Reseptsiz dərman satışı nə qədər təhlükəlidir?
Bir çox hallarda vətəndaşların əczaxanalardan reseptsiz dərman əldə etməsi artıq adi praktikaya çevrilib. Lakin bu tendensiya ilk baxışda rahat görünsə də, əslində ciddi sağlamlıq riskləri yaradır.
Həkim nəzarəti olmadan qəbul edilən dərmanlar xəstəliyin düzgün müalicə olunmamasına, ağırlaşmalara və hətta təhlükəli fəsadlara səbəb ola bilər.
Bu vəziyyət isə həm vətəndaşların sağlamlığı, həm də dərman dövriyyəsinə nəzarət baxımından əczaxanalara tətbiq olunmalı məhdudiyyətlər məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı professor, səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

“Əvvəla, apteklərin sayı həddən artıq çoxdur. Ərazi bölgüsü nəzərə alınmadan yerləşdirildiyi üçün bəzən onların arasındakı məsafə olduqca qısa olur və bu sahədə heç bir ciddi planlaşdırmaya əməl edilmir.
Nəticədə bütün apteklər özəl sektora aid olur və vergi ödəyicisi kimi fəaliyyət göstərir. Belə bir şəraitdə apteklərə qarşı sərt restriksiyalar tətbiq olunarsa, yəni onların fəaliyyəti müəyyən çərçivədə məhdudlaşdırılarsa, bu, bir çox apteklərin iflasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün ilk növbədə apteklərin yerləşdirilməsi ərazi bölgüsü prinsipi əsasında tənzimlənməlidir.
İkinci mühüm məsələ isə apteklərin icbari tibbi sığorta sisteminə cəlb edilməsidir. Bu halda vətəndaşlar icbari tibbi sığorta paketi çərçivəsində istənilən aptekdən dərman ala bilərlər.
Bu yanaşma apteklərin fəaliyyətini davam etdirməsinə, bazarda qalmasına və ümumilikdə sistemin sabitliyinə müsbət təsir göstərər.
Dərmanların satışı məsələsinə gəldikdə isə, dünya təcrübəsində olduğu kimi, reseptlə satış prinsipi əsas götürülməlidir. Reseptsiz dərman satışının geniş yayılması məqsədəuyğun deyil.
Xüsusilə, insanlar antibiotiklər və digər güclü təsirə malik preparatları nəzarətsiz şəkildə istifadə etdikdə, bu, ciddi sağlamlıq fəsadlarına gətirib çıxarır”.
Ekspert əlavə edib ki, bu baxımdan, reseptlə satılmalı və reseptsiz satıla bilən dərmanlar arasında aydın bölgü aparılmalıdır:
“Beynəlxalq təcrübəyə əsasən, yalnız bəzi sadə dərmanlar – məsələn, parasetamol, aspirin və ibuprofen reseptsiz satışda ola bilər.
Hətta bu tip dərmanların müəyyən hallarda marketlərdə satışı da mümkündür. Lakin digər bütün dərman preparatları mütləq şəkildə resept əsasında verilməlidir. Bu, həm xəstələrin təhlükəsizliyi, həm də dərman istifadəsinin nəzarətdə saxlanılması baxımından vacibdir. Nəticə etibarilə, apteklərin yerləşdirilməsi, fəaliyyət standartları, dərman dövriyyəsinə nəzarət və saxlanma qaydaları ciddi şəkildə tənzimlənməlidir.
Bu tələblər təmin edildiyi halda, apteklərin icbari tibbi sığorta sisteminə inteqrasiyası həm sektorun davamlılığı, həm də vətəndaşların keyfiyyətli xidmət alması üçün zəruri addım kimi qiymətləndirilə bilər”.
Ayhan
15:00 29.04.2026
Oxunuş sayı: 79