dərsimiz olacaq, sən onun şəklini çəkə bilərsən, yazı dəftərində.
Dedim, əzbər bilirəm. Reytinqim də yaxşı idi. 10 dəqiqə ərzində qara taxtada karandaşla Füzulinin portretini çəkdim. Hamı baxdı, reytinqim xeyli qalxdı. Bir-iki gün sonra yanımdakı oğlan mənə dedi: “Sən niyə belə özündən razı gəzirsən?”
Mənə oturuşuma görə “rəssam” deyirdilər, hörmət edirdilər, qiymət yazırdılar.
O dedi: “Bunların hamısı boş şeydir. Sənin dünyada rəssamlıqdan xəbərin yoxdur”.
Dedim: “Mən evdə oxuyuram, köçürürəm, hamısını öyrədirlər”. Dedi: “Yox, mən gedirəm Piyanistlər Evinə, rəssamlıqla məşğulam. Məni burada tanımırlar, orada tanıyırlar”.
Məni də apardı ora. Getdik indiki Bəstəkarlar Evinə (o vaxt Piyanistlər Evi idi). Üçüncü mərtəbəyə qalxdıq. İçəri girəndə gördüm ki, Səttar Bəhlulzadənin və başqa tanınmış rəssamların əsərləri asılıb. Mən də əsərlərimi aparmışdım. Müəllim baxdı və dedi: “Lap yaxşı”. Nə yaxşı, nə pis bir şey demədi. İndi bilirəm ki, ürəyində nələr keçirdi.
Amma mən artıq professional səviyyəyə yaxınlaşmışdım. Müəllim studiadakı podiumu göstərərək dedi: “Çıx orada otur”. Uşaqlar var idi – erməni, rus uşaqları, ayrı bir atmosfer. İşıqlar yandırıldı, on dəqiqədən bir pozamı dəyişirdim. Onlar tez məni çəkirdilər. Sonradan bildim niyə. Oradan gələndə öz-özümə deyirdim: “Niyə gəlmişəm bura?”
Amma dostum məni inandırdı ki, tanış olmaq lazımdır, gərək dəftər-kitab, kağız gətirəsən. Müəllimlik çox uzaqgörənlik tələb edir. O bir baxışda başa düşmüşdü məndən rəssam olacağını. Gələn dəfə kağızları gətirdim və məşğul olmağa başladım. Yeddinci sinifdən başlayaraq rəssamlığa ciddi girişdim. Orada ayrı cür çəkirdilər. Nə Nizami, nə Füzuli – professional səviyyədə hazır işlər idi.
Bir yarım il keçəndən sonra məktəbdə artıq “rəssam” kimi tanınmağa başladım. Rus dilində Azərbaycan rəssamları haqqında kitablar oxuyurdum. Ruscam yaxşı idi. Çox güclü müəllimimiz var idi. Bir gün bir əsər haqqında esse yazdıranda mən essedəki qəhrəmanların karikaturalarını çəkdim: Xlestakov, Revizor, şəhər bələdiyyəsi, arvadları, Dobçinski, Bobçinski… Adlarını da yazdım. Səhər dərsdə hamı inşa oxuyurdu. Mən də dəftəri verdim. Müəllim baxdı, sonra götürüb cırdı. Bu mənə çox pis təsir etdi. Bir il, iki il bu hadisə məni narahat etdi.
Doqquzuncu sinfi qurtardım. Bir il kuryer işlədim, axşam məktəbində oxudum. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə girdim. Ora çox ağır idi. Çoxları dörd-beş il kəsilirdi. Ədəbiyyatdan, imladan kəsirdilər. Mən birinci zaldan hamısından dörd aldım və qəbul olundum. Sentyabrda məktəbə gələndə həmin müəllim məni görüb rəngi qaçdı. Anladı ki, düzgün hərəkət etməyib. Məni sənətə gətirən digər müəllimlər isə psixoloji cəhətdən məni dəstəklədilər. Mikayıl Abdullayev, Tofiq Məmmədov, Tahir Salahlı kimi müəllimlərim oldu. Onlar mənə zəhmətsevərlik və işə düzgün yanaşma öyrətdilər.
Universitetə qədər bir il əvvəl kuryer işləyirdim. Kağız tapmaq çətin idi. Bilik Cəmiyyətində işləyirdim. Oradan paçka-paçka sarı kağızlar götürürdüm. Köhnə Univermaq (indiki Atatürk Mərkəzi) yaxınlığında rəssamlar oturub çəkirdilər. Mən də gedib otururdum, çəkirdim. Hər dəfə 50-60 şəkil verirdim. Bir gün iş prosesində sekretar xanım yox idi. Qapını döydüm, içəridə Yusif Məmmədəliyev (Akademiyanın prezidenti, akademik) otururdu. Papkam düşdü, rəsmlərim yerə töküldü.
Baxdı: “Yaxşı sənətdir, çətin sənətdir. Sevirsən bu işi?” soruşdu. Dedim ki, bəli, iki ildir məşğulam, Əzimzadə məktəbində oxuyuram. Dedi: “Düz yoldasan”. May ayı idi. İmtahan verdim və rəssamlıq məktəbinə girdim. O vaxt 15-16 yaşım var idi. Orada iki il oxudum.
- Əsgərlikdə rəssamlıqla necə məşğul olurdunuz?
Sonra əsgərliyə getdim. Üç il əsgərlik edirdim. Əsgərliyə gedəndə artıq iki il kursda işləyirdim. Dedim ki, mən qaldım, bunlar işləyəcəklər. Getdim Lvov şəhərinə. Bizi gecə endirdilər. Mən dünyanın heç bir yerini görmürdüm, kənddən başqa yalnız Bakını tanıyırdım. Şəhərin içindən stadiona ayaqla gedirdik. İlk iki gün çox çətin keçdi. Qış idi, soyuq idi. Gəncə tərəfdən olan uşaqlar çox idi. Onlar qışqırırdılar. Qatardan düşüb gedəndə saat gecə ikisi idi. Cizgi filmlərdə gördüyün kimi evlərin işıqları bir-bir yanırdı. Mən də oturub papkamda rəsmlər çəkirdim. Soldatlar mənə xüsusi hörmətlə baxırdılar. Oturub çəkirdim. Gecə qışqırış, hay-küy içində şəhərə çatdıq.
Lvov Polşanın qədim paytaxtı idi, çox mədəniyyətli şəhər idi. Sonradan bunu daha yaxşı anladıq. Qəzetlər, bandalar, Azərbaycandan əsgərləri yola salanlar… Stadiona gətirib bizi bölüşdürdülər. Orada adamları seçib hara kim gedəcəyini müəyyənləşdirirdilər. Bir nəfər soruşdu: “Xudojnik kim var burada?”
Əvvəlcə çətin idi, amma bir aya öyrəşdim. Plakatlar, rəngli şriftlər, lozunqlar… Bir paçka qəzet götürüb onlardan köçürməyə başladım. Dostlaşdım, işə alışdım. Artıq səhərdən axşama qədər Leninskaya komnatada işləyirdim. Komandir, ofiser, efreytor, svyazist – hamı məni tanıyırdı. Xudojnik kimi məsuliyyətli işim var idi. Bir gün məni çağırdılar ki, hospitalda Azərbaycanlı əsgərlər var, onların dilini bilirsən, get tərcümə et. Getdim. Gəncəli uşaqlar idi. Bəziləri ağır vəziyyətdə idi, qışqırırdılar, “Arif, biz dəliyik” deyirdilər.
Çoxu sonradan invalid oldu, ruslar onları apardılar. Yalnız iki-üç nəfər normal qaldı.
Axşamlar saat 16:00-dan 01:00-a qədər şəkillər çəkirdim. Üç il belə keçdi. Sonra başqa yerə keçdik. Orada bir rus oğlan xudojnik idi, onu köməkçi götürdüm. Bir də yəhudi musiqiçi (pianinoçu) var idi. Onu da götürdüm. Üç nəfər divizionun bütün işini görürdük – plakatlar, divar bəzəkləri və s. Bir yəhudi mayor (Şenqman) məni evinə apardı, uşaq otağını bəzəmək üçün. Orada üç ay qaldım. Yaxşı yemək, ana yeməyi, smetan, yumurta… Geyimi də dəyişdilər.
Ofiser kimi vəzifəm var idi. Sonra üç il bitdi, amma bizi Çinin sərhədinə, Vladivostokdan o yana, çölün düzünə göndərdilər (Brejnev dövrü, 1964-cü il hadisələrindən sonra). Orada da işlədim. Ofiserlərin uşaqlarına rəsm dərsi deyirdim. Lenin-Şuşa mövzusunda lövhələr düzəldirdik. Uşaqlar, taciklər, saatçı, sapoşnik – hamı ilə dostlaşmışdım. Starşina ilə də yaxşı münasibət qurmuşdum. Bir gün ona yağdan qənaət etmək sxemini göstərdim. Hər gün 10 manat qazanırdıq. Dostlaşdıq. İki il də orada keçdi.
- Gələndən sonra necə, qoyub getdiyiniz ab-hava qalmışdımı?
- Gəldim Bakıya. Üçüncü kursa girməli idim. Allah rəhmət eləsin, rəfiqəm Vəziyyət Səmədova var idi. Əri yaşlı rəssam idi. Bir dənə təsbeh əlində şaqqıldada-şaqqıldada gəzirdi. Köhnə Bakı üslubunda mənə baxıb dedi: “Bunlar hardandır?” Dedim: “Əsgər idim”. Çağırdı uşaqları. Dedi: “Başınız xarabdır, çəkə bilməzsiniz belə?”
Sınaq imtahanı verdim, yarım il oxudum. O vaxt axşam məktəbində onilliyi qurtarmışdım, attestat almışdım. Üç il əsgərlikdən sonra birinci kursa qəbul olundum. Çünki sonra iki il işləmək lazım idi, müəllimlik, rəsm müəllimliyi üçün. Mən oxudum, attestat aldım, yarım il də oxudum. Attestatla birlikdə İnşaat Universitetinə girdim.
Əsgərlikdən sonra bu dövr belə keçdi. Gətirdiyim əsərlərə uşaqlar baxırdılar. Əvvəldən yaxşı çəkdiyimi bilirdilər. Orada gündə idmançı kimi məşğul olurdum. Bəzən gündə beş, üç tipaj çəkirdim. Çox maraqlı üzlər, xarakterli portretlər var idi. Onları çəkirdim. Çox yaxşı qəbul olundu. Üç yarım il oxudum. İmtahanları verdim, kursları keçdim. Vaxt belə keçdi.
- Əsərlərinizdə əsasən nəyi çatdırmağa çalışırsınız?
Sənə bir şey deyim. Əvvəllər çox düşünürdüm. Üzeyir Hacıbəyovu, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri çox sevirdim. Nəyə görə? Çünki onlar Azərbaycanın neft bumu dövründən sonra formalaşan yeni mühitində böyük rol oynadılar. Neft gəldi, insanlar gəldi, Bakı dəyişdi. Məktəblər açıldı, teatr yarandı, “Leyli və Məcnun” səhnəyə qoyuldu. Cəlil Məmmədquluzadənin portretini də işləmişəm.
Onlar Azərbaycan millətinin formalaşmasına xidmət etdilər. Cəmiyyətin mənfi tərəflərini tənqid edir, insanları maarifləndirirdilər. Bu maarifçilik hərəkatı nəticəsində 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandı. Onların zəhməti böyük idi. Çünki əvvəl tarix bir az fərqli təqdim olunurdu.
Mən də düşündüm ki, əvvəlcə marağım olan sahədən – folklordan başlayım. Nağıllara marağım var idi. Nağıllar üzərində işlədim. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Otuz Azərbaycan nağılı”nı hazırladım və ingilis dilində çap etdirdim. Həmin üslubda davam etdim.
Sonra Məhəmməd Füzuli və Nizami Gəncəvinin yubileyləri oldu. Onlarla bağlı xeyli əsərlər hazırladım. Bu əsərlər hazırda Gəncədə muzeydə saxlanılır. Daha sonra diqqətim Mirzə Ələkbər Sabirə yönəldi. Onun üzərində işləməyə başladım. Adətən yubileylərdən bir neçə ay əvvəl tapşırıq verilir, amma Sabirin yubileyi ilə bağlı sərəncam il yarım əvvəl çıxmışdı. Bu da mənə geniş işləmək imkanı verdi.
Ümumiyyətlə, belə bir ənənə var: bir rəssam klassik bir şairi geniş şəkildə işləyir. Mən də Sabiri bu şəkildə işləmək istədim. Nazirliyin bu istiqamətdə nə etdiyini də araşdırdım. Kitabın yarısını özüm illüstrasiya etdim. Daha sonra təsviri incəsənətdə bir albom da buraxdıq.
Siz qeyd etdiniz ki, mən keçmiş ənənələrlə müasirliyi birləşdirirəm. Bu doğrudur. Biz tariximizi bilməliyik. Son 30-35 ildə müstəqillik dövründə tariximiz yenidən yazılır. Mən də çalışıram ki, bu tarixi müasir yanaşma ilə təqdim edim.
Mövzularım müxtəlifdir: nağıllar, tarix, ədəbi irs. Məsələn, “Leyli və Məcnun”, rubailər, klassik irs – bunların hamısı mənim üçün mərhələlərdir. Qarabağ mövzusu da əsərlərimdə yer alır. Orada musiqiçiləri də çəkmişəm, hamısını gənc obrazda təsvir etmişəm. Məqsədim odur ki, keçmişdə böyük şəxsiyyətlərin qoyduğu yolu davam etdirim və bu tarixi yenidən cəmiyyətə təqdim edim.
Mən pafosdan uzağam. Hər şeyi səmimi və düzgün şəkildə demək lazımdır. Hazırda da işlərim davam edir. “Novruz” seriyası üzərində çalışmışam və bu xətti davam etdirmək istəyirəm. Planlarım çoxdur və onları həyata keçirmək istəyirəm.
Yaş məsələsinə gəldikdə isə, düşünürəm ki, yaş artdıqca mövzuya yanaşma dəyişə bilər, amma əsas olan motivasiyadır. Rəssam üçün yaşamaq və yaratmaq özü böyük motivasiyadır. Mən sakit həyat yaşayıram, intriqadan uzağam. İnsanların nə dediyinə çox fikir vermirəm.
Vaxtımı boş şeylərə sərf etmirəm. Zarafatla demişəm ki, mən domino oynamağa vaxt tapmaram. Sadəcə, bəzən bağda gecələr nərd oynayıram. Amma əsas diqqətim yaradıcılıqdadır.
Bu sualı verdiyinizi başa düşürəm – mövzu baxımından. Mənim üçün əsas olan odur ki, tariximizi yaşadım, onu sənətdə ifadə edim və gələcək nəsillərə çatdırım.
- Elə mövzular varmı ki, yaşa dolduqca daha işləmirsiniz? Yaxud cavanlıqda başqa mövzularda çəkirdiniz, indi başqa?
- Mən sizə deyim ki, planlarım çoxdur. Bu xətti davam etdirmək istəyirəm. Bizə kömək olunsun ki, bu planları həyata keçirək. Yaşamağın özü də böyük motivasiyadır. Ona görə mən çox ünsiyyətcil, pozitiv adamam. İntriga, dedi-qodu mənə yox dərəcəsindədir. Mənim haqqımda nə danışırlarsa, fikir vermirəm, eşitmirəm də. Bir dəfə zarafatla dostlarıma və ailəmə demişəm ki, mən bu yollarda domino oynamayacağam. Vaxtım yoxdur. Sadəcə bağda hər gün gecələr bağbanla nərd oynayıram.
Bir dəfə bir proyektimdən danışım sizə. Mənim bir nəvəm var. Oğlum Orxan Hüseynov rəssamdır. Nəvəm bir yaşına çatanda məndən soruşdular: “Baba, nəvənə nə arzu edirsən?” Dedim: “Babanın villası yoxdur, bankda hesabı da yoxdur. Amma hər il onun ad günü üçün portretini çəkəcəyəm. On səkkiz yaşına qədər. Bu da mənim ona cehizim olacaq”.
Folklordan gələn bir şeydir bu. İndi on üç portretini çəkmişəm, beş dənə qalıb. Hər il yanvarda aparır, verirəm. Bu da mənim üçün böyük motivasiyadır. İlham pərisi məsələsinə gəlincə… Qədir Mustafayev (Allah rəhmət eləsin) deyirdi ki, qonşuda bir pəri var idi, o da rəhmətə getdi. Bunlar hamısı boş şeydir. İlham pərisi o vaxt gəlir ki, səni bir şey tutur – maraqlı bir obraz, həyatdan bir epizod, bir xatirə və s.
Mən Mikayıl Abdullayevin tələbəsi olmuşam. Sonra dostlaşdıq. Bir gün məni çağırdı ki, Əliağa Kürçaylı istəyir ki, “Hophopnamə”ni illüstrasiya edəsən. Mən əvvəlcə istəmirdim. Dedim: “Siz ayrı, mən ayrı. Bəlkə qənaət olmadı”. Amma o israr etdi. Ulduz jurnalında işlərim çox çap olunurdu. Getdim, eskizlər hazırladım, göstərdim. Bəyəndi. Qırxa yaxın iş elədim. Kitab çıxdı, sərgi də keçirdik.
Bir də dostum var – əməkdar incəsənət xadimi, karikaturist. Dedim ona: “Sən Əzimzadə xəttini apar, mən də öz tərəfimdən”. Bir az çəkindi, amma razılaşdıq. Sabirin ev-muzeyinə (Şamaxıda) hədiyyə etdik. Məktəbi itirmədik. Bu “Hophopnamə” mənim üçün çox maraqlı oldu. Yaradıcılıqda belə əhval-ruhiyyə vacibdir. Yaşamaq, sevmək, motivasiya… Bunların hamısı sənətə sevgidən irəli gəlir. Mənə tez-tez sual verirlər: “Bu qədər işi neçə vaxta çəkirsən?”
Cavabım sadədir: xəbərim olmur. Bəzən bir həftə, bəzən on gün, bəzən üç gün. İşləyəndə vaxtı unuduram. Çünki ləzzət alıram. Əziyyət çəkmirəm, zövq alıram. Həyat fəlsəfəsi kimi baxıram sənətə. Yaradırsan – yoxdan var edirsən. Ağ kətan qoyursan qarşına və mübarizəyə başlayırsan. Yeni bir həyat yaradırsan. Nə qədər sevsən, o qədər yaxşı alınır. Sonra tamaşaçıya bioenerji ilə keçir. Yüzlərlə əsərin içindən bəzilərinin qabağında dayanırlar. Demək ki, orada canın qalıb.
15:59 04.05.2026
Oxunuş sayı: 1239